8 Aprel 2018 15:47
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

...Bir atın hekayəsi.

...İlk görünüşdən güclü görünən bu heyvanın sümükləri çox kövrək olur. Əgər bir dəfə sınarsa heç vaxt bitişməz, sağalmaz. Çox abırlı heyvandır, doğuş sancıları tutduğu an ətrafında insan görərsə əsla doğmaz, yavrusunu bətnində boğar. İntuitiv qeyrətə malikdir, anası ilə heç bir halda cütləşməz!

Mən uşaq olanda ən böyük arzum atımın olması idi. Qarğı atlardan doymuşdum, arzularım böyümüşdü. Canlı at istəyirdim. Pulumuz olmadığı üçün atam mənə at ala bilmirdi. Hər gecə atın xəyalı ilə yatırdım. Bir çarə tapmağa çalışırdım. Kənddə atının balası olan adamlardan xahiş edirdim ki, atının balasını mənə versin. Amma heç kim razılaşmırdı.

Sonralar bildim ki, at on bir aya doğur. Özümə təsəlli tapdım ki, insanlar atın hisslərinə qıymadığı üçün yavrunu anadan ayırmaq istəmirlər. Düşünürdüm ki, on bir ay yavrusunu bətnində gəzdirən ana atı baladan ayırmaq günahdır. Sən demə bu insanlar da atın yavrusu bir az böyüyən kimi “kolbasa kombinatı” na satırlarmış... Mən bunu biləndə nə hisslər keçirdiyimi bir Allah bildi. Özümə söz verdim ki, mənim öz atım olanda heç vaxt yavrularını satmayacağam. Böyük bir at ferması yaradacağam!

Bilirsiz babam mənə nə deyirdi? Deyirdi ki, “Atdı, İtdi, Arvatdı etibar yoxdu”. Arvad bir yana elə bilirdim ki, babam atın haqqına girir. Babamdan küsürdüm...

Axır ki, arzuma çatdım atam mənə at aldı. Qəmər bir madyan. Atam mənə deyirdi ki, bax haa at hamilədir. Ehtiyatlı ol. Qıyıb atı minmirdim. Əzizləyirdim qarnını tumarlayırdım. Bütün günüm çöllərdə atla keçirdi. Evə gələndə yedəyimdə gətirirdim. Qorxurdum minərəm Qəmərimə ziyan olar. Tərəkəmələr yaz ayına “Yabı qızan ay” deyirlər. Həmin ilin yazında xəyal qırıqlığına uğradım. Nə görsəm yaxşıdı? Bıııy, mənim Qəmərim, göy-çəmənlikdə eyş-işrətdədir. Bu lənətə gəlmiş Qəmər Zahir kişinin Göy yabısına qoşulub mənə xəyanət edir! Başa düşürsünüz? Xəyanət! Sən demə hamilə deyilmiş... Bu mənim həyatımda baş vermiş ilk xəyanət hadisəsi idi. Hisslərim ağrıyırdı. Qəməri Göy yabı ilə baş-başa buraxıb qaça-qaça gəldim evə. Ata insanlıq dərsi vermək istəyirdim. Açığı heç Qəmərin gözünə də görünməmişdim, bu dəhşətli xəyanət zamanı özümü göstərmədim ki, birdən məni görüb vicdan əzabı çəkər Qəmər. Hadisəni atama anlatmağa çalışırdım, heç cür alınmırdı, utanırdım. Atam məndən niyə atsız gəldiyimi soruşdu. Heç nə deyə bilmədim...

Axşam üstü hava qaralanda Qəmər gəldi. Qapımızın ağzında durub kişnəyirdi. Arpa istəyirdi. Başımı pəncərədən çıxardıb hirslə dedim ki – Boğazında qalar, get sənə arpanı Zahir kişi versin – bir neçə gün bu hal davam etdi. Qəməri görməyə gözüm yox idi. Ara – sıra ya qardaşım ya da atam ona baxırdı, yemləyirdi.

On ay sonra...

Qəmərin qarnı böyümüşdü, əmcəyinə süd gəlmişdi. Mən yenə də onu bağışlamırdım. Elə bilirdim onun qarnındakı dayça nə qədər əclaf adam varsa onlara oxşayacaq. Artıq inəklərlə, qoyunlarla, itlərlə uğraşırdım. Amma mən yenə də öz insanlığımdan geri qalmırdım. Qəmər hamilə olduğu üçün itlərlə onun gözü önündə oynamırdım ki, stress keçirməsin. Hər halda hamilədir.

Martın 20 – si anam hay gətirdi ki, at doğub. Səhər çağı idi. Evdə kim var idisə hamısı gedib atın yavrusuna tamaşa edirdi. Məndən savayı. Hamı dağılışandan sonra özümdə güc tapıb çəpərin arasından boylanmağa başladım. Bay, görüdüm ki, Qəmərin yanında şip-şirin səmənd bir dayça var. Dayçanı görən kimi bütün kinim yox oldu, qoyunlar, inəklər hətta itlər də yadımdan çıxdı. Təbiətə göz aydınlığı verdim. Mən artıq Səməndin anası Qəməri bağışladım. Amma bir müəamma vardı ata Göy, ana Qəmər, yavru Səmənd. Nə isə. Çox dərinə getmədim. Özümü inandırdım ki, Göy yabıdan başqa yabılarla simfoniya çıxarmayıb. Düşündüm yəqin təbiətin hoqqasıdır...

Orta məktəbi bitirib sənədlərimi ali məktəbə verdim. Hisslərim böyümüşdür. Guya dünyaya başqa bucaqdan baxırdım. Rejissor olmaq istəyirdim. Hər iki imtahandan uğurla keçdim. Zəng edib dedim ki – Ata, mən universitetə qəbul olmuşam – atam da qayıdasan ki – a bala, boş-boş danışma, səndə istedad nə gəzir? Gəl qoyununu otar – hələ üstəlik dayılarım mənimlə küsülü qaldı, küsülü qalma səbəbləri isə bu idi ki, mən incə - sənət seçmişəm...

Birinci kursu bitirib kəndə qayıtdım. Səmənd böyümüşdür. Qəmər gözümə dəymədi, qardaşımdan soruşdum ki, bəs Qəmər hanı? Qardaşım dedi ölüb... Bu mənim həyatımda ilk ölüm itkisi idi... Sarsıldım. Of, uf etdim, bir neçə gündən sonra da tətilim bitdi, Bakıya getdim. Yeni sevdalarla yaşayırdım. Amma adamın üstündə Allah var hərdən Qəmər yadıma düşürdü. Düşürdü, amma hərdən...

Teatrlar, tamaşalar, əyləncələr ehtiraslı həyat yaşayırdım. Gözümə yumru eynək taxıb özümü ustadıma oxşadırdım. Gödəkcəmi çiynimə atanda elə bilirdim məndən aşağı kurslar mənə heyrətlə baxır!

İkinci, üçüncü kursu bitirmişdim. Kəndə zəng edib hal-əhval tutmaq istədim. Qardaşım telefonu açanda əvvəl sükut sonra isə dəhşətli ağlaşma səsi eşitdim. Babam ölmüşdü. Duyğularım gecənin zülmətinə dolaşmışdı taksiyə oturub kəndə getmək əvəzinə əmim Qəşəm gilə gedib çıxmışdım. Kəramət ağlayırdı. Əmim isə xəbəri eşitdiyi masanın arxasında donub qalmışdı. Bir anlıq mənə elə gəldi ki, Kəramətlə mən əmimdən daha çox yanırıq onun atasına... Doğrudur, bu düşüncə sərsəmlik idi, biz də əmim qədər yansaydıq ağlamazdıq...

Getdik... Dəfn etdik... Qayıtmadıq... Özümüzü əmimin atasına verib gəldik...

Dördüncü kursu bitirib kəndə getmişdim. Bir az istirahət edib əsgər gedəcəkdim. Səməndin altı aylıq yavrusu vardı. Düzü Səməndin nə hamiləliyindən, nə də altı aylıq yavrusundan xəbərim yox idi. Hər gün Səməndi minib babamın keçdiyi cığırlarda çapırdım, kölgəsində oturduğu ağacların yarpaqları ilə danışırdım. Ucsuz - bucaqsız Tərəkəmə çöllərində babamı axtarırdım. Bakıda korşalmış hisslərimi küləklərə verirdim. Mən babamı axtara – axtara daha bir faciə buldum. Sən demə canavarlar səməndin yavrusunu yeməsin deyə qardaşım Səməndi hər gecə həyətə gətirirmiş. Mən bunu bilmirdim. Gecə evə gələndə Səməndi yavrusu ilə amansız Tərəkəmə çölündə qoyub evə gəldim...

Səhər açılanda anam məni yuxudan oyatdı. Qapının ağzında Səmənd fəryad edirdi, nə atam nə də qardaşım ona yaxın düşə bilmirdi. O, məni axtarırdı. Məni görən kimi düz yanıma gəldi. Gözlərimə elə baxırdı ki... Nəsə anlatmağa çalışırdı, nə baş verdiyini anlamırdım. Yeganə gördüyüm şey yavrusunun yanında olmaması idi. Səməndin yalmanından tutub atıldım belinə. Yola düzəldik. İlk dəfə idi ki, mindiyim at iradəmə tabe olmurdu. Öz ritmi ilə gedirdi, ast – asta, elə bil məni duyğu burulğanına atmaq istəyirdi. Axır ki, gəlib çıxdıq məni gətirmək istədiyi yerə. Canavarlar onun yavrusunu parçalamışdı. Sadəcə təəssüf hissi keçirtdim ta ki o, ana qədər, mən geri dönüb qayıtmaq istəyəndə gözlərim Səməndin gözlərinə sataşdı, o, başını aşağı salıb ağlayırdı... Bu mənzərə dəhşət idi. Belə bir faciə yaşamamışdım.

Ordan uzaqlaşıb babamı axtarmağa davam etdim.

Bu hadisədən illər ötsə də hələ də babamı axtarıram, tapsam ona deyəcəyəm ki:

Baba, at məndən etibarlı imiş, daha duyğusal, daha romantik, daha sentimental...


Müəllif: Nicat Qərib