1 Mart 2018 13:55
1 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyadındakı “yev”i atsa, Aydın iki cür ola bilәr: biri anda çevrilmiş Aydın (Aydın canı), biri Aydın cani, yəni cani Aydın... Bəlkə də elə buna görə atmır “yev”i. Həmişə müəmma köynəyi olub Aydının.

...Heç nә gәlmir, heç nә getmir, biz gedirik nәyәsә doğru. Mәsәlәn, fәsillәr gәlmir, getmir, biz gedirik - yaza doğru, yaya doğru. Yer fırlanır, yaz mәntәqәsinә çatıb, sonra onu ötüb, o birinә doğru gedirik biz. Eynәn maşınla, ya piyada harasa getdiyimiz kimi. Hansısa rayon bizә gәlmәz, biz ona gedәrik. Hәr şey bizdәn, bizim planlardan asılıdır bir qәdәr. Tutaq ki, yaza-qışa getmәyә bilәrik. İntihar edәrik, bitәr. Hansısa rayona, ya hansısa dostla görüşә getmәyi lәğv edәrik, olmaz. Ama biz Yer kürәsini saxlaya bilmәrik. Әsas da odur ki, var! Sәbәblәri heç dә hәmişә başqalarında axtarmayaq. Yazı, tale, qәzavü-qәdәr deyilәn şey dә mәnә görә elә budur... Demәk, bizim әlli faizlik kövrәk vә kiçik miqyaslı azadlığımız vә mәsuliyyәtimiz var.

Bəli, bizim әlli faizlik kövrәk vә kiçik miqyaslı azadlığımız var, Aydınınsa 50 yaşı. Aydın harmoniyanın tam mərkəzindədi indi. İllər gəlmədi onun yaşının üstünə. O, illərin üstünə getdi, dayanmadan getdi. Hələ də gedir.

...Mövlud da gedirdi, ancaq qəfildən zamanı ildırım sürәtiylә irәli, başa çәkdi. Sonunu bildiyin, yaxud çox sarsaq sandığın filmi qәfildәn sensor paneldәki kimi bir barmağının hәrәkәti ilә başa çәkirsәn. Bәzәn son sәhnәni görürsәn, bәzәn son titrlәrә vә SON – “The and” yazıldığı hissәyә, bәzәn isә sondan sonrakı qısa qara ekrana çatırsan...

Mövlud da hiss edirdi ki, “iztirabların perspektivi yoxdu”, mәnә aid olan bu sözü çox qәddarcasına yazdığımı dәfәlәrlә demişdi mәnә, ancaq o sözü deyәn mәn zamanı nә irәli çәkә bilirәm, nә geri. Niyə? Çünki mən hətta ümidlərin öldüyünü bilsəm də, ondan əlimi üzməmişəm, onun iylənmiş cəsədini kürəyimə şələləyib harasa aparıram, sanki qəbiristanlığa çatanda qəfildən hiss edəcəm ki, kürəyimdə bir şey qımıldandı, dirildi və hoppanıb kürəyimdən düşdü, kəsdi yolumu, dedi, geri dön. Mәn hələ ki, sürәti alıb ağır sonu seçirәm. İşgәncәmi birә beş artırmaq yolunu. Ama daha səmimi etiraf etsəm, mən ümidimi yenə bilmədim. Mövlud isə izafi ruh itkisini qәbul etmәdi, özündən keçdi və ümidin o biri üzünə adlaya bildi... Ümidin görünməyən üzü! Ölümün o üzüdü ümidin o üzü...

Elçin Səlcuq da zamanı irәli çәkdi. Çox sürәtli deyildi. Zaman sadəcə saralırdı asta-asta.

Zabil Müqabiloğlu... vaxtını az qala Mövlud sürәtiylә aparırdı. Kәnardan müdaxilәlәr oldu vә vaxtını geri çәkdilәr, zamanın çarxları axarına düşdü, bu dәfә Zabil qәfildәn geri (yaxşılaşmaya) doğru gedәn zamana stop verib, yenidәn əqrəbləri sürәtlә irәli çәkmәyә başladı vә bu vaxt qәfildәn çarxlar ilişdi, sındı, vaxt dayandı... Sürətə tablamadı zamanı irəli aparan çarxlar.

Aydın isә...

Aydın isə nə ümidin o üzünə aşa bildi, nə bu üzündə eşələndi, Aydın sadəcə ümidlə oynadı, gizlənqaç oynadı, dava-dava oynadı onunla; gah Aydın gizləndi, ümid onu tapdı, gah ümid gizləndi, Aydın ondan küsdü... gah ümid vurdu, Aydın yıxıldı, gah Aydın vurdu, ümid yıxılmadı.

Aydın vaxtı öz әllәriylә gah geri, gah irәli çәkir. Onun bizdən tək fərqi də budu. Vaxtla, әvvәllә, sonla oynayır. Bu oyunda xırda nəfləri, kiçicik xeyirlәri var, bir günə beş dәqiqə, bir günə iki saat qazancı olur bu zaman hәrracında. Aydın çox zaman itirib bu günәcәn, ancaq o oyunda qazandığı dәqiqәlәrin hesabına gәlib әlliyә çatıb.

Bir zamanlar ona 41 yaşında yazmışdım: “41 Aydın, Aydın 41”. İndi әlli aydın var onda. O zaman Aydına çatmadı “aydın” sözcüyü, çünki onun xətrinə böyük yazmışdım. 41 Aydın sözünün 41 olmasa da, ikicə mənası vardı: onun varlığında yerləşən 41 aydın-ziyalı, üstəlik şəxsiyyətin vahidliyi ideyasının əksinə olaraq 41 varlıq. Bir də təbii ki, Aydın-41. Yəni 41 yaş.

...Bizim içmiz adamla doludu, özümüzlә doludu, üstəlik bəzilərində Allahla da, burda aydın olmayan nə var ki. Hәr yaş sayımızı bir әdәd dә artırır. Bir gün rәqәmlәr sıfırlanır vә olur, məsələn, Sıfır Pәrviz, Pәrviz Sıfır... Hətta mənim adım belə onun adı qədər mənaya, çalara malik deyil, Aydın canı...


Müəllif: Pərviz Cəbrayıl