10 Aprel 2018 09:55
4 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

O hansı Azərbaycan problemidir ki, Türkiyədə də yaşanır?..

Ötən dəfə Türkiyədə hakim AKP ilə müxalif MHB arasındakı yaxınlaşmadan, hətta bunun inkişaf etdirilərək “Ülkü öcaqları”nın bərpasına razılıq verilməsindən, eləcə də Prezident R.T.Ərdoğanın da MHP-çilərlə birlikdə aprelin 4-də A.Türkeşin xatirəsini anmasından və ən başlıcası da, bunu zəruri edən səbəblərdən yazmışdıq.

Düşünmək olardı ki, mövzu tamamilə əhatə edilib. Amma yox, bu elə bir məsələdi ki, bunu bir yazıyla, özü də oxucuların səbrinə hesablanmış həcmdə olan bir yazı ilə tükəndirmək elə də asan deyil.

Qərəz, ötən dəfə yazdıq ki, hakim partiyanın ultra-sağçı Türkeş millətçiliyinə üz tutmasının bir nəçə səbəbi var. Biri Avropanın Türkiyə ilə bağlı apardığı yanlış siyasət ucbatından, ümumiyyətlə, Qərb dəyərləri deyilən anlayışların gözdən düşməsidir.

Bu konteksdə başqa bir proses də baş verir, ümumi qərbçiliklə birgə, Atatürk qərbçiliyi də, hətta Atatürk millətçiliyi də gözdən düşür, çünki o millətçiliyin ağırlıq mərkəzi Qərb dəyərləri tərəfdə idi. Bunu çox böyük təəssüf hissilə qeyd edirik, çünki 1-ci Pyotr Rusiya üçün nə etmişdisə, elə Mustafa Kamal da onu Türkiyə üçün etmişdi...

Digər səbəb isə budur ki, ölkəni bürümüş “Gülən şəbəkəsi”nə qarşı yalnız “Ülkü ocaqları”nı qoymaq mümkündü, çünki gənclik neqativ dini təsəvvürlərdən yalnız türk millətçiliyinə köklənərək qurtular.

Amma həmin yazını yazarkən bir səbəb də var idi ki, onu növbəti yazı üçün saxladıq. Təbii ki, Türkeşi Ərdoğanın nəzərində qaldıran bir başqa səbəblər də var. Bir daha deyirik ki, Türkeş İ.Qaspıralı, Ə.Hüseynzadə, M.K.Atatürk, Z.Toqan və b. isimlər kimi türk milli düşüncəsində önəmli isimlərdən biridir.

Mən hələ də Türkeşin dəfnini xatırlayıram. O vaxt onun partiyası Türkiyə Millət Məclisinə düşmək üçün zəruri səsi toplaya bilməmiş və parlamentdən kənarda qalmışdı. Amma Türkeşin dəfni elə möhtəşəm bir şəkildə keçdi ki, hətta prezidentlər də qibtə edərdi buna...

Amma Türkeşdə AKP-ni cəlb edən bir detal da budur ki, mərhum Başbuğ Türkiyədə güclü prezident üsul-idarəsinin tətbiq olunmasının ən ardıcıl tərəfdarlarından idi. Görünür, indiki MHB-nin Ərdoğanla ittifaq qurmasının bir səbəbi də budur.

Digər amil budur ki, sola meylli M.K.Atatürk millətçiliyindən fərqli Türkeş ultra-sağçı millətçi idi. Düzdür, onun da prinsiplərində kollektivizim və buna bənzər çağırışlar vardı. Amma Türkeşin uzun müddət çağırışlarından biri “Bütün türkləri mülkiyyətçi edəcəyik!” idi.

Həm də belə faktı unutmaq olarmı ki, Türkeş və ona bağlı siyasi qüvvələr lap əvvəldən Türkiyə ilə solçu dünya arasında bir sipər, qalxan, Alparslanın özü isə ən qatı anti-kommunist idi.

Amma bizə yenə də elə gəlir ki, daha bir səbəb də var. Ərdoğanın əsas müxalifəti CHP-dir. Sonuncu özünü daim M.K.Atatürk partiyası kimi, Atatürk ideallarının əsas flaqmanı kimi təqdim edir. Bu isə hakim AKP-də qıcıq yaradır, ona görə də onlar milli stimulları bir qədər kənar ünvanlarda axtarmağa başalayırlar.

Əslində bu, bizə tanış olmalıdır. Uzun müddət Azərbaycanda Birinci Respublikanın yaradıcılarına, xüsusən də əski Müsavata və onun liderinə qarşı sərin münasibət vardı. Son vaxtlar bu, bir qədər çəkilib və hətta bu il Birinci Respublikanın 100 illiyini qeyd etməyə hazırlaşırıq və qeyd etmək lazımdır ki, ölkə başçısı demək olar ki, bütün çıxışlarında bu əlamətdar hadisəyə toxunur.

Amma soyuqluq tamam çəkilməyib və onun bir səbəbi də əsas müxalifət partiyalarından birinin özünü “Müsavat” adlandırması və özünü əski partiyanın varisi elan etməsi oldu.

Mən bundan hansısa siyasi “resept” və nəticə çıxarmaq fikrindən uzağam, ən azı ona görə ki, bu məsələdə biz hakim ola bilmərik. Özü də bu, tək hadisə deyildi. Nə qədər qəzet özünə əski adları götürdü! Neçə siyasi qrup əski adlarla gündəmə gəlməyə çalışdı!..

Onları da başa düşürük, - hər bir qrup daha asan qəbul olunmaq üçün, yaddaşlara həkk olunmaq üçün özünü zamanın sınağından keçmiş milli simvollara proyeksiya edir.

Amma siyasi təşkilat üç atributun vəhdətidir: struktur, ideologiya və lider. Bəli, bu gün CHP özünü Atartürkün partiyası, onun ideallarının daşıyıcısı kimi təqdim edə bilər. Amma bir məsələ var: Kılıcdaroğlu bütün hallarda, Atatürk deyil...

Ona görə də günaha batmaq, milli simvollara qarşı soyuqluq yaratmaq lazım deyil, milli simvolları millətə qaytarmaq lazımdır. Hər fürsət düşəndə CHP-nin Atatürkün partiyası olması fikrilə AKP-ni cırnatmağa da ehtiyac yoxdur, çünki Atatürk həm də müasir Türkiyənin banisidir...


Müəllif: Hüseynbala Səlimov