9 Yanvar 2018 14:12
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pərviz Cəbrayıla cavab: Minaaxtaranlar üçün yasaq ərazi...

Əvvəl güclü olmaq qərarına gəlmişdim, Usta. Baxmayaraq ki, “güc” kəlməsi məndə hücumu simgələyib, biri yoxdursa, o birinə də ehtiyac olmayacaq... Güclü olmaq ancaq bir anlama gəlirdi - Yazmaq, yazmaq, yazmaq... Ən acı şeylərin içində ən işıqlı şeyləri yazmaq. Qaranı anlamaq, uçurumu anlamaq, azadlığı anlamaq, səbəbi anlamaq...

Dəyişmək, dəyişə bilməsə də, tikan batan yerdən gül bitirmək... Allah eşqinə, kim kəsilmiş qoldan qol, çıxarılmış gözdən göz, öldürülmüş candan can yarandığını gördü ki, mən də görəydim?

Olmadı...

Sonra keyləşmək istədim... Hər şeyə... “Olmaz” deyilmişdi, amma deyənlər axı nə bilirdilər? Keyləşmək və keyləşdirmək, ağrılarını, incikliklərini, yaralarını... Amma onların arası kəsilmədi, Usta...

O zaman yuxulamaq qərarına gəldim...

Uzun bir yuxu, oyanıb hər şeyin olmasa da, bəzi şeylərin başqa cür olacağına inanaraq yuxlamaq istəyi...

Bu artıq keyləşmək deyil, daha ciddi məsələdir, can ağrısının qarşısında nə hallara qalacağını təcrübədən keçirmisən, daha yaşamaq istəmirsən, daha çırpınmaq istəmirsən, daha adamların səni yozmasını, sənə təsəlli verməsini, sənə ağıl öyrətməsini istəmirsən... İndi təkcə ağrıları deyil, adamları da görmək istəmirsən...

Dərinlərdə heç nəyin görüntüsünün olmadığı dərin bir yuxuya ehtiyac yaranır...

Keyləşdirən şeylər yuxulada bilər, amma daha güclüsü olmalıdır...

Biri... İkisi... Üçü... Get-gedə artırırsan... Səslər dayanmadan beyninin içində cingildəyib durur, görüntülər dayanmadan kino lenti kimi fırlanır, xatirələr hər yerdədir, sən hər yerdəsən, hər yerdə zədə qalıb, hara bassan, hara toxunsan, hara üz tutsan şillə kimi dəyir üzünə hər şey...

Sənə elə gəlirdi, yazsan, qurtulacaqsan, amma olmur...

Ya yazmaq olmur, ya yazdığına söykənib qalxmaq... Yazdıqların səndən əvvəl zədələnibmiş, bir də ayılıb baxırsan...

Artırırsan, artırırsan, artırırsan...

O qədər artırırsan, gəl ki, hardasa dərin bir uçuruma düşüb itirmiş kimi ayıq qalırsan...

İtmir.

Bir gün, bir an başını qoyduğun yerdə qalırsan...

Hiss edirsən, yuxulaya-yuxulaya hələ də keyləşmədiyini hiss edirsən -ağlayırsan çünki, ağrıyırsan çünki, yanırsan çünki...

...İnsan təkcə ayağıyla gedib minalı əraziyə düşmür, Usta. Minalar içimizə dolur. Dost kimi, yoldaş kimi, sevgi kimi, körpə kimi... Sığal kimi, xoş söz kimi, nəğmə kimi...

Sonra içində partlamağa başlayır minalar... Onlara toxunulduqca sən içindəki güllə-baranın əlində qalırsan...

Bunu kənardan kimsə əsla və əsla görməz... Hər kəsin içində bir savaş, bir cəbhə. Nə o yan var, nə bu yan, nə təmas xətti, nə sərhəd... Dərin bir döyüş meydanı...

İçində bir addım o yanda döyüş dostun düşmən gülləsindən yaralanıb düşmür, Usta, səni elə o yaralayıb, onu elə sən yaralamısan...

Adi bir sözlə, adi bir baxışla, adi bir göndərməylə... “Adi” deyirik ha, harasındadır adilik, bu da ayrı məsələ ha, Usta. Amma bunu boş ver... Olan olub...

İçinə minaaxtaranlar göndərəmməzsən, Usta...

Könüllülər gələmməz içinə, sənin içinin minalanmış ərazisi hər xilaskar hesab olunana açmaz qapılarını. O, çox zaman öz minabasdıranından gözləyir gəlib çıxarsın öz basdırdığını...

Çağırarsanmı, Usta, çağırarsan...

Səs verərmi, Usta, səs verməz...

Gələrmi, Usta, gəlməz...

İstəməzmi, Usta, istər...

Bacarmaz, Usta, bacarmaz.

Edəmməz, Usta, edəmməz.

Minalanmış ərazidən ikinizin də sağ çıxmaq şansı yoxdur, mina ya sənin ayağın altında partlayacaq, ya minaaxtaranın əlində... Nəticə eynidir - kimsə öləcək... O ya sən olacaqsan, ya da ən yaxın adamın -minabasdıranın...

Seçim qarşısında qalmalı olursan - Ya o, ya sən...

“Mən” deyirsən...

Səni həmişə “mən” deməkdə suçlayırdılar. Bu dəfə də huyuna sadiq qalırsan: “Mən!”

...İndi mən yuxlamamaq istəyirəm, Usta!

Bu nə yatmaq istəməyə bənzəyir, nə yazmaq istəməyə...

Heç nəyə imkan vermir yuxlamaq, Usta... Ayıla bilmirəm, yata bilmirəm, oyana bilmirəm, yaza bilmirəm - Yoxam...

Nə yaxşı yata bilmirsən, Usta, sakın buna can atma!

Yazmamaqdan əzab çək, Usta, yazmamaqdan əzab çəkmək qədər gözəl əzab yoxdur...


Müəllif: Hədiyyə Şəfaqət