23 Yanvar 2018 12:50
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filologiya fakultəsində oxuyuram, amma mühazirələrə qulaq asa bilmirəm. Bir az dinləyən kimi fikrim yayınır. Soruşa bilərsiniz ki, dərsə niyə qulaq asmırsan?

Əslində, çox bayağı sualdır. Ona görə açıqlamam da bayağı alınacaq. Qulaq asmıram, ona görə ki, artıq dərs prosesinin hansı istiqamətdə və necə gedəcəyini, hansı formada bitəcəyini Hollivud filmlərinin ssenarisi kimi əzbər bilirəm. Ona görə də maraqsızdır, mənasızdır. Söhbətcil uşaqlar arada havaya gülməli söz atıb partanın altında gizlənməsə, inanın, adamın auditoriyada ürəyi partlayar.

Bir bir şey də deyim, mənim qanazlığım var. Hiss edirəm ki, dərsdə mil vəziyyətdə tərpənmədən oturmaqdan ayaqlarım ağrıyır, qıçlarıma elə bil şiş batır, gözüm tutulur. “Hababam sinfi” filmində bir kimya müəllimi vardı. Yazılı imtahan götürəndə çıxıb stolların üstündə gəzirdi. Bizim elə müəllimlərimiz var, imkan olsa, onlar da eynilə o cür edərlər. Biyabırçılıqdır. Axı biz orta məktəbin ibtidai sinfində oxumuruq, saçı başından böyük lentlə bağlanmış qızlar deyilik, heç oğlanlar da saçı jeleli məsumlar deyil. Niyə bizə əzab verirsiniz?

Sağ olsun rəhbərlik, mühazirə dəftərlərini yığışdırb, daha mühazirə dəftərinə görə qiymət almırıq. Bu da o deməkdir ki, tələbələrin əksəriyyəti dərsə qayıb almamaq üçün gəlir. Bunu müəllim də bilir, amma qəbul etmək istəmir, özünü bilməzliyə vurur. Keçən dəfə uşaqlar yerdən danışdığına görə müəllim əcaib bir təklif elədi. Dedi, çıxın çölə, icazə verirəm, gedin bufetə, çay için, ata canı, inciməyəcəm, amma qayıbınızı yazacam. Uşaqlar da həvəslənmişdi ki, deyəcək gedin, qayıb yazmayacam. Sonra da başladı burnunun altından gülməyə. Yəni bəzi müəllimlərimizin lütfü bu əcaib təklifdən, gülüşü o burunaltı gülümsəmədən o yana keçmir.

Keçən dəfə isə qayıb limitində olduğum müəllim az qalsın məni öldürəcəkdi. Deyir, dərsə niyə gəlmirsən, niyə mühazirədə iştirak etmirsən? Qayıtdım ki, ay müəllim, siz mənə hansı jesti etmisiniz ki, məndən ötrü dekanlamı üz-üzə gəlmisiniz, töhmətmi almısınız, nə etmisiniz ki? Mən gəlməmişəm, siz də qayıb yazmısınız, vəssalam. Məgər mən orta məktəb şagirdiyəm? Məcburdurmu? Ürəyim istəmədiyi mühazirədə iştirak etmirəm. Əsas imtahandır, onu da hazırlaşıb verəcəyəm. Bəs məndən nə istəyirsiniz? Baloniya sistemi bəs nədir?

Təbii, anlayışlı müəllimlər də var. Onlar bilirlər ki, mən ailəliyəm, övladım var, onu bağçaya qoyub gəlirəmsə, deməli, bu dərslər, bu mühazirələr, seminarlar mənə lazım deyil, yəni elə də çox lazım deyil, bir az lazımdır. Məsələn, bir müəllimim var, adını çəkmirəm, birdən işdən çıxararlar, dərs jurnalında davamiyyəti yoxlarkən sonuncu sırada adımı görəndə hardasa bir dəqiqə susur və zala göz gəzdirir. Əgər mən yoxamsa, adımı çəkmir, məni görəndə gülür:

– Xoş gəlibsən, ay Çinarə!

Mən o müəllimi çox sevirəm və onun o gözəl üzünü, o gözəl səsini heç vaxt unutmayacağam. Bilirəm ki, mən o müəllimdən çox şey öyrənmişəm, hələ öyrənəcəyəm də. Mənə qayıb yazmayan müəllim, siz həyatın özüsünüz!


Müəllif: Çinarə Böyükçöl