6 Aprel 2018 16:10
3 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenidən “Ülkü ocaqları”na doğru?

Rusiya prezidentinin bu günlərdə Ankaraya baş tutmuş səfərini və burada üç ölkənin – İranın, Türkiyənin və Rusiyanın dövlət başçılarının bir araya gəlməsini nəzərə almasaq belə, bu gün Türkiyə dünya çapında ən çox adı hallanan ölkələrdən biridir.

Yaxın Şərqdə aparılan fəal siyasət, kürd yaraqlılarının neytrallaşdırılmasına yönəlik uğurlu hərbi əməliyyatlar, Rusiya ilə getdikcə dərinləşən və dönməz xarakter alan münasibətlər, bu xüsusda ABŞ və Avropa ölkələrindən duyulan qısqanclıq, hətta bir qədər tələskənliyi ilə seçilən bəzi media səhifələrində artıq Qərbi Asiya İttifaqı kimi hallanan, Qərb mediasının isə “Suriya tiumviratı” adlandırdığı Tehran–Ankara-Rusiya üçlüyü haqqında söhbətlər bitib tükənmir...

Elə Azərbaycanın özü də bütün bu prosesləri ciddi şəkildə izləyir və ondan yararlanmağın yollarını düşünür, çünki üç ölkə arasındakı indiki anlaşma və yaxınlaşma müəyyən mənada Azərbaycanın formalaşdırıdığı iki regional üçbucağın, Bakı-Ankara-Tiflis üçbücağı ilə Bakı-Tehran–Moskva üçbucağının sintezi kimi də yozula bilər. Bütün hallarda, məhz Bakı qeyd olunan iki ücbucağı fəallaşdırmaqla İran, Rusiya və Türkiyə arasındakı təmasları intensivləşdirdi.

Təbii ki, ortada “Astana prosesi” də az rol oynamadı, amma bir daha deyirik ki, Bakının da bu üçlüyün siyasi təmaslarının artmasında rolu az olmadı.

İndi tamam təbiidir ki, Bakı da haqlı olaraq bundan faydalanmağa cəhd edir və biz bu üçbucağın təmaslarının Suriya məsələsindən bir az kənara çıxmasının tərəfdarıyıq, çünki Qafqazda da çözülməli problemlər çoxdur və heç sözsüz ki, bunların da biri, hətta ən birincisi Qarabağ problemidir.

Yox, hadisələri qəti qabaqlamaq istəmirik, amma fürsətin əldən verilməsini də arzulamırıq, çünki hazırda Rusiya özü məngənədədir və Ankara ilə Tehran onu Qarabağ məsələsində daha konstruktiv bir mövqe tutmağa vadar edə bilər.

Qərəz, bir az gözləyək, görək, nə olur. Sözsüz ki, birincisi, Azərbaycanda prezident seçkilərilə bağlı işlər başa çatmalıdır. İkincisi, Rusiyanın özündə seçki bu yaxınlarda bitib, nazir S.Lavrovun yeni kabinetdə yer almayacağı haqqında söhbətlər gəzir. Üstəlik, bu günlərdə Azərbaycana təyin ediləcək səfirlə bağlı da ilk təxminlər səsləndi ki, bu məsələlər də başa çatmalıdır. Artıq bundan sonra aydın olacaq ki, bizim müəyyən ümidlərə qapılmağımızın əsası var, ya yox?

Həm də düşünürük ki, biz gözümüzü Kremlə dikməklə kifayətlənməməliyik, hələ ötən il yazırdıq ki, Rusiyanı “sıxmağın” ən effektiv yollarını tapmalıyıq. Budur, belə imkanın konturları görünür və təbii ki, bu konturların bir tərəfi də dərinləşən, sıxlaşan Ankara-Moskva əlaqələridir.

Amma Türkiyənin özü ilə bağlı da xeyli aydınlaşası məqamlar var. ABŞ-la Türkiyə arasındakı münasibətlərin perspektivi, ABŞ və Avropanın Türkiyənin sanksiyalara məruz qalmış Rusiya və İranla sıx əməkdaşlığına münasibəti necə olacaqdır?

Beləcə, çox sual sadalamaq olar, fəqət, buna lüzum yoxdur, çünki vaxt gələcək, bəzi sualların cavabı bəlli olacaq, digər suallarsa özləri spontan şəkildə gündəmdən çəkiləcək.

Bir daha deyirik ki, Türkiyə siyasətində indi böyük dinamizm duyulur və bunu daxili siyasətdə də görmək mümkündür.

Bilirsiniz, çox maraqlı proseslər gedir bu gün. Aprelin 4-də Alparslan Türkeşin anım günü idi. Ziyarətçilər tək Milliyyətçi Hərəkat Partiyasının üzvləri deyildi, Prezident Ərdoğan özü də onların arasında idi.

Bunu nəyin göstəricisi saymaq olar? Təkcə son vaxtlarda hakim AKP ilə MHP arasındakı sıx yaxınlaşmanın təzahürü kimimi?

Yox, məsələ bunda deyil. Bu yaxınlarda bir qaynaqdan oxuduq ki, qardaş ölkədə təzədən “Ülkü ocaqları”nın bərpasına icazə verilib. Bəli, indi Türkiyədə milli ruhun yüksəlməsinə həqiqətən ehtiyac var. Həm də hesab edirik ki, ölkəni bürümüş “Gülən şəbəkəsi”ni məhz “Ülkü ocaqları”nı bərpa etməklə aradan qaldırmaq olar. Düzdür, bəziləri hətta Türkeşi və onun davamçılarını da arabir dinçilərin sırasına qatmağa cəhd edir, amma bu, böyük yanlışlıqdır.

Bilirsiniz, ən azı niyə? A.Türkeşin doqquz prinsipindən biri stsientizm idi. Bu terminin isə mənası odur ki, yalnız elmi bilik ən yüksək mədəni dəyər səviyyəsinə qaldırılır. Bəli, yalnız elmi bilik...

Bir tərəfdən F.Gülənin timsalında dini şəbəkənin mövcudluğu, digər tərəfdən kürd separatizminə qarşı mübarizə, üçüncü tərəfdən də Türkiyənin daha çox müstəqilliyə can atması ölkədə millətçiliyin daha da gücləndirilməsi zərurətini yaradır.

İndi qardaş ölkədə elə vəziyyətdir ki, Avropanın və ABŞ-ın qeyri-səmimi siyasəti Qərb dəyərlərini, ümumiyyətlə, qərbçiliyi dəyərdən salır. Belə vəziyyətdə təbii ki, dinçilər dirçəlirlər. Bəs bunlara qarşı nə qoymaq olar? Əlbəttə, millətçiliyi. Türkiyədə də məhz bunu edirlər.


Müəllif: Hüseynbala Səlimov