24 Yanvar 2018 15:27
3 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirzə Ələkbər Sabir gündəmdədir.

Bu cümlənin altında yüz illik problemlərimiz, millətimizin faciələri, təlatümləri yatır.

Yoxsa, Sabir niyə gündəmdə olsun ki?

Sabir öləndən sonra bu torpaqlarda Çar rejimi yıxıldı, Cümhuriyyət quruldu.

Sabir öləndən sonra həmin Cümhuriyyət yıxıldı, Sovet rejimi quruldu.

Sabir öləndən sonra həmin Sovet rejimi yıxıldı, ikinci Cümhuriyyət quruldu.

Amma Sabir gündəmdədir. Bu qədər müxtəlif idarəçilikdən sonra bir satirik şair niyə gündəmdə olsun axı?

Yoxsa, Sabir öləndə bizi necə buraxmışdısa, elə o cür qalmışıq?

Yoxsa, yenə bir-birimizi görəndə qorxuruq?

Yoxsa, yenə əcnəbilərdən geridəyik? Axı indi bizim də kosmosda balonumuz, peykimiz var?

Bu sualları burada dayandıraq, boş vaxtlarımızda düşünək.

***

Azərbaycanda modern fikir, ədəbiyyat, siyasi düşüncə XIX əsrdən – Mirzə Şəfi Vazehlə Mirzə Fətəli Axundovun yollarının kəsişdiyi gündən başladı. Vazeh Azərbaycan tarixində böyük dönüm nöqtəsinə səbəb olacaq fikirləri Mirzə Fətəliyə söyləməklə mühüm bir cığırı açmış oldu. Digər tərəfdən də zamanın tələbi, Avropadan Peterburqa, Peterburqdan ucqarlara qədər əsən maarifçilik axını Cənubi Qafqazda da yeniliklərə səbəb oldu.

Təsadüfi deyil ki, Axundovla bərabər, ilk milli ədəbiyyat, nəsr, dramaturgiya, teatr yarandı, ardınca ilk ana dilimizdə qəzet, Qori müəllimlər seminariyasının şöbəsi açıldı. Rus-türk müharibəsi, daha sonra I Rus inqilabı Cənubi Qafqazı tamamilə siyasiləşdirdi. Yeni nəsil aydınlar yetişdi, ilk siyasi qəzetlər çap olundu. Proses o qədər sürətlə getdi ki, Azərbaycanda müxtəlif görüşlü mütəfəkkirlər formalaşdı, onlar mətbuat vasitəsilə bir-biriləri ilə müzakirələr apardılar.

Sabir də belə bir mühitdə yetişdi, Mirzə Cəlilin sayəsində xalq tərəfindən tanındı.

***

Bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Azərbaycanda “bizim və sizin adamlar” kateqoriyası formalaşdı. Bolşeviklər Çar dövründə rejimi, cəmiyyəti tənqid edən şairləri, yazıçıları özlərindən hesab etməyə başladılar. Bu mənimsəmənin ilk “qurban”ı Mirzə Ələkbər Sabir oldu.

1922-ci ildə ona heykəl qoydular. Bu, Bakıda ucaldılmış ilk abidə idi. Müəllifi Keylixis Yakov idi. Lakin 1958-ci ildə həmin heykəl yenisi ilə əvəzləndi. Yeni heykəlin müəllifləri heykəltəraş C.Qaryağdı, arxitektorlar Q.Əlizadə, A.İsmayılov oldu.

Sovetlər Azərbaycanın zəngin dönəmi olan 1905-1920-ci illəri öz düşüncə ələyindən keçirərək özlərinə lazım olanları seçdilər, bu seçilənləri də istədikləri kimi təhrif etdilər.

Məsələn, uydurdular ki, Sabirin “Hop-Hopnamə”si üçün pulu erməni qadınları yığıb. Kitablara belə yazdırdılar. Belə fikir formalaşdırdılar ki, azərbaycanlılar kitab oxumur, şairə, yazıçıya hörmət qoymurdular, ona görə də onların mütəfəkkirlərinə ermənilər sahib çıxıblar.

Belə idimi? Əsla.

Türkiyədə Mərmərə Universitetinin əməkdaşı, azərbaycanlı türkoloq Mehdi Gəncəli Sabirin kitabı ilə bağlı aparılan kampaniyanı dönəmin qəzetlərindən detallı şəkildə araşdırıb və bir-bir şəxsən mənə də göstərib. Gördük ki, kitab üçün pul göndərən yüzlərlə insanın adı tək-tək yazılıb, göndərdikləri pullar qeyd olunub. İrəvandan Bakıya qədər Azərbaycanın hər bölgəsindən pul göndərilib. Üstəlik yığılan məbləğ kitabın xərcindən çox olduğu üçün qalan pul Şamaxıya ailəsinə göndərilib. Yüzlərlə insanın arasında 2-3 erməni adına da rast gəlinir. Əslində, bu bizi sevindirir ki, o dönəmdə Azərbaycan türklərinə qarşı soyqırımı düşüncəsində olmayan ermənilər də olub. Amma bu o demək deyil ki, kitabı erməni qadınlar çıxarıb. Üstəlik dönəmin mətbuatında Nargin adasındakı türk əsirlərə dəstək üçün yığılan ianə kampaniyasında da 2-3 erməni və rus soyadına da rast gəlinir. Bu da onu göstərir ki, həqiqətən, türkə dost olacaq sayı bir əlin barmaqlarının sayından çox olmayan rus və ermənilər də olub.

Sovetin gizli repressiyasının biri bu idi. Yüzlərlə azərbaycanlını 2-3 erməniyə qurban vermək.

***

Sovetin digər gizli repressiyasının qurbanı Mirzə Cəlil oldu. Mirzə Cümhuriyyət dönəmində hökumətin yanında olmadı, bolşeviklər onu maarif vəkili adı ilə ölkəyə çağırdılar, amma Bakıda qatardan düşəndə heç kim qarşılamadı. Günlərlə qohumlarının evində qaçqın kimi yaşadı. Nəhayət, hökumətə məktub yazandan sonra ev verdilər. Mirzəni güllələmədilər, amma “Molla Nəsrəddin”in başına gətirilənlər elə güllələnmə kimi bir şey idi.

Mirzə güllələnmədi, amma bir köşədə unutduruldu... Sanki belə bir adam yox imiş kimi.

***

Sovetin gizli repressiyasının bir qurbanı da Məhəmməd Hadi oldu. Cümhuriyyət dövründə rəsmi “Azərbaycan” qəzetində yazıları çıxan, Gəncə üsyanında şəhid olan dəyərli bir şairi sərxoş, küçədə şeirlərini satan avara kimi bizə tanıtdılar. Halbuki, Hadi dönəmin Osmanlı mətbuatında da ən nəhəng insanlardan idi, xilafət ölkəsində qadınların çadradan azad edilməsi üçün yazılar yazıb, buna görə də haqqında fitva verilib.

***

Sovetin gizli repressiyası ali təhsil alan insanlara qarşı da oldu. 1921-ci ildə bolşevik xalq maarif komissarı Dadaş Bünyadzadə 1-ci Azərbaycan sovetlər qurultayında dedi ki, ölkəmizdə cəmi 62 nəfər ali təhsilli müsəlman var. Halbuki, professor Ədalət Tahirzadə Rusiya və Ukraynanın bəzi arxivlərində çalışaraq 1920-ci ilədək ali məktəblərdə oxumuş 816 azərbaycanlının siyahısını tərtib edib. Buraya bir çox arxivlər, eləcə də Avropa arxivləri daxil deyil. Onlar da araşdırılsa, siyahının mindən yuxarı olduğu məlum olacaq.

***

Sovetin digər gizli repressiyası 1905-1920-ci ildəki mətbu sərvətimizin təhriflə bizə təqdim edilməsi oldu. Təəssüf ki, hazırda latın qrafikası ilə çıxan kitablar eynilə Sovet dönəmində çıxarılanların təkrarıdır. Bizim həmin dövr sərvətimiz Sovetlərin “bizim adamlar” ələyindən keçdiyi üçün nə qədər dəyərli publisistimiz, mühərrimiz tədqiqatdan kənarda qalıb. Üstəlik Sovet dönəmində transliterasiya ediləndə “məsləhət bilinməyən” hissələr də tarixə gömülüb. Ona görə də o dönəmdəki sərvətimiz başdan, yenidən araşdırılmalı və kitablar ilkin qaynağa əsasən çap edilməlidir.

Yoxsa, bizim gənclər saf şəkildə inanacaqlar ki, Sabirin kitabını erməni qadınlar çap edib.

Necə ki, mühacir Əbdülvahab Yurdsevər Sabirlə bağlı kitabında yazırdı:

“Sabir türkçüdür. Sabir həqiqi bir müsəlmandır. Sabir xalqçıdır. Sabir hürriyyət aşiqidir. Sabir Qərb mədəniyyətinin heyranıdır. Sabir rusçuluğa və rus hökmranlığına düşməndir. Sabirin gerçək xüsusiyyətləri bundan ibarətdir. Sovet-bolşevik yazarlarının Sabiri təhrif edərək başqa şəkildə göstərmələri, böyük şairimizin yüksək və əziz xatirəsinə xəyanət və həqarətdən başqa bir məna ifadə etməz”.


Müəllif: Dilqəm Əhməd