24 Aprel 2018 09:15
2 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhaninin köməkçisi Əli Yunusi “azərilər türkcə danışan farsdır” deyib. Buna cavab olaraq Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur və Hadi Bahadır Ruhaniyə məktub ünvanlayıb, məktuba 50 türk deputat imza atıb.

Məktubda yazılıb: “Yunusinin İrandakı azlıqlarla bağlı bu açıqlamaları ölkə təhlükəsizliyinə zərər verir. Quranda da irqi ayrı-seçkilik etmək böyük günah hesab olunur. Onun bu məktubu azəri, türkman, qaşqay, xəzər kimi türk dilində danışan, ölkənin təxminən 40 faizini təşkil edən türk qövmünə böyük təhqirdir”.

***

Bu il Azərbaycan Cümhuriyyətinin elan edilməsinin yüzüncü ildönümüdür. Yüz il əvvəl bölgədə Azərbaycana qarşı olan təhlükələr qəribədir ki, mövcudluğunu qoruyub saxlayır. Yüz il əvvəl də ermənilər Rusiyanın təhriki ilə Qarabağda üsyan qaldırmışdılar. Yüz il əvvəl də Tehran Azərbaycan hökumətini, hətta Azərbaycan adını tanımaq istəmirdi.

Tehran hökuməti Arazın şimalında çağdaş, dünyəvi bir dövlətin olmasını yüz ildir ki, həzm edə bilmir. Zaman-zaman ərazimizlə, dövlətimizlə bağlı şimali İran, Bakı dövləti kimi ifadələr işlədən Tehran qarşıdakı yüz ildə də bu iddialarından əl çəkməyəcək. Buna görə də hər cür yolla Ermənistana dəstək olur, Azərbaycanın daxilindəki bəzi radikal dinçi qruplaşmalara dəstək verir, onların liderlərinə əl öpdürür.

İran şimalındakı çağdaş dövlətin cənuba daim örnək olduğunu başa düşdüyü üçün mütəmadi şəkildə oradakı milli azadlıq hərəkatlarını boğur, qəzetlərdə təhqiramiz karikaturaların, yazıların çıxmasına şərait yaradır, 30 milyonluq türk millətini assimilyasiya etmək üçün guya sonradan türkləşdiklərini bildirir.

Tehranın Güney Azərbaycan türklərinin guya fars olması ilə bağlı iddiasının da yüz ilə yaxın yaşı var. Cümhuriyyət dönəmində dövlətə Azərbaycan adı qoyularkən buna qarşı çıxmışdılar. Məhəmmədəmin Rəsulzadə bu barədə məqalə yazaraq Azərbaycan dövlətinin rəsmi sərhədlərini göstərmişdi.

Rəsulzadə mühacirət illərində, 1923-cü ildə İstanbulda “Azərbaycan Cümhuriyyəti” kitabını yazıb ölkəmizi təbliğ edəndə Tehran yenə qarşı çıxmışdı. Belə ki, həmin vaxt Tehranda çap olunan "Mihen-i yevmiye" qəzeti bu kitabı tənqid edir, əleyhinə məqalə çap edir.

Rəsulzadə də bu məsələyə geniş bir məqalə həsr edərək "Yeni Kafkasya" jurnalında çap etdirir. Həmin məqalədən sitat: “İranlı dostlarımızın ən çox hirsləndikləri şey mənim azərbaycanlıların türk olduqlarını iddia etməyimdir. Fəqət bu iddiaya hirslənməkdən daha bayağı bir şey təsəvvür etmirəm. Bir xalqın milliyyətini tədqiq edərkən, danışdığı dilin əhəmiyyəti varsa, bu məntiqlə azərilər türkdür... Çingizin təbrizliləri fars ikən türk etdiyini söyləmək qədər qeyri-ciddi bir cavab təsəvvür edilə bilməz... Dədə Qorqudun dili bu gün İrəvan ilə Təbrizdə söylənən dildən çox da fərqli deyil...”.

Sonralar sapı özümüzdən olan Əhməd Kəsrəvi bu iddiaları genişləndirərkən Rəsulzadə bu səfsətəni birdəfəlik çürütmək üçün kitab yazmağı düşünür. “Azərbaycan şairi Nizami” ilə bu ittihamlara cavab versə də, nəzərdə tutduğu kitabı yazmağa ömrü yetmir. Həmin illəri onun gənc dostu Eldəniz Qurtulan sonralar belə xatırlayacaqdı:

“Ankara. Yenişəhər. Sakarya caddəsi, No: 67/3. Qapını Leyla xanım açdı. Məni tanıyırmış, içəri dəvət etdi. Əyləşdim, Əmin bəy gəldi. Hələ Türkiyə adətlərinə alışmamışdım, əl öpmürdüm. Qucaqladı məni. Çox sevimli, istiqanlı bir insandı. Gətirdiyim kitabları verdim, sevinərək aldı, adlarını tək-tək oxudu: “Dadgah, Azer ve ya Zebane Bastani Azerbaygan, Pasoh ber Pasoh, Der Pasohe Bedhahan, Şiegeri, Sufigeri"... Əhməd Kəsrəvi, bu kitabların yazarı təbrizli, yəni azəri olduğu halda fars millətçisidir, əleyhimizə əsərlər nəşr edir. Onun iddialarını çürüdəcək bir əsər düşünürəm. Ortaya çıxdığında görərsən”.

Göründüyü kimi, yüz ildir İranın dərdi şimalda çağdaş, dünyəvi dövlətin olmasıdır. Bu dövlət isə Güney Azərbaycanın da müstəqilliyinin tək ümididir...


Müəllif: Dilqəm Əhməd