13 Aprel 2018 11:05
2 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə maraqlı, həm də narahatlıq yarada biləcək xəbər eşitdik. Özü də başqa yerdən yox, qonşu Gürcüstandan. Belə məlum oldu ki, baş nazir Georgi Kvirikaşvili hökumətin iclasında maraqlı təklif verib.

Deyib ki, Abxaziyanın və Cənubi Osetiyanın Avropa Birliyilə ticarətini asanlaşdıran tədbirlər görmək, həmin bölgələrin gənclərinin Qərbdə və Gürcüstanda təhsil almasına yardım etmək lazımdır...

Təhsil məsələsini bir az sonraya saxlayaq, əvvəlcə Avropa Birliyilə ticarət məsələsi ətrafında gəzişək. Amma irəlicədən onu qeyd edək ki, G.Kvirikaşvilinin təklifinin nə dərəcədə ciddiliyi və ya gerçəkləşməsilə bağlı detalların özü də ayrı söhbətin mövzusudur, çünki ən azı Gürcüstan dövləti təkcə baş nazirdən ibarət deyil, baxmayaraq ölkənin hakimiyyət ierarxiyasında onun səlahiyyətəri hamıdan artıqdır.

Baş nazir Georgi Kvirikaşvili cənablarının təklifi dərhal ermənilərin ürəyinə yağ kimi yayılıb və onlar dərhal Azərbaycanın da belə bir addım atmasının vacibliyini deyiblər.

Bu səbəbdən də məsələ adi bir söz oyunu deyil, onun ucundan tutub “inkişaf” etdirə də bilərlər. Xüsusən də nəzərə almaq lazımdır ki, artıq digər ölkənin – Moldovanın təcrübəsində belə şey var.

Əslində Moldova ilə bağlı məsələni çoxdan bilirdik. Hətta bir-iki dəfə işarə də etmişdik ki, Avropa Birliyilə danışıqlarda, təmaslarda bir qədər tədbirli və ehtiyatlı olmaq lazımdır.

Bəs Moldova ilə bağlı nə baş verib? Bəlli olduğu kimi, Kişinyov çoxdan Avropa Birliyilə assosiasiya sazişi imzalayıb. Amma gəl, bunun münaqişəli Dnestr bölgəsinə aidiyyatı yox idi, çünki Moldova bir dövlət olaraq ona nəzarət edə bilmir və bizim kimi gücü ona çatır ki, həmin bu Dnestr bölgəsini Ukraynanın köməyilə blokadada saxlayır, xüsusən də onun Rusiya ilə əlaqələrini məhdudlaşdırmağa çalışır.

Amma görün, Bressel nə etdi? Hansısa yolla Dnestrə Avropa Birliyilə ticarət etmək üçün əlverişli - rüsumsuz rejim təmin etdi və nəticədə Assosiasiya sazişinə imza atan Moldova hansı ticari - iqtisadi preferensiyalar almışdısa, bunlar onun separatçı bölgəsinə - Dnestrə də verildi.

İndi Dnestrin ticarətinin 35 faizi Avropa Birliyilə bağlıdır. Beləcə, bir daha deyirik ki, Brüssel Dnestr üçün əlverişli - rüsumsuz ticarət dəhlizi açdı və nəticədə də Rusiyadan ödənişsiz (borcu dörd milyard dollardan çoxdur!) qaz alan və bu yolla energetik problemlərini həll edən separatçı bölgə ticari problemlərini də qaydaya sala bildi.

Bəs Moldovanın buna münasibəti necədir? Təəssüf ki, bu xüsusda heç nə deyə bilmirik. Bildiyimiz odur ki, Kişinyov bölgəni Ukraynın köməyilə blokadada saxlamaqda davam edir. Burada maraqlı detal var: Dnestr məhsullarını Moldova sertifikatı ilə ixrac edir, bunu isə yalnız bu cür yozmaq olar ki, Kişinyov Tiraspolun Avropa Birliyilə əlaqələrinə bir qədər royal yanaşır.

Bəs Brüssel hərəkətini necə izah edir? Deyirlər ki, bununla guya Dnestryanı bölgəni Rusiyanın təsirindən və nəzarətindən çıxarmağa cəhd edirlər! Alınırmı? Hələ bunun heç əlaməti də görünmür, Kişinyovla Tiraspolun qarşıdurması əvvəlki tempdə və məzmunda davam edir.

Bəli, ilk baxışda Brüsselin hərəkətində “məntiq” də görmək olardı. Məgər demirikmi ki, keçmiş sovet məkanındakı separatçı ocaqların arxasında Kreml dayanır və onlara dəstək verir? Deməli, bir çıxış yolu qalır: həmin bölgələri bircə-bircə Rusiyanın nəzarətindən çıxarmaq.

Bəli, quru, formal məntiq baxımından hər şey “düz gəlir”. Amma yalnız formal məntiq baxımından. Real olaraqsa bir az əvvəldə dediyimiz kimi, hər şey necə vardısa, elə də qalıb. Ola bilsin, bunun üçün də zaman tələb olunur – problem deyil, onu da gözləyərik...

Daha çox nəzərə çarpan budur ki, Avropa Birliyini öz iqtisadi nüfuz sferasını genişləndirməkdən savayı heç nə düşündürmür. Bu günlərdə məlum oldu ki, hətta Mərkəzi Asiya ilə də bağlı xüsusi bir proqram nəzərdə tutulub və bu regionda ilk partnyor deyəsən, Qırğızıstan olacaqdır. Biz bunu alqışlayırıq, Mərkəzi Asiyada Rusiyanın təsirini real azaltmaq üçün həqiqətən də “atlantik küləklər”ə ehtiyac var...

Amma bir daha deyirik ki, Brüsseli sanki yalnız öz iqtisadi sərhədlərini genişləndirmək düşündürür. Bunlar üçün elə bil siyasi sərhədlər yoxdur və Tiraspolu da öz nüfuz sfeasına cəlb etməsi bizə elə gəlir ki, bunun ən bariz sübutudur. Amma bir standart olmalı və Brüssel də özünün iqtisadi tərəfdaşlarının siyasi maraqlarını da nəzərə almalıdır.

Qayıdaq Kvirikaşvili cənablarının məsələsinə. Bir şeyi demək olar ki, gürcü baş naziri çox tələsir, hələ onu demirik ki, çox böyük səhv edir. Bəlkə də təklifi ilə siyasi centlmen kimi görünmək istəyir. Amma o, gürcü cəmiyyətinin gözünə necə görünəcəyinin də fərqində olmalıdır.

Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, bir hadisə təsadüfdür, amma iki identik hadisə artıq tendensiyadır. Daha bir xoşagəlməz tendensiyaya imza atıb özümüz üçün problem yaratmağın nə mənası?..

Əgər Avropa ilə təmaslar və ya əlaqələr Dnestrin, Abxaziyanın və Cənubi Osetiyanın insanları, istehsalçıları, oradakı qondarma siyasi rejimlərin təmsilçiləri, xüsusən də gənclər üçün daha cəlbedicidirsə, qoy, daşı ətəklərindən töküb yaşadıqları ölkənin ərazi bütövlüyünü tanısınlar, mərkəzi hakimiyyətlərlə əməkdaşlıq etsinlər. Amma etmirlər, yapışıblar Rusiyanın ətəyindən...

Gürcüstan da, Moldova da separatçı bölgələrə Rusiyanın verdiyindən qat-qat artıq status təklif edir. Amma yox, bu, onları qəti qane etmir, Gürcüstana və Moldovaya gələndə müstəqillik tələb edirlər, Kremldənsə bir şey umurlar: icazə ver, nökərin olaq...

O ki qaldı bizim ermənilərə, Georgi Kvirikaşvilinin öz Gürcüstanında ağlına çox şey gələ bilər. Biz isə öz ağlımızla və məntiqimizlə yaşayırıq və ermənilər üçün yalnız bircə dəhliz saxlamışıq: Azərbaycan dövlətini və onun qanunlarını tanımaq!..

Azərbaycan indiyədək qondarma DQR-i tanımayıb və bundan sonra da tanımayacaq. Amma bir məsələ var. Ötən il Ermənistan S. Lavrovun proteksiyasıyla AB ilə bir “saziş” yapa bildi. Dağlıq Qarabağ erməniləri də bundan hansısa yolla faydalanmaq fikrinə düşə bilərlər, necə ki, indiyədək ən azı xaricə gedib-gəlmək üçün Ermənistanın sənədlərindən istifadə ediblər. Ona görə də Avropa Birliyi ilə təmaslarda və danışıqlarda belə məqamları diqqətdə saxlamalıyıq...


Müəllif: Hüseynbala Səlimov