24 Yanvar 21:00

Kişilər deyir, qadınların qəzəbindən qorxmaq lazımdır. Özlərinə qəzəbi nəzərdə tuturlar. Siz hələ biləsiz, qadınlar qadınlara necə qəddar olur!..

Əks cins tərəfə keçib bunu da demək istəyirəm: nə yaxşı qadınlar kişi olmayıb. Ən balaca misal; boğazından, mədəsindən qırtlayıb kəsdiyi, pul yığıb aldığı hər hansı bir geyimi başqasında görəndə onlar necə də vəhşiləşirlər! Pis söyüşlər də söyə bilərlər, həmin adamı tutub boğa da bilərlər, təhqir də edərlər. Özlərini artistliyə vurub əldə etmək istədikləri oğlanı başqa bir qadınla görəndə o qıza qarşı nələr düşünərlər, ay Allah! İmkanı olsa, o qızı sosial şəbəkələrdə biabır etdirər, əlində olsa, özü, məhz özü o qızı zorlayar, ehtiyac olsa, maşının, qatarın, tankın altına atar, məhv edər.

Qadın tanıyıram, onun-bunun önündə min cür hoqqadan çıxandan sonra adama ağıl-zad verməyə çalışır və istəyir ki, sən onun həqiqi dostu olasan. İstəyir ki, həm sənin ailənlə vaxt keçirsin, həm səninlə. Bir də elə qadınlar var, adamı loxlamaq isyəyirlər, elə bilirlər onlar mələkdir və sən də onları mələk hesab edirsən, amma bilmirlər ki, artıq sən onun alt paltarının rəngini də bilirsən. Görürsünüz, necə də qəzəbliyəm? Sizi necə də qəfildən biabır edə bilərəm, ağzınız da qalar açıqda? Hə, bəs necə? Axı qadınam!

Qadınlar qədər hikkəli ikinci məxluq yoxdur. Bəli, hikkə sözü məhz onlar üçün yaradılmışdır. Düşünməyin ki, əks cinsin nümayəndələri hamısı mələkdir və ya qadından üstündür. Qətiyyən! Amma qadınlar da budur. Pəki, sənin anan, bacın yoxmu? Var, niyə yoxdur?! Müqəddəs-zad deyiləm, öz-özümə peyda olmamışam ki... Anam da var, bacım da. Nənələrim də var, Allah saxlasın. Onlar da əsəbiləşə bilir, hirslənə bilir, hətta hikkəli olur. Mən də qadınam. Mən də əsəbiləşirəm, hikkəli oluram burda nə var bəyəm? Amma söyüş söyməyi, dilinə dolaşıq, onun-bunun kişisindən eşitdiyi söyüşləri gətirməyi, hər gün donuz qədər içib aşmağı, küçənin ortasında anqırmağı, yanından keçəndə gülüşündən mədəsi görünməyi qadınlara yaraşdırmıram. Yaraşdırmıram, ay üz qaraları!

Sözün həqiqi mənasında, görəsən sizin yiyəniz yoxdur? Bu sözü niyə qəribçiliyə salırsınız ki? Yiyə çox qəşəng sözdür. O demək deyil ki, sənin başının üstündə biri olmalıdır. Yox. Yiyə adamın öz daxilidir, mənliyidir, təmizliyidir. Yiyəsiz adam qardaşısz, atasız, ərsiz adam deyil, vəhşi, mənəviyyatsız, murdar adam deməkdir. Məsələn, yiyəsiz itlər də var, heç özlərini yiyəsiz adamlar kimi aparmırlar. Yiyəsiz adam da odur ki… Nə demək istədiyimi yəqin, anladınız.... Allah bizi yiyəsizlərdən hifz eləsin! Amin!


Müəllif: Çinarə Böyükçöl
Загрузка...