30 Aprel 2018 15:09
3 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanı artıq baş nazir saymaq olarmı?..

Qarşıdakı bir-iki gün zəhləmiz getmiş Ermənistanda bütün hallarda həlledici olmağı vəd edir. Məhz bu müddətdə nəhayət ki, baş nazir məsələsi çözülməli, ölkədə iki həftədir iflic olmuş hakimiyyət institutu müvəqqəti olsa da, bərpa edilməli və bundan sonra görüləcək işlər aydınlaşmalıdır.

Hər iki tərəf çox ciddi hazırlıqdadırlar, demək olar, hər gün yeni ssenarilər meydana çıxır. N.Paşinyan və onun etirazçılar ordusu küçə və meydanlarda, daha doğrusu, ölkənin içində, hakim partiyanın qalıqlarısa onun xaricində möhkəmlənməyin ən müxtəlif variantlarını müəyyən etməyə çalışırlar.

Artıq ötən həftənin son günlərində bütün parametrlərdən yanaşanda N.Paşinyan və tərəfdarları daha güclü görünürdülər: Sərkisyan partiya sədrliyindən də imtina etmiş, daşnaklar, “Ciçəklənən Ermənistan” partiyası etirazçıların tərəfinə keçmiş və hətta hakim partiyanın böyük hissəsi Karen Karapetyanı müdafiə etmək istəmirdi.

Etirazlara gəldikdə isə, hələki ictimai yorğunluq duyulmur, mitinqlər kəmiyyətcə böyüməkdə davam edirdi.

Amma Karen Karapetyan da təslim olmaq istəmirdi. Səbəbi də bu idi ki, son günlərdə Kremldə əvvəlki çaşqınlığı ayılma əvəz etmişdi, bütün əlaqələr işə düşmüşdü: Kreml liderlərlə Ermənistan hakimiyyəti arasında intensiv zəngləşmələr başlamış, S. Lavrov öz sevimlisini – Xarici İşlər naziri E. Nalbandyanı Moskvaya dəvət etmiş, bir qrup rusiyalı deputatsa vəziyyəti yerindəcə qiymətləndirmək üçün İrəvana səfər etmişdi. Ən başlıcasısa, aydın oldmuşdu ki, vəziyyət bilavasitə Putinin nəzarətindədir.

Axır günlər siyasi meydanda iki əsas aktor vardı: biri Paşinyan və etirazçılar, digəri isə Kreml. V.Putin hələ də israr edir ki, hakimiyyət məsələsi mövcud qanunlar çərçivəsində, bu vaxta qədərki siyasi sxem hüdudlarında həllini tapmalıdır.

Tapacaqmı? Güman etmirik. N.Paşinyan baş nazir olmaqda israrlı görünür, baxmayaraq ki, ən azı ölkədən kənarda getdikcə hamının diqqətini daha çox onun qeyri-standart görkəmi, jestləri cəlb edir və çoxu bu adamı hakimiyyət institunun başında qəti təsəvvür etmir və böyük səbrsizliklə “məxməri inqilab”ın kölgədəki “oyunçu”larını müəyyən etməyə tələsir. Hamı hələ bu fikirdədir ki, onlar mütləq var, çünki ola bilməz ki, bir deputat və ya jurnalist bu boyda etirazı təkbaşına təşkil etmiş olsun.

Kölgədəki “oyunçular”ın qismində hətta eks-prezident L.Ter-Petrosyanın da adı çəkilir. Düzdür, Paşınyan bir ara Petrosyanla çox yaxınlaşmışdı, amma bu yaxınlığın indi davam edib-etməməsilə bağlı bizim heç bir məlumatımız yoxdur. Üstəlik, yetmiş iki yaşlı Petrosyanın siyasi proseslərdə iştirakı, xüsusən də onun siyasi palnları haqqında da heç bir söz deyə bilmirik.

Qərəz, vəziyyət mürəkkəbdir və hələ xeyli vaxt mürəkkəb olaraq da qalacaq. Bunun bir səbəbi Ermənistanın yeni siyasi modelidir. Parlament respublikalarında hökumətin formalaşdırılması həmişə böyük çətinliklərlə müşayiət olunur. İkinci səbəb isə mövcud durumdur – məsələ bundadır ki, “kimin kim olması”nı müəyyən etmək üçün ölkədə mütləq növbədənkənar seçkilər keçirilməlidir və yalnlz bundan sonra əsl legitim hökumət qurula bilər. Bu isə müəyyən vaxt və çox mürəkkəb siyasi dövr demək olacaq.

Mayın ilk günlərində formalaşacaq müvəqqəti hökumətə gəldikdə isə, əslində Karen Karapetyan da prezident Armen Sərkisyan kimi Paşinyan cənabları ilə görüşə qaça-qaça getməli idi. Amma o, bunu etmədi, hətta görüşdən imtina da etdi. Kimə arxayın idi? Əlbəttə, Kremlə. Bəs Kreml özü kimə arxayındır? Əlbəttə ki, süngüsünə...

Amma sonuncu variant Kremlin özünə də heç nə vəd etmir. Qərbdəki güclü erməni diasporu Ermənistandakı hakimiyyəti müdafiə etmir, həm də etirazçılar da dəfələrlə bildiriblər ki, onların hədəfi tək Serj Sərkisyan yox, ölkədəki mövcud hakimiyyətdir.

Kremlin özünün zora müraciət etməsi və yaxud yerli hakimiyyəti buna sövq etməsi ona gətirib çıxarar ki, hələ də Rusiya məsələsində nala-mıxa vuran D.Trampın da tərəddüdlərinə son qoyular: Qərb ikinci Ukraynanı Kremlə bağışlamaz.

Demirik ki, onlar durub Ermənistana görə Rusiya ilə vuruşacaq, yox, təbii ki, belə olmayacaq, amma Rusiyanın ətrafına sanksiyalardan elə çəpər çəkiləcək ki, o özü çökəcək.

Üstəlik, Karapetyan da yəqin, nəyə getdiyinin fərqindəydi, məgər o, V.Yanukoviçdən güclü olacaqdımı? Düzdür, Rusiyanın sərəncamında daha bir, özü də təsirli “rıçaq” var – bu Qarabağdır. Amma düşünmürük ki, indiki məqamda o, bundan faydalana biləcək.

Birincisi, hakimiyyətin hətta Qarabağdan gətirdiyi hərbi hissələr də etirazçıların tərəfinə keçib. İkincisi, indiki məqamda bu və ya digər yolla Dağlıq Qarabağda nəsə etməyə çalışmaq Qərbin indiyədək bu problemə baxışda gözləməyə çalışdığı kövrək balansı ciddi şəkildə poza bilər.

Ona görə də burada da hələ birinci Ukrayna hadisələri zamanında politoloq Qleb Pavlovski cənablarının dediyi sözlər yada düşür: “O şey ki, baş verməlidir, onun qarşısını almağa çalışmağa dəyməz”.

Bəli, düşünürük ki, bir vaxtlar Kremlə ideoloqluq etmiş bu adamın sözləri Ermənistan hadisələrinə münasibətdə də siyasi maksima olmaq gücündədir: o şey ki, baş verməlidir, o, mütləq olacaq...

Görünür, son anda Karapetyan da, hakim partiya da bunu nəzərə aldı – dünən günün ikinci yarısında xəbər gəldi ki, onlar baş nazir postuna öz namizədlərini irəli sürməyəcəklər. Bu isə o deməkdir ki, Paşinyanın şansı bir az da artdı. Öz şanslarını artırmaq üçün o, bu ərəfədə bir neçə geosiyasi bəyanat vermiş və Rusiyanı arxayın salmağa çalışmışdı. Təbii ki, o, bunu etməyə bilməzdi, əks təqdirdə Kreml onun yolunda dəmirdən çəpər çəkərdi. Və aydın məsələdir ki, Nikol müəllim hakimiyyətə gəlsə, heç də dediklərinin hamısını etməyəcək.

Çünki artıq elə indidən sual yaranır: Ermənistan vassal dövlət kimi qalacaqsa, Qarabağla bağlı da bu vaxta qədərki siyasət davam edəcəksə, onda Sərkisyanı devirməyin hansı mənası vardı? Lap tutaq ki, Sərkisyan hakimiyyətini fırıldaqla uzatmağa çalışdığı üçün devrildi. Bəs onda Karapetyanın qarşısına səd çəkməyin nə mənası vardı? Ona görə də çox böyük ehtimlla Paşinyan baş nazir olacaq, təbii ki, Kremlin başqa məxfi planı yoxdursa – Kremlə elə adam lazımdır ki, hakimiyyətə gəldiyi üçün özünə yox, Moskvaya minnətdar olsun...

Həm də deyildi ki, Nikol müəllim də rusiyalı deputatlarla görüşüb, görünür, onları da inandıra bilib. O ki qaldı onun görkəminə, çiynindən çıxarmadığı yol çantasına və siyasi təcrübəsinə - bu, artıq bizim qayğımız deyil, qoy, bunun dərdini ermənilər özləri çəksinlər...


Müəllif: Hüseynbala Səlimov