21 Fevral 2018 20:13
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ikinci, üçüncü, dördüncü uşaq, adətən, “baxaq görək kimə oxşayır, gözü nə rəngdə olacaq, kimə çəkəcək, bu dəfə də dədəbədədəsinə oxşayacaq, yoxsa yeni bir sort peyda olacaq” həvəsinə, sorğusuna, istəyinə, arzusuna uyğun yaradılır.

Ağlımın erkən kəsən vaxtları abortları qınayırdım. Yenə də məlum insani səbəb qüvvədədi. Amma indi məsələ bir az başqadı, çünki çoxlu səbəblər var, yoldaşlar!

Birinci uşağının pampersini çatdırıb ala bilməyən, oyuncağa həsrət qoyan, normal geyindirə bilməyən, dadlı təamlar, uşaq yeməkləri ilə təmin edə bilməyən valideynlər beynin hansı yarımkürəsini işə salıb ikinci uşağı istəyir, ağlım kəsmir. Dünyaya gələn yazıq ikinci uşaq başlayır birinci uşağın köhnə-kürüş, yırtıq-yurtuq geyimlərini geyinməyə, birincinin yatağında yatmağa, birinci uşağın qucağında böyüməyə. Sıra gəlir üçüncü uşağa. Üçüncü uşaq ikincinin paltarları, yəni lap birinci uşağın əldən düşmüş geyimləri ilə idarə edir həyatı. Onu da ikinci uşaq saxlayır. Və beləcə ardıcıllıq davam edir. Valideynlər niyə bezmir, niyə yorulmur, niyə tükənmir, niyə sıxılmır? Ən əsası isə niyə qorxmur?

Qorxmur ki, dünyaya gətirdiyim övladım velosipedsiz, gəlinciksiz qala bilər? Məktəbə gedəndə çantası köhnədir deyə yoldaşlarından utanar. Universitetdə oxuyanda imkan yoxdur deyə heç kimlə ünsiyyət saxlamaz, hamıdan çəkinər. Su keçirən ayaqqabısına görə gözü başqalarının ayağında qalar, papağı çırılıb deyə gözü papaq gəzər. Əyni qalın deyil deyə üşüyər, əlləri buz kimi olar, corabı qalın deyil deyə böyrəkləri ağrıyar, xəstələnər. Ürəyi cürbəcür yeməklər istər, yeyə bilməz. Valideynlər niyə qorxmur, buna görə bəri başdan niyə narahat olmurlar? Belə övlad böyütməkdənsə... Razı deyilsiniz? Dünyaya travmalı, əsəbləri pozulmuş, bir müddət sonra intihar edəcək, psixi xəstə, nevroz uşaq gətirməkdənsə gətirməmək daha xeyirlidir.

Məni qəddar hesab etməyin, yoldaşlar! Dəfələrlə bir gözümü yumub dırnaqlarımı yeyə-yeyə abort videoları izləmişəm. Həkimə də, qadına da, hətta uşağı alan bıçaqlara, alətlərə də lənət yağdırmışam, nifrət etmişəm. Amma dünya adlı qaynar bir qazana atacağınız uşaqların necə yaşayacağı, necə böyüyəcəyi haqqında düşünmüsünüzmü heç? Qətiyyən!

Məsələn, biri mən. Özümü çox qınayıram, çünki uşağı baxçaya qoyuram. Düz bir yaşından. Niyə, çünki tələbəyəm. Bəs tələbə-tələbə niyə evlənirdin deyə sual verməyin. Başım ağırıyır. Hə, çox günahkaram, günün çox hissəsini oğlumla keçirə bilmirəm. Hərdən özümə təsəlli də verirəm ki, hiperaktiv uşaqdır, elə baxça xeyirlidir, orda ona yaxşı baxırlar, telefonumuza kameranı qoşmuşuq, nə etdiyini izləyirik, özəldir, bir ətək pul tökürük. Yenə də özümə bəraət qazandıra bilmirəm. Düşünürəm ki, ona özüm baxmalıyam, özüm qulluq etməliyəm, tez-tez əllərini yumalıyam, dərmanını verməliyəm, əynini dəyişməliyəm, yemək yedizdirməliyəm. Amma edə bilmirəm. Beləliklə, oğlumla aramızda boşluqlar yaranır. Deməli, mən günahkaram.


Müəllif: Çinarə Böyükçöl