10 Aprel 2018 21:15
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

An kimidir insan həyatı.

Yüz il də yaşansa, əlli il də, fərqi yoxdur, iki göz qırpımı arasında ötüb keçir...

Kəpənəyin bir dəfə qanadını açıb yummasıdır yaşam, qarışqanın bir çörək qırıntısını yuvasına dartıb aparmasıdır, qırğının balalarının yemləmək üçün çay sularına şığıyıb balığı çaynağına keçirməsidir...

Baxarsan, kənardan biri tor atar, kəpənək gedər...

Baxarsan, birinin ayağı altında qalar qarışqa, heç yoxmuş kimi...

Baxarsan, bir güllə açılar, qırğı balığını əlindən aldığı sulara çırpılar...

Yenə də, nə olursa olsun, heç nə olmamış kimi görünər hər şeyin olduğu dünya...

...Hər səhər avtobusda insanlara baxıram, hər axşam yenə... Baxıram, mənə elə gəlir ki, bu adamlar nə sübh soyuğunda pəncərəni açırlar, nə mas-mavi səmaya baxırlar səhərlər, nə gecəki yağışda yuyulub parıldaşan yarpaqlara, nə torpaq qoxusunu çəkiblər ciyərlərinə, nə quş civiltisi, it hürüşü eşidirlər çoxdandır...

“...Hərənin başı öz dərdinə qarışıb...”

Belə dedi səhər yol yoldaşım. Kiçik bir uşaq anasının qucağında oturub “Ağıllı kuklam” mahnısını oxuyurdu. Çox dəqiqliklə, səsinin tonunu düzgün saxlayaraq, sözləri aydın və açıq anladaraq, musiqinin ritmini doğru tutaraq. Avtobusdakıların çoxu səsə boylandı, sonra hərə üzünü bir yana döndərdi. Qaşqabaqlı, yorğun, bezikmiş sifətlər. Anası uşağın ağzını ovcuyla qapamaq istədi:

- Ayıbdı...

Hə, belə də dedi, dedi ki, “ayıbdı”.

Mən başımı yellədim, balacanın üzü mənəydi, gülümsədim, gözlərimlə işarə elədim ki, fikir vermə, oxu. Arxadan ehtiyatla anasının çiyninə toxundum:

- Xahiş edirəm, mane olmayın...

Ana geri qanrıldı:

- Hərənin başı öz dərdinə qarışıb...

...Bəlkə də bir quş nəğməsidir qızcığazın oxuduğu, bəlkə su şırıltısı, bəlkə quanq ağaclarının bir-birinə toxunan yarpaqlarının xışıltısıdır, bəlkə ocaqda yanan çırpı çırtıltısı, adamlar çoxdandı dinləmirlər...

Dinləmədikcə də unudurlar...

...Geniş foyedə məşq gedir, klassik musiqi çalınır, skripkanın ecazkar səsi dördüncü mərtəbəyəcən gəlib çıxıb, qapılardan içəri süzülüb, əllərim toxunurmuş kimidir musiqiyə...

Və budur, bir an kimidir yaşam, skripka səsinə dönüb...

Amma onun bir anlığı hiss olunmayacaq yavaşlıqdadır...

Zaman bu yerdə, bəlkə də hər yerdə üzünü göstərir - o yoxdur... Onu görə bilmərik, onu duya bilmərik deyə deyil, - sadəcə, yoxdur zaman...

Mən zamanı yaşamla üz-üzə tuturam aynada. Həyatla üz-üzə tuturam. Kim nə qədər varsa - o qədərdir həyatı, hər şeyin, hər kəsin yaşamı boyda zamanı var...

...”Qarşında hələ uzun bir ömür dayanır”...

Elə deyil...

Heç elə deyil...


Müəllif: Hədiyyə Şəfaqət