25 Dekabr 2017 09:15
2 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan qəribə məxluqdu, sözlə kifayətlənmir, heç gördüyünə də yüzdə-yüz etibar eləmir. İnsan hiss eləmək istəyir...

Bu vaxtacan Alim Qasımovun intervülərini oxumuşdum; efirdə, internetdə ifalarını, müsahibələrini görüb-dinləmişdim, ancaq bunlar azlıq elədi. Alimlə görüşməyi arzuladım.

Bu arzunun gerçəkləşməsinə mədəniyyət yazarımız Nərmin Muradova yardımçı oldu.

Yazım-yazmayım deyə indi beynimdə səssiz fal açıb çöp atdığım, axırda yazmağa qərar verdiyim bir-iki nüansı da qeyd eləyim. Həm görüş vaxtı, həm də görüş yeri – hərəsi bir dəfə dəyişdi. Bir gün sonraya keçirilən və Zabitlər bağına təyin olunan müsahibəni biz həmin gün hava çox soyuq olduğuna görə Alim Qasımovun öz təşəbbüsü və dalımızca göndərdiyi maşının hesabına gedib ofisdə, par-par parıldayıb, gur-gur yanan ocağın qırağında götürəcəkdik.

Müsahibədə həmsöhbətimiz deyəcəkdi: “Mən üşüyən adamam”. Ürəyimdə təsdiqləyəcəkdim: “Mən də...” Qəfləti simmetriya, analogiya, uyğunluq kimin xoşuna gəlmir ki?

Yekəlik çıxmasın, mənim adına müsahibə deyilən, adam danışdırmaqdan ibarət media janrında tez-tez istifadə elədiyim bir peşə “sirrim” var. Bəzən bir-iki köməkçi sual verirəm ki, proqnozlaşdırdığım cavaba uyğun daha əsas sual üçün zəmin yaransın. Beləliklə, çalışıram müsahibənin daxili strukturu, süjeti yaransın, söhbət “dairəvi” dolanmasın, hardansa başlayıb harasa gəlib çıxsın. Əslində bu, çox jurnalistin istifadəsində olan üsuldu.

Ancaq Alim Qasımov müsahibə zamanı bəlkə sövqi-təbii, bəlkə də bilərəkdən bu strukturu vurub dağıdırdı; hər dəfə o, gözlənilən yox, gözənilməz cavabı verirdi.

Belə tərzi məlum həqiqətin ziddinə getməklə, çayı əksinə üzməklə hasil olan bəsit orijinallıq kimi də qiymətləndirməzdim.

O, deyəsən, orijinallığı qayət xoşlayır, amma bu özünəməxsusluğa nail olmaqçun da əlavə çaba göstərir və çalışır ki, həmişə öz variantını irəli sürsün. Bu dialoq-prosesdə o, daha çox, mənim zənnimcə, ilhamına güvənir. İlhamından kömək istəyir, ilhamı da ona kömək olur. Bir az mistik görünür, di gəl, elə o cürdü.

***

Biz ofisə çatıb içəri girdik, müsahibimiz “gözlənilməz üçüncü”yə, yəni mənə (dediyim kimi, görüşün təşkilatçısı mən deyildim, siyahıda bir müxbir, bir də fotoqraf vardı, indisə üç nəfərdik) şübhəylə baxa-baxa, hətta Nərmin xanımın məni xüsusi təqdim eləməsindən sonra da tez-tez üzümə zillənib, zarafat tonunda bu sözlə hamımızı tələsdirirdi: “Yaxşı-yaxşı, getdik, “brat”, getdik...”

Bunu, bundan sonrakını, hətta axırda həqiqiliyiylə qəlpliyini tam seçə bilmədiyim qəribə jestlərini bir tərəfə qoyaq, müsahibədə məni təəccübləndirən bir əsas məqam oldu. O, mənim düşündüyümün əksinə, qayıtmağa yox, həmişə, yaşının bu çağında da GETMƏYƏ hazır adamdı. Keçmişi sevmir, daim başqa, fərqli, daha rahat bir dünyanın peşindədi və məncə, bu reseptlə şüuru qəlbini, qəlbi şüurunu, o özü də bizi aldatmır.

O, ilhamının böyük adamıdı!

***

Gələk müsahibənin axırına. Söhbətin təxminən sona çatdığı məlum olanda Alim Qasımov qəfildən ayağa qalxdı, “boğazım ağrıdı” deyib, bizə “bitdi” işarəsi verdi, daha heç nə danışmadı. Açıq-aşkar heç nə danışmadı... Nə söz soruşduq, əliylə boğazını göstərdi, yəni boğazım ağrıyır, danışan deyiləm.

Və otaqdan çıxdı. Bir də qapının ağzında dayanıb: “Xoş getdiniz...” dedi.

Amma “brat” demədi...

***

Bilmirəm Füzulinin bu beyti ağlıma hardan düşüb. Elə hey beynimdə təkrarlanır. Həmin müsahibəyə, görüşə, Alim Qasımova, hətta bu köşəyə heç bir aidiyyəti olmasa da, yazacam. Mən də ürəyimi boşaltmalıyam, ya yox?..

Bu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,

Şəhrə düşmüş mən səni sevdim deyən avazələr...


Müəllif: Qurban Yaquboğlu