20 Dekabr 2017 15:00
3 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər şey sürətli inkişaf mərhələsinə qədəm qoyduğu kimi, reklam siyasəti də özünün intibahını yaşayır.

Yaxşı bilirik ki, bu gün istənilən məhsulu reklam etmək çox asandır. Artıq istehsalçılar məhsullarını reklam etmək üçün əvvəlki kimi böyük vəsait ayırmırlar. Hər hansı məhsulun ətrafında kiçik bir qalmaqal yaratmaq kifayət edir ki, insanlar o məhsul haqda günlərlə, aylarla müzakirə aparsın. Buna misallar çoxdur. Ən məşhuru isə hər kəsin yay-qış həvəslə içdiyi “Koka-kola”dır. Dəfələrlə adı qalmaqallarda hallanır, haqqında əfsanələr uydurulur, di gəl ki, dünyada ən çox satılan sərinləndirici içki olaraq qalır. Bu tendensiya film bazarında da özünü göstərir. Məsələn, türk qardaşlarımızın filmləri kinoteatrlarımıza özündən qabaq hay-küy gətirir. Məşhur komediya filmi “Rəcəb İvedik 5”-i sizə xatırlatmaq istərdim. Filmin treyleri yayımlananda bizim tamaşaçıların etirazına səbəb oldu. Ona görə ki, Rəcəbin boks rinqində döydüyü adam azərbaycanlı obrazı idi. Şahan Göybahar da bu etirazları nəzərə alıb həmin hissələri filmdən çıxartdığını açıqladı. Beləliklə, sular duruldu, film bizim kinoteatrlarda nümayiş olunanda hamı Şahanın bu jestinə qarşılıq kinoteatrlara axışdı.

Bəs bizdə necədir kino bazarı? Bu gün bir müsahibə oxudum. “İkinci pərdə” filminin aktyoru Qorqud Cəfərli filmin piar işlərinin zəif olduğundan danışıb. Hətta bu piar işlərinin radioda getdiyini qeyd edib. Əlbəttə, müqayisə etmək düzgün olmazdı, ancaq gəlin baxaq.

Son bir ayda hamı eyni şeydən danışır, eyni şeydən yazır - “Ayla”. Türklərin Oskara namizəd filmini deyirəm, o hamı gedib baxıb ağlayır e, bax o film. Düzünü desəm, filmin ilk görüntülərinə baxanda çox həvəslənmişdim ki, mən də gedib baxaram. Sonra fikrimdən daşındım. Buna səbəb isə filmi izləyənlərin eyni reaksiyaları oldu. Film kinoteatrlarda nümayiş olunduğu ilk gündən böyük səs-küy yaratdı. Kim izlədisə, ağladı, ağladığını sosial şəbəkələrdə rəsman elan etdi, hər kəsə bu filmə baxmağı məsləhət gördü. Yəni, bir filmin mahiyyəti sadəcə bundan ibarət idimi? İzləyənləri ağlatmaq? Ağlatmağa qalsa “Xaç atası” da ağladır, “Titanik” də, “Qladiator” da. Ancaq hər kəs o filmlərdəki rejissor, operator işindən, ssenaridən, aktyorların bənzərsiz ifalarından daha çox danışmırmı? Həm də ağlamaq üçün 70-ci illərin hind və türk filmlərinə baxmaq daha doğru olmazmı? Bəs, sizə elə gəlmirmi ki, “Ayla”nın Oskar tələsinə düşdünüz?

Mən sizə bu cür təsir gücünə malik bir xeyli film göstərə bilərəm. Sizi inandırım ki, türklərin bu filmi çəkməkdə məqsədi Oskar almaq deyildi. Film 10 gün ərzində 1 milyon tamaşaçı sayını keçərək izlənmə rekordu qırıb. Həmçinin iki həftə ard-arda kassada bilet satışına görə lider olub. Türkiyə film tarixində isə son 16 ilin ən çox baxılan ekran işi seçilib. Azərbaycanda da kifayət qədər izləyici topladı. Artıq əminliklə demək olar ki, film öz büdcəsindən 2-3 qat artıq gəlir də əldə edə bilib. Elə qardaşlarımıza da bu lazım idi. Halal xoşları olsun. Biz onsuz da onların hər uğuruna onlardan daha çox sevinirik. Sadəcə, başa düşmədiyim bir məsələ var, necə olur ki, dünənə qədər Kənan MM-i “ağlamaqdan utanmayın” dediyinə görə tənqid edən kütlə bu gün “Ayla”ya baxandan sonra ağlayır və bir-birinə ağlamağı məsləhət görür.

Amma ağlamaqdan utanmadığınıza görə sevindim. “Ayla”nın Oskara namizəd filmlərin qısa siyahısına düşə bilməməsinə görə isə utandım. Ona görə utandım ki, bizim tamaşaçıların nəzərində yaxşı film, adamı ağlatmağı bacaran film imiş. Dünya isə bu ədalətsizliyə bu dəfə dözmədi...


Müəllif: Xəzər Süleymanlı