28 Dekabr 2017 14:54
3 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maaşdan-maaşa borcla yaşayan adamlarıq, ağzımızın çörəyini güclə çatdırırıq, uşağın biri sağalır, o biri xəstələnir, sabaha heç bir ümidimiz yoxdur.

Hərənin bir yalanla başını dolandırdığı belə bir zəmanədə isə Yazıçılar Birliyinin Qazax filialının rəhbəri, tanınmış şair Barat Vüsalın AYB sədri, xalq yazıçısı Anara yazdığı “Anar dastanı” şeiri müzakirəyə çıxarılması doğrudan da yersiz və gülməli görünür. Keçi can hayındadır, qəssab piy axtarır.

Vaxtilə başqa bir şairimiz Vaqif Bəhmənlinin nazir Əbülfəz Qarayevə yazdığı şeiri ictimai müzakirəyə çıxardıb onu vəzifəsindən azad etdirdikləri kimi, Barat müəllimi də ilin-günün bu vaxtında çörəksiz qoymaq istəyirlər. Bu şeirləri ən çox hay-küylə camaata təqdim eləyən, yayan adamların çoxunu isə şəxsən tanıyıram. Əksəriyyəti susmuş, heç bir vətəndaş mövqeyi olmayan, gözünün qabağında baş verən hadisələri görməzdən gələn adamlardır, lazım gələndə isə özləri elə ustalıqla yaltaqlanırlar ki, nə şiş yanır, nə də kabab. Guya səmimidirlər, guya həqiqəti yazırlar. Amma Barat müəllim mərkəzdən 500 klometr uzaqda yaşadığına görə ola bilsin ki, yaltaqlanmağın yolu, təhərini yaxşı öyrənməyib. Mənə ən çox pis təsir edən də bizim usta yaltaqlarımızın naşı yaltaqlara irad bildirməsidir.

Barat Vüsalın Anar müəllimə yazdığı şeiri mən də bədii cəhətdən zəif hesab edirəm, eləcə də Vaqif Bəhmənlinin məlum-məşhur şeiri də onun istedadlı şair qələminə yaraşmamışdı. Ancaq buna baxmayaraq, onların öz hislərini bu şəkildə ifadə etmələrində heç bir qəbahət görmürəm. Yazıblar, yaxşı eləyiblər. Biz onları niyə qınamalıyıq ki? Məgər Anar müəllim elə-belə adamdır, uşaq-muşaqdır? Barat Vüsalın onun haqqında yazdıqlarının hansı biri yalandır? Anarın kəmiyyətcə də, kefiyyətcə də böyük bir yaradıcılıq irsi var və bunu heç kim inkar eləyə bilməz. Özü də bu yaxınlarda ağır bir əməliyyatdan çıxıb, ömrünün böyük bir hissəsini yaşamış ağsaqqal kişidir. Barat müəllimə də həmişə yaxşılığı keçib, aralarında dərin dostluq münasibətləri var. Olmazmı ki, ona bir şeir həsr etsin və hislərini də ürəyi istədiyi kimi ifadə eləsin? Buna görə sizlərdən icazə almalıdırmı? Bəs yaradıcılıq azadlığı nədir?

İkincisi, hər kəsin yaradıcılıq azadlığı olduğu kimi yaltaqlanmaq azadlığı da var. Biz elə bir zəmanədə yaşayırıq ki, kiməsə yaltaqlanmasan, bilirəm ki, mümkün deyil. Çünki şərtlər bunu tələb edir. Düzdür, mən hələ gəncəm, orda-burda xırda yaltaqlıqlarım olsa da, böyük bir yaltaqlıq məktəbi keçməyimə yaşım imkan vermir. Amma onu da bilirəm ki, yaşa dolquca, təcrübəm artdıqca o qədər adamlara yaltaqlanacağam ki... Uşağımın universitetdə problemi olacaq, gedib dekana yaltaqlanacam. Əsgərlikdə problemi olacaq, gedib komandirə yaltaqlanacam. İş yerində problemi olacaq, gedib müdirinə yaltaqlanacam. Lazım gəlsə, dekana da, komandirə də mədhiyyələr yazacam. Bu mənada məni hansı günlər gözləyir, dəqiq bilirəm. İnşallah, ömür vəfa etsə, 80 yaşımda yaltaqlıq üzrə qara kəmər ustası olacağıma söz verirəm!


Müəllif: Kәramәt Böyükçöl