4 Yanvar 2018 15:50
2 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda müəllimimiz naxoşlamışdı, ona görə də magistr tələbələrdən biri onun dərsini əvəz etməyə gəlmişdi. Tələbənin tələbələrə mühazirə oxuduğu bir dərsdə necə oldusa Nizami Gəncəvi və Məhəmməd Füzulidən söz düşdü. Müəllimə deyir, Füzuli eşqi daha gözəl qələmə alıb deyə mən onu Nizamidən üstün hesab edirəm. Bu dəm aləm dəydi bir-birinə. Sual etdik ki, müəlliməcan, bəs Füzuli eşqi necə daha gözəl yazıb? Daha gözəl deyəndə nəyi nəzərdə tutursunuz? Deyir, daha ali. Soruşduq ki, daha ali nə deməkdir? Qayıtdı ki, daha sufiyanə. Və auditoriyada qulaq batıran uğultu başladı.

Mən elə tələbələr tanıyıram ki, gələcəkdə qayınanasının, baldızının yanında öyünməkdən, tərpənən kimi başlarına qaxınc etməkdən ötrü universitetə hazırlaşır, girir, hələ magistr də oxuyur. Ailə üçün, iş üçün, mağazada alış-veriş üçün, rəfiqələr üçün və ən əsası ər üçün! Mühazirəsindən görünürdü ki, dərsimizi əvəz etməyə gələn müəllimə də həmin magistrlardan biri idi.

Daha ali, daha sufi nədir, Allah eşqinə?! Bu düşüncə kimin səhvidir? Əlbəttə, Füzuli şeirlərini tərcüməsiz, izahatsız, başdangetdi oxuyanda, Nizamini isə Səməd Vurğunun tərcüməsində sanki meyxana deyirmiş kimi əzbərdən deyəndə belə olacaqdı. Deyir, mən Nizamini anlayıram, öz dilimzidir, amma Füzulinin dili çətindir, izafətlər çoxdur. Soruşuruq ki, ay müəll, (niyə müəll? Çünki anlayırıq ki, bu magistr tələbə müəllim sözünü yarısını itirib) axı Nizami farsca yazıb, siz onu tərcüməsiz necə anlaya bilərsiniz? Necə deyə bilərsiniz ki, dili asandır, məgər farca bilir və Nizamini farscadan oxuyursunuz? Deyir, bu nədir, sizin heç müəllimə hörmətiniz yoxdur?

Hörmət məsələsinə gəlincə isə deyim ki, bu, çox incə prosesdir. Baxmayaraq ki, hörmət sözündən zəhləm gedir, çünki bu sözün ifadə etdiyi məna nisbidir. Hörmət məfhumu bizim mentalitetimizə o qədər uyğunlaşdılıb ki, artıq hörmətin nə olduğunu, necə olduğunu yadırğamaqdayıq. İnsanlar üçün hörmət odur ki, durub üzünə dədəni, ananı söyüm, sən başını aşağı sal, qıpqırmızı qızar, cavab vermə və iki saatdan sonra gülə-gülə gəl ki, filankəscan, üzr istiyirəm, axı sən mənim ailəmi söydün. Qadan alım, qurban olum, nə yaxşı sən mənim dədəmi ağlar günə qoydun, anamı hardan hara sürüdün, nələr yapışdırdın. Bax, bu olur hörmət qoymaq.

– Müəll, necə deyə bilərsiniz ki, dili asandır, məgər farca bilir və Nizamini farscadan oxuyursunuz?

– Bu nədir, sizin heç müəllimə hörmətiniz yoxdur?

– Səhv deyirəm?

– Əlbəttə, səhv deyirsən. Sən məndən çox bilirsən? Mən səhv söz danışmaram.

– Necə yəni, siz səhv söz danışa bilməzsiniz, yoxsa fövqəltəbii, fövqəlbəşəri ilahi adamsınız?

Axı bu dialoqda hansı hörmətsizlikdən söhbət gedə bilər? Bu mənada hörmət sözü çox mənasızdır. Yeri gəldi-gəlmədi hörmət sözünü üzümüzə şillə kimi vururlar. Ailədə, yolda, dərsdə, işdə, marketdə...

Hələ bu cür də deyirlər: “Mənə hörmət qoymursuz, heç olmasa, özünüzə hörmət qoyun”. Görəsən, hörmət qoymaqmı daha uyğundur, hörmət etməkmi? Bu məsələdə qərarsızam. Amma məncə, hörmət etmək daha yaxşı səslənir. Hər halda dırnaqda yazdığım yuxarıdakı cümlə qədər həyatımda istedadsız, ruhsuz, təxəyyülsüz, təfəkkürsüz, düşüncəsiz ifadə eşitməmişəm.

Bütün hallarda Azərbaycan gəncliyi hörmətli olmağa can atır. Magistraturaya hazırlaşan da, ailə quran da, uşaq dünyaya gətirən də, hətta sevən də. Sevgililər belə bir-birinə hörmət etməyə çalışır. Nə deyim, həmişə hörmətli olun. Mən isə istəmirəm, elə hörmət mənə lazım deyil. Heç vaxt da lazımım olmayacaq. Qocalanda da, öləndə də, öləndən sonra da...


Müəllif: Çinarə Böyükçöl