4 Yanvar 17:55
755

Özümlə o qədər danışıram ki, adamlarla danışmağa sözüm qalmır. Bir də baxıram ki, bütün sözləri özümə demişəm. Başqalarına deməyə bir kəlmə də sözüm yoxdur.

Hə, bir də unutqanlıq. Bütün lazımsızlar direllə beynimə oyulub, lazımlı olan hər şeyisə unuduram. Məsələn, sevdiyim musiqi desəniz, telefonumun yaddaşı olmasa susaram. Sevdiyim adam. Yenə susaram (bunu unutduğum üçün yox, olmadığı üçün).

Nəysə, ən çox danışmaq istədiyin adamın yanında danışmağa söz tapmayıb susursan. Sən susarsan, amma ürəyin qabırğanın altında döyünər. Qəribə hisdir.

İnsanlar fərqlidirlər. Xasiyyətlərinə, şəxsiyyətlərinə, alçaqlıqlarına, bir də qoxularına görə fərqlənirlər. Öz qoxusu olan adamlar olur. Məsələn, nənəmgilin evindən həmişə qəribə bir sevgi qoxusu gəlirdi. O qoxu adama insanlığı, sevgini xatırladırdı. Amma nənəm öləndən sonra artıq o qoxu da yox oldu. Onda anladım ki, bu, evin yox nənəmin qoxusu imiş.

Belə adamlar çoox az olur.

...O adamı ilk dәfә qoxusuna görə sevmişdim. Qəribə qoxusu vardı. Bütün ətriyyatçılarda axtarıb da tapa bilmədiyim qoxu. Sonralar anladım ki, bu ətrin deyil, güvənin qoxusu imiş. O qoxunun arxasına düşüb ta o dünyayacan getmək olar. O dünya çox uzaq idi deyə öz dünyasına getdik.

Yazıb bitirə bilmədiyin hissin adı böyükdü, həm də lap böyük, illərin, bəlkə də əsrlərin ta o başından boylanır.

Əsrlərcə yaşı olan o adamdan yazmaq istəyirəm, amma olmur, gücüm çatmır.

İlk dəfədir belə bir yazıya cəhd edirəm. Əslində, sevgi də deyil bu, başqa şeydi, doğmalıq. Əsrlər qədər yaşı olan bu adamı mən doğmuşam sanki! İllərdi içimdə gəzdirmişəm, böyütmüşəm, sonda məndən yaranıb. Hə, məndən yaranıb, min yaşlı birini illərcə özümdə gəzdirmişəm mən və sonunda bu dünyaya gətirmişəm. Əli ağrısa, hiss edəcəkmişəm, başı ağrısa, duyacaqmışam kimidir.

Amma onun daha çox barmaqları ağrıyır, barmaqları... Əlləri çox maraqlıdır. Məsələn, mən öz əllərimə baxanda özümə yazığım gəlir. Hər əlin öz hekayəsi var, alarsan əlini ovcuna, barmaqlarının ucundan yorğunluq tökülər ətrafa. Bir adam düşünün: həyat onu barmaqlarının ucuna qədər yormuş!..

O adamlar var ee, axmaq adamlar, ağıllı adamlar, yaxşı adamlar. Bax bu adam isə Hayıf adamdı. Nə cəmiyyət, ətraf ona olduğu qiyməti, dəyəri verə bilir, nə də özü-özünü o qədər qiymətləndirir. Beləcə, hayıf olub gedir.

Hə, Hayıf adamdan danışacam sizə.

Güləndə 3 mörtərzəlik gülür, illərin yığışıb qalmış, bəlkə də daşlaşmış ağrısı, yorğunluğu var üstündə, gözlərində hər zaman bir damla yaş, üzünə baxanda "gözlərinə qurban" deməyi gəlir adamın. Gülüşündə yarım qalmış sevgilər var, yarım getmiş insanlar kimi.

Dünyanın ən təmkinli səbirsizidir. Kimsə gəlib ona "filankəs səndən istifadə edir" desə, təmkinini qoruyar, ağır-ağır gülümsəyərək başını yellədər:

- Mən icazə verməsəm, bunu heç kim edə bilməz, - deyər. O, hər şeyi, hamını görər, amma udar. Boğazını yara-yara udar hər şeyi. Sonra yenə ardınca gülümsəyər. O, hey gülümsəyər, acı çəksə də, ətrafa gülümsəyər, incidilsə də, yörəsinə gülümsəyər. İdmançı bədənə sahib olsa da, ən balaca uşaq belə onu döyə bilər. Necə? Sözlə.

Bir sözdәn məhv olar, bir musiqi ilə alovlanar, bir filimlə enerji yığar, bir şeirlə insanlığı bağışlayar. Qəribə adamdır. Əl barmaqlarına qədər yorulmuş adam, saçına qədər ağrıyan adam bütün insanlığın ağrısını ciyərlərinə çəkib yaşayan bu hayıf adamı qınayan olmasa, acığını göz yaşlarından çıxarcasına hıçqırıb ağlayar. Hərdən mənə elə gəlir ki, başqa planetdən gəlib.

Əlimlə bütün üzünü, bədənini əzbərləyirəm. Çünki əlimin yaddaşına daha çox etibarım var.

Qəribə hisdir. Gecədir, qorxudan yatmırsan. “Yataram, hər şey yadımdan çıxar” qorxusu ilə.

Hər kəsin illərdi içində böyütdüyü o min yaşlı körpə bir gün mütləq ki, gələcək. Barmaqlarına qədər yorulmuş halda, incidilmiş halda gələcək. Sizdən yaranan, içinizdə böyütdüyünüz o parçaya möhkəm-möhkəm sarılın. Dünyanı nə gözəllik, nə də sevgi xilas edəcək. Dünyanı bu doğmalıq xilas edəcək!


Müəllif: Çinarə Ömray