18 Dekabr 2017 21:00
600

Anamın səsiydi, qulaq batırırdı. Xalamın həyat yoldaşı təzə tikib, hələ yığışmadıqları evə işıq xətti çəkmək istəyəndə cərəyan vurub, qaz borusunun üstünə atmışdı. Necə ola bilərdi, axı? On dəqiqə əvvəl onlardan gəlmişdim. Dayım (ona dayı deyirdim) həyətdə sapsağlam idi.

Bu hadisə baş verəndə balaca qardaşımın həyatımıza gəlişini gözləyirdik deyə, anama çox həyəcanlanmaq, ağlamaq olmazdı. Amma o elə hey başına-dizinə çırpıb, "bacımın evi yıxıldı" deyirdi. Xalam ilk itkiyə alışmamış ikinci itki ona ölüm kimi idi bəlkə də. Çox qısa zamanda körpə oğlunun ardınca, vaxtilə çətinliklə qovuşduğu sevgisini, qızının atasını itirdi.

Bu baş verən amansız hadisələr fonunda xalam qızı olanları dərk edirdi. 5 yaşında olanda nə olar. Mən də elə böyük deyildim. 9 yaşım vardı, amma mən olanları hər nə qədər dərk edirdimsə də, ölümün nə fiziki, nə də mənəvi cəhətdən necə bir proses olduğunu bilmirdim.

Sanki bu dünyadan xalamın ruhu ayrılmışdı. Keyimiş kimi çox vaxt bir nöqtəyə zillənər, ixtiyarsız gözündən yaş süzülərdi. Bir az ayılıb sızıtlını dərk edəndə isə əlinə keçən hər şeyi sanki acığını çıxırmış kimi vurub yıxardı.

Elə bir neçə gün öncə məhəccərin dibinə gözəllik verən güllər artıq ayaq altında əzik-üzük idi. Bu olanları görüb, dayımı xalama necə qaytara biləcəyimi düşünürdüm. Kiçik beyinimdəki fikirlərlə bir də görürdüm ki, evimizin ikinci mərtəbəsindəki böyük aynanın qaşısında oturub, özlüyümdə həll yolları axtarıram. Qəribəsi o idi ki, mən dayımı necə tapacağımı, ümumiyyətlə harda axtaracağımı belə bilmirdim. Beynimdəki isə ancaq dayımı xalama necə təqdim edib sevindirə biləcəyim idi.

"Bəlkə dayımı gizlədib, xalamı çağırıb ona sürpriz edim. Xalam çox sevinəcək”. Hər şey gözümün önündə canlanırdı. Xalamın dayımı necə qucaqlamağı, ağlamağı və gözlərindəki dünya boyda təəccüb gülüşü. Mən o gülüşü belə görürdüm. Ancaq və ancaq dayımı necə tapmağı dəqiq fikirləşməmişdim. Hərdən bir səs beynimə pıçıldayırdı ki, necə tapmağı da düşün. Amma mən saatlarla güzgünün qarşısında fərqli formalarda xalamla dayımı qovuşdururdum. Beynimdəki səsə də tez: "Sən dayan, gözəl anları pozma. Onu sonra da tapmaq olar. Əsas odur ki, dayımı xalama gətirəcəm. Xalam qızı atasını görüb, sevinəcək" cavabı verib, yenə- yenə fikrə dalırdım.

Ancaq mən dərk edəndə ki, fikirləşdiklərim, niyyətim ancaq bir xülyadır, çox sarsıldım. Axı mən, axı mən onu tapacaqdım. Ancaq tapa bilmədim. Mən böyüdüm, fikirlərim böyüdü, ancaq tapa bilmədim...

Əziz xalam, bağışla ki, dayımı sənə tapıb gətirə bilmədim. Amma əminəm ki, sən nə vaxtsa onu görəcəksən. Həmin görüş, mən fikirlərimdə tutduğumdan da gözəl olacaq.


Müəllif: Şəfiqə Nazimqızı