5 Avqust 2014 10:45

"Qarabağ"-"Zalsburq" oyunundan sonra mətbuat konfransında Natiq Muxtarlının Qurban Qurbanova verdiyi sual, yəqin, çoxlarının ürəyincə oldu.

Sual təxmini belə idi: Avropa səviyyəli oyunlarda uğurlu çıxış eləmək üçün iki bərabər səviyyəli heyətə sahib olmalısan ki, fors-major hallarda itirlən oyunçunu sığortalaya biləsən. Ancaq məsələn, heyətdə ikinci bir Reynaldonu saxlamaq üçün milli çempionatda tətbiq olunan legioner limiti heç cür imkan vermir. Siz düşünmürsünüzmü ki, AFFA verdiyi bu qərarla həm də klubların məhvinə yol açmış olur?
Və o anda Qurban Qurbanovun reaksiyası çox önəmli idi ki, gənc mütəxəssis də bircə kəlimə ilə bunun doğru olduğunu bildirdi.

Əslində, bu problem təkcə Avrokuboklar zamanı yox, həmişə aktual məsələdir. Xüsusilə yeni mövsümün başlamasına az bir zaman qalmış bu məsələnin yenidən gündəmə gəlməsi təsadüfi deyil.

Legioner limitinin tətbiq olunmasını futbol başbilənlərimiz ən çox bununla əsaslandırırlar ki, bu zaman yerli oyunçulara daha çox şans verilir, bu, həm gənc oyunçuların inkişafı baxımından, həm də milli komanda açısından əhəmiyyətlidir.

Halbuki vəziyyət bu qədər də sadə deyil. Legioner limitinin tətbiq olunması və bunun hər mövsüm bir az da azaldılmasının faydasından daha çox fəsadları var.

Birincisi, ona görə ki, legioner limiti tətbiq olunan ölkələrdə səviyyəli yerli oyunçu qıtlığı yaranır ki, belədə də oyunçuların qiymətində süni artmalar müşahidə olunur.

Qiyməti artsa da, əslində isə, bu dəyərə layiq olmayan futbolçular tələbatı görür və komandaların əsas heyətində yerlərinin təmin olunduğuna əmin olduqdan sonra rəqabət zəifləyir. Belə bir durum təbii ki, inkişafa əngəl olan amillərdən biridir.

Ölkə daxili bazarda özlərinə tələbatı hiss eləyən futbolçular xaricə çıxmağa meyl göstərmir, daha çox əziyyət və rəqabət əvəzinə daha az əziyyət və rahat şəraitdə oynamağı seçirlər. Belə olan halda isə milli komandaya nə qədər ziyan dəydiyini aydın görmək olar.

Ayrıca klublar legioner limiti ucbatından istənilən səviyyədə və sayda keyfiyyətli oyunçu cəlb eləyə bilmədikləri üçün "Avropa macəraları" zamanı yetrincə çətinliklərlə üzləşirlər. Yerli oyunçuların səviyyələri güclü rəqiblərlə mübarizə üçün yetərli olmur, cəlb edilən azsaylı gəlmələri isə gözlənilməz vəziyyətlərdə əvəz edəcək layiqli namizədlər tapılmır.

Belə halları nəzərə alan klub rəhbərləri isə kütləvi şəkildə milliləşdirmə yolunu seçirlər ki, bu da bir başqa problemin yaranmasına səbəb olur. Səviyyəli-səviyyəsiz ucdantutma milliləşən legionerlərin gərəksizliyi və heç bir fayda vermədiyi haqqında onlarla fakt sadalamaq olar.

Və bütün bu sadalanan hallara nəzər saldıqda aydınca görmək olar ki, legioner oyunçulara tətbiq olunan limit hazırkı məqamda ölkə futboluna xeyirdən çox ziyan verir. Azərbaycan futbolu indiki halda bu kimi radikal qərarlara hazır deyil.

Ancaq legioner limiti sərbəst buraxılmasa da, ən azından indikindən daha geniş olsa, futbolumuza xeyir verər. Yerli oyunçular heyətə düşmək üçün həm bir-biriləri, həm də əcnəbilərlə rəqabətə girişərlər ki, bu da şübhəsiz, onların inkişafı üçün olduqca lazımlı faktordu.

Ayrıca, yerli klublarda özlərinə yer tapa bilməyən oyunçular xaricə çıxmağa maraq göstərərlər.


Müəllif: Zaur Xudiyev
Загрузка...