20 Aprel 2018 22:31
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün kolleksiyaçı dostum Ruslan Rəhimov ilk sərgisini keçirdi.

Sərgidə Azərbaycan Cümhuriyyəti pulları, Səfəvilər, Elxanilər, Şirvanşahlara aid sikkələr, müxtəlif markalar, kitablar, sənədlər nümayiş etdirildi.

Kolleksiyaçı ona ünvanlanmış “niyə bunları yığırsan” sualına qısa cavab verdi: “Mənə zövq verir”.

4 ildir kolleksiyaçılıqla məşğul olduğum üçün davamlı şəkildə bu sualla qarşılaşır, konkret nə cavab verə biləcəyimi bilmirəm.

Çünki adi bir oxucu üçün bir kitabın üzərində müəllifinin imzasının olub-olmaması önəm daşımır. Onun üçün mətnin özü önəmlidir, kitabın nəşr ili, nəşriyyatı, kağızı, qoxusu heç bir əhəmiyyət daşımır. Amma bir kolleksiyaçı üçün bunlar olduqca mühümdür.

Bu yaxınlarda Türkiyənin tanınmış bukinist və kolleksiyaçılarından Uğur Güracarın bir müsahibəsini oxudum. Uğur bəy kolleksiyaçılıq fəlsəfəsini bu şəkildə izah edir:

“Bu işin müştərisinin xüsusiyyətləri bəllidir; pulu, təhsili və fantaziyası olmalıdır. Tutaq ki, əlimdə Atatürkün “Nutuq” kitabının millət vəkilləri üçün çap edilmiş ilk xüsusi buraxılışı var. Adi oxucu hər hansı bir nəşriyyatın çap etdiyi 20 lirəlik kitabı alacaq, niyə məndəki kitaba 2 min lirə versin ki? Əgər digərinə deyil, buna diqqət göstərirəmsə, demək ki, pulum, dəyərini anlayacaq dünyagörüşüm və rəfimə orijinal bir kitab qoymaq kimi fantaziyam var! Hər kəsin fantaziyası olmur, ona görə də həyatları quru və rəngsizdir”.

Uğur bəyin bu cavabı prosesi olduqca gözəl izah edir.

Çünki kolleksiyaçılıqda pulun olması əsas şərtdir. Təəssüf ki, azərbaycanlı kolleksiyaçılarda bu məsələ ağrılı olduğu üçün dünyagörüş və fantaziyanın genişlənməsinin qarşısını alır.

Məsələn, bu yaxınlarda Azərbaycan tarixinə aid olduqca nadir bir material sırf bu səbəbdən bizim kolleksiyamıza daxil ola bilmədi.

Dünyagörüş məsələsi də çox önəmlidir. Bir kolleksiyaçı məşğul olduğu sahə üzrə əsas standartları, qiymətləri bilməli, bu mövzuda kifayət qədər araşdırma aparmalıdır. Bəzi mövzular isə xüsusi bilik tələb edir. Məsələn, sikkə kolleksiyaçısı mütləq şəkildə ərəb əlifbasını bilməli, sikkəni zərb edən dövlət və onun hökmdarı haqqında əsas məlumatlara sahib olmalıdır.

Ən əsası isə Uğur bəyin də dediyi kimi, fantaziya olmalıdır.

Mənə görə fantaziya məsələsi ən aktualıdır.

Çünki zəngin insanlar arasında hər kəs kolleksiyaçı deyil.

Kolleksiyaçılıq kasıblıqdan və zənginlikdən öncə fantaziya işidir.

Tutaq ki, siz Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabına sahib olmaq istəyirsiniz.

Adi oxucusunuzsa, kitab mağazasından 3 manata əldə edəcəksiniz. Daha yaxşı təhsilə, dünyagörüşə maliksinizsə, siz onun ərəb qrafikasında olan orijinalını axtarıb mütaliə edəcəksiniz. Əgər kitab toplama ilə bağlı fantaziyanız varsa, siz mütləq şəkildə xeyli pulunuzdan keçib həmin kitabı üzərində müəllifin imzası olan bir nüsxəsini tapıb rəfinizə qoyacaqsınız. Gündə ən azı bir dəfə həmin kitabı rəfinizdən götürüb imzaya diqqətlə baxacaq, müəllifin hansı şəhərdə, hansı şərtlər altında bu kitabı yazmasını düşünəcək, imzalayıb hədiyyə etdiyi şəxslə görüşünün necə baş tutmasını xəyal edəcək, bu kitaba iki dəyərli şəxsiyyətin toxunduğunu təsəvvürünüzdə canlandırıb xoşbəxt olacaqsınız.

Sonuncu cümləni boşuna işlətmədim.

Çünki dahi Höte deyirdi ki, dünyanın ən xoşbəxt adamları kolleksiyaçılardır.


Müəllif: Dilqəm Əhməd