30 Aprel 2018 12:36
1 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlil Məmmədquluzadə Şeyx Nəsrullaha çox bənzəyirdi, zira onların hər ikisi ölüləri diriltmək istəyirdi.

Bir yazıçıya onun dini baxışları ilə qiymət verilməz.

Məhəmməd Füzulini dindar olduğuna görə şişirtmək doğru olmadığı kimi Mirzə Fətəli Axundzadəni də ədəbiyyat tarixindən kənarlaşdırmaq doğru olmazdı.

Nə qədər klişeyə çevrilmiş bir fikir olsa da, yazıçıdan sonra onun əsərləri qalır, nəinki dini baxışları.

Lakin bununla belə, əsrlərdir ədəbiyyatı cənginə alan bir siyasət də mövcuddur.

Ədəbiyyat humanist peşədir.

Lakin həmin bu humanist peşə bəzən siyasiləşərək hakim sinfin maraqlarına xidmət etmək vəzifəsinə təyin edilib.

Hakimiyyətə gələn kimi "qırmızı terror"a başlayan Lenin inqilabın rəhbəri idi.

Lakin həmin Lenin Tolstoyu "rus inqilabının güzgüsü" adlandırırdı.

Tolstoy isə zülmə zülmlə cavab verməmək müddəası ilə pasifizmin öndəri və Mahatma Qandinin müəllimi idi.

Şagirdlər (Lenin və Qandi) bir-birinə bənzəmir.

Kiçik bir haşiyə: Cəlil Məmmədquluzadə Hüseyn Caviddən 16 yaş böyük olsa da, eyni müəllimdən Məmmədtağı Sidqidən dərs almışdı və bu şagirdlər də bir-birlərinə heç bənzəmirlər. Amma Sidqinin oğlu Molla Nəsrəddin qəzetinin redaktoru, özü isə yazarı idi.

Bu amansız siyasət qovğaları ədəbiyyatı əzəli mahiyyətindən qoparıb gurultulu və pafoslu meydanlara çıxarırdı.

Ədəbiyyat birbaşa şəkildə siyasətin quluna çevrilə bilməzdi.

Bunun üçün senzorlar işləyirdi, bütöv institutlar çalışırdı.

Fridrix Nitsşenin "Fövqəlinsan"ının milliyəti yox idi, lakin nasist senzura onu alman etdi.

Lakin Cəlil Məmmədquluzadənin din haqqında görüşlərini şərh edən sovet filoloqları nasist metodlarından istifadə etməyə ehtiyac duymadılar.

Çünki Cəlil Məmmədquluzadənin antidini mövqeyi Mirzə Fətəli Axundzadə qədər sərt tonla ifadə edilməsə də, kifayət qədər güclü idi.

Ədib öz "Xatiratım"da dini baxışları açıq şəkildə ortaya qoymuşdu:

"Ancaq islam tayfalarının uzun əsrlər müddətində fəlakət və cəhalətdən qurtarmamaqlarına tək bircə islam dinini bais hesab edən bir dinsiz üçün "Həyat"ın (Əhməd bəy Ağayevin baş redaktor olduğu, Hacı Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi qəzet) moizələri əlbəttə ki, xoş gələ bilməzdi".

Uzun illər boyunca Sovet hökuməti Cəlil Məmmədquluzadəni bir din düşməni, alovlu ateist kimi təqdim etdi.

Cəlil Məmmədquluzadə Axundzadə ilə birlikdə ateizmin atasına çevrildi.

Onlar ateist idilərmi?

Əlbəttə.

Lakin burda ciddi bir məqam vardı və araşdırmalarda o məqam həmişə şüurlu şəkildə nəzərdən qaçılırdı.

Sovet ədəbiyyatşünaslığı və fəlsəfəni maarifçiliyin məzmununu heç bir zaman obyektiv şəkildə qavramamışdı.

Cəlil Məmmədquluzadə üçün ateizm məqsəd deyildi.

Məqalələrinə, hekayələrinə, hətta “Ölülər”ə baxanda bunu aydın görmək olar.

Cəlil Məmmədquluzadə alovlu bir maarif tərəfdarı idi.

Din maarifin əleyhinə idi, buna görə də o, dinə qarşı çıxırdı.

Maarifçilərin məqsədi ateizmi yox, maarifi yaymaq idi.

Cəlil Məmmədquluzadənin bircə məsləyi vardı, o da maarifçilik idi.

Elə buna görə də Molla Nəsrəddin jurnalının adının dəyişdirilib “Allahsız” qoyulmasından narahat olmuşdu.

Marks yazırdı: İnqilaba qədər dinlə düşmən olan burjuaziya inqilabdan sonra din ilə nikaha girir.

SSRİ-nin din siyasəti də Marksın təsvir etdiyi kimi olmamışdımı?

Tarixçi alim Arif Yunusun “Azərbaycanda islam” monoqrafiyasının Sovet zamanı ilə bağlı fəslinə diqqət yetirsəniz görərsiniz ki, SSRİ-də din əleyhinə təbliğat Böyük Vətən müharibəsinə qədər davam etmiş, ondan sonra din əleyhinə mübarizə tamamilə dayandırılmışdı.

SSRİ cəmi iyirmi il sonra maarifçilik ideyalarından əl çəkmiş, “dinlə nikaha girmiş”, fəlsəfəi və ədəbi əsərlərə sərt senzura tətbiq etmişdi.

Məhz SSRİ-nin sərt ideoloji siyasəti nəticəsində elmdə, ədəbiyyatda, incəsənətdə antimarksist təzahürlər beşiyindəcə boğulmuşdu.

Marksizmin ən güclü fəlsəfi fikir olduğu vurğulanmış, dünya fəlsəfəsinin məqsədinin marksizmi yaratmaq olduğu elan olunmuş, lakin ona zidd təmayüllərlə polemikanı XDİK (Xalq Daxili İşlər Komissarlığı) və DTK (Dövlət Təhlükəsizlik Komitəsinin) müstəntiqləri aparmışdı.

Elmi ateizm yalnız bir universitet fənni olmuş, Corc Oruelin “1984” romanındakı adıyla “prol”lara, sadə xalq kütlələrinə elmi ateizm təbliğatı təqdim olunmamışdı.

Çünki SSRİ insanların qəlbinin kommunizm romantikası ilə dolduracağına inanmırdı, boşluğu dinlə doldurmaq istəyirdi, tam formal şəkildə ateizm təbliğatı aparılırdı. Yəni xalaxətrin ateizm.

Din yenə də tiryək olmuşdu.

Cəlil Məmmədquluzadənin maarifçilik ideyaları tamamilə unudulmuş, o bir ateist yazıçı kimi psevdo təqdimatla prollara sırınmışdı.

SSRİ Dostoyevskini yasaqlayan bir zehniyətin daşıyıcısı idi.

Bu zehniyyətlə maarifçilik bir araya sığardımı?

Dostoyevskini yasaqlayan bir zehniyyət Cəlil Məmmədquluzadəni anlada bilərdimi?

Vaxtilə, Çin inqilabının lideri Mao demişdi: “O kotanlar sizin diplomlarınızdır”.

Stalin haqda deyirlər: “O, SSRİ-ni kotanla aldı, atom silahı ilə qaytardı”.

Qısası...

Cəlil Məmmədquluzadə ideyalarını gerçəkləşdirəcək bir quruluş yəqin ki, heç zaman mövcud olmayacaq.


Müəllif: Qan Turalı