26 Fevral 2018 21:13
5 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir məsəl var: saqqalım yoxdur, sözüm keçmir. Ancaq bu məsəl artıq dəbdən düşüb. Daha saqqal pul vahididir. Yüzlükdən başlayır üzü o yana – yuxarı.

Məncə, indi həmin məsəli bu cür ifadə etmək daha doğru olardı: pulum yoxdur, sözüm keçmir. Ya da, nə pulum var, nə sözüm. Və yaxud, pulum yoxdur, heç özüm də keçmirəm. Məğzi dəyişmədən bu məsəlin üstündə çox oynamaq olar. Amma pulu olmayan adamlarla oynayan adamlardan danışmaq istəyirəm.

Bakıdakı orta məktəblərin birində oxuyanda mənim 9-10 yaşım ancaq olardı. Heç vaxt sinifdə ümumi yığılan pul siyahılarına adımı yazdırmırdım. Bir az demoqoq idim. Həm də demoqoqluq pərdəsi altında qəpiyə güllə atan kasıblığımızı gizlətməyə çalışırdım. Məsələn, dərs zamanı müəllim üstümə çımxırsa, məni təhqir etsə, alçaldıcı hərəkət etsə, qiymətimi kəssə, o saat sinifdən icazəsiz birbaşa direktorun yanına düşürdüm. Özü də elə-belə düşmürdüm ha. Dabanlarımı yerə elə çırpırdım, otaq silkələnirdi, uşaqlar partalarında yırğalanırdılar. Hətta yüngül çəkililər o qədər yerindən yuxarı hoppanırdı ki, başı az qalsın tavana dəyirdi. Çıxanda da qapını elə örtürdüm, az qalırdı divarlar uça. Bax, bu hərəkətlərim mənim hirsimi soyudur, əsəbimi sakitləşdiridi. Direktorun yanına gedənə kimi o qədər ayaq çırpıb, o qədər qapı örtürdüm ki, deyəcəyim söz yadımdan çıxır, məni ağlamaq tuturdu. Direktorun önündə əsə-əsə ağlayırdım. Elə bil bayaqdan hegomonluq edən qızcığaz bu deyilmiş. Direktor da səbrlə dediklərimə qulaq asır, məni geri göndərirdi. Deyirdi, səbirli ol, qızım, bir azdan gəlib müəlliminlə danışacam. İndi sinfə get. Sinfə qayıda bilmirdim, ayaqlarım özümü güclə sürüyürdü. Həm də içimdə dəhşətli ağrılar duyurdum, 10 yaşlı canımla əzab çəkirdim, hey, əzab! Məsələn, biliridm ki, direktor hərəkətlərimdən bezib. Direktor bilir ki, heç vaxt pul yığma mərasimlərində iştirak etmirəm. Pulgir, amma mənə qarşı qeyri-müəyyən xoş rəftarlı direktor bilir ki, mən 8 martda ona hədiyyə almıram. Direktor bilir ki, atamın pulu yoxdur. Direktor görür ki, əynim nimdaşdır. Nə qədər gizlətməyə çalışsam da bu zər-zibalı, qır-qızıllı direktor görür ki, ayaqqabılarımın yanları yırtılıb, ağ sapla tikilib. Amma bu qız demaqoqluq edir, səsindən almır, ötkəmindəın qalmır. Ayaqlarını yorğanına görə uzatmır.

Fırtınanı duyurmuş kimi qapını və ayaqlarımı döymdən sakitcə keçib yerimdə oturdum. Ən arxda və tək. Dostum yox idi. Kasıb və rayondan gəlmə uşaqların dostu olmur.

Direktor içəri girdi. Müəllim ayağa durdu və başladı: - Bu tərbiyəsiz kəndçidən şikayət edirəm, müəllimə! Ayaqlarını yerə elə çırpıb, qapını elə örtüb eşiyə çıxdı, həm də icazə almadan, bağrım yarıldı. Özümə gələ bilmirəm, əsirəm, mən xəstə adamam. Hələ gör nə deyir? Deyir, tapşırığı səhv eləmişəm, öyrət də, müəllim deyilsən? Deyir, işinin-gücünü adı nədir? Dirənib üstümə ki, uşaqlardan niyə pul yığırsan, dərsdən sonra uşaqları niyə hazırlığa çağırırsan? Burda dərs keçə bilmirsən? Səbrim çatmır davam etməyə. İndiyə qədər dediklərini o biri müəlimlər də bilir, uşaqlar da. Sizdən xahiş edirəm, valideynini çağırın, məktəbdən uzaqlaşdırılısın, mən onun üçün xüsusi töhmət yazacam. Bu kəndçini sinfimdə görmək istəmirəm.

Əllərimi cibimə bərk-bərk sıxıb yerimdə oturmuşdum. Qıpqırmızı idim. Ayağımın biri qeyi-ixtiyari stulun tininə dəyib səs çıxarırdı. Müəllimə düz deyirdi, amma mən haqlı idim... Direktor üstümə elə qışqırdı, dik atıldım.

– Qalx ayağa, içəri direktor girib, səsnsə ayağa belə durmursan! Ay qız, qudurmusan?

Bu sualı eşidəndə gözlərim bərələ qalmış, rəngim sapsarı saralmış, əllərimi buz kəsmişdi. Güvəndiyim adam indi silahı mənə sarı çevirib dayanmış, düşmən mövqedə mənə atəş açırdı.

– Səninləyəm! Eşitmirsən?! Nə məktəbin daxili nizam-intizam qaydalarını qoruyursan, nə müəllimə hörmət qoyursan, nə də... Nə də bir qəpik pul verirsən. A bala, sənin pulunu cibimizdən ödəyirik e, cibimizdən. Saya salmadığın bu müəllimən verir sənin pullarını. Sənsə bütün məktəbi boğaza yığmısan. Kasıbsan, başa düşdük, özünü kasıb kimi apar. Ağını çıxarma! Özünü elə aparırsan, elə bil nazir qızısan.

Sözlər başımda ildırım kimi çaxırdı, ürəyim boğazımda vururdu və düz direktorun gözlərinin içinə baxırdım. Düppədüz gözünə! Mənim adımla məktəbə gələn qonaqların yanında qürurlanmağının, il bitəndə mənim adımla məktəbinin adının hallanmasını bilirdim, ona görə bunu onun üzünə vurmaqdan ötrü əlimə bəhanə düşmüşdü.

- Mən oxuyuram, əlaçıyam!

- Təpənə dəysin! Tərbiyəsiz əlaçı bizim məktəbə gərək deyil. Zibilin biri, oxumağını başımıza qaxırsan? Özün üçün oxuyursan, mənim üçün oxumursan ki...

Elə bil nazir qızısan, elə bil nazir qızısan... Kəndçi... Zibilin biri... Evə gedənə kimi yol boyu bu sözləri mahnı edib oxumuşdum. Səkidən yola, yoldan səkiyə tullana-tullana gəzmişdim. Səhəri gün anamla məktəbə getdik. Eyni sözlər ona da deyildi. Mən isə müəllimlər və direktorla anamın geyimi, saçları, üz ifadəsi arasındakı fərqə baxdım. Yanılmışdım, direktor düz deyirdi. Axı mən kimə, nəyə güvənmişdim, axı mən kim idim, kimin qızı idim. Atam nazir olsa, əlbəttə, ayağımı da vurardım, qapını da çırpardım, o yana da keçərdim. Amma yox, uşaqlıq olmaz. Uşaqlıq bitdi. 10 yaşlı balaca bir qız üçün uşaqlıq kənddə qaldı. Bura Bakıdır. Burada uşaq olmaq olmur, olmaz...

Bir ay məktəbdən kənarlaşdırlma cəzası aldım. Və bir də şikayət olunsa, birdəfəlik məktəbdən qovulacaqdım. Anam isə bir ay boyunca məni o ki var döydü, ömürlük hirsini başıma döyməkdən çıxdı. Məni əsl kasıb qızı elədi anam. Daha yeriyəndə addım səslərimə nəzarət edirdim, qapını ehtiyatla örtürdüm, müəllimlərin hamısına gündə on dəfə salam verirdim, halını, əhvalını soruşurdum. Amma mənə görə ayağımı yerə döyməmək döyməkdən daha betər idi, qapını vurmamaq qapını çırpmaqdan on qat ağır idi. Bunu mən görürdüm, amma hamı elə bilirdi, haqqın yoluna gəlmişəm, səhvimi anlamışam. Amma səhvim yox idi, mənim bir günahım vardı, o da kasıblıq! Dinmirdim, dinə bilmirdim, danışmırdım, anam ağzıma ömürlük bir yapışqan bez bağlamışdı. Çünki mən nazir qızı deyildim...


Müəllif: Çinarə Böyükçöl