22 May 2018 14:32
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət Qadınları silsiləsindən

1919-cu il mayın 28-də Azərbaycan Cümhuriyyətinin ildönümü bayram edilirdi. Həmin gün Bakı qadınları əllərində gül-çiçək övladları, yaxınları ilə birgə küçələrə axışmışdı.

Bakı azadlığını bayram edirdi.

Qadınlar toplum halında Bakı bulvarına gəldilər. Həmin günə kimi bir nəfər belə olsun müsəlman qadını bulvarda olmamışdı. Yasaq idi. Sahilin gözəl əyləncə yerlərinə, kazinolarına, sinemalarına yalnız kişilər öz əcnəbi sevgililəri ilə gedirdilər.

Bulvar mühafizəsi qadınların yolunu kəsdi; Olmaz! Yasaqdır! Müsəlman qadını Bulvara gələ bilməz! Qadınlar dirəndilər; Çəkilin önümüzdən. Biz Cümhuriyyət qurmuşuq ki, bu cahil qaydaları yer üzündən silək. İndi siz də bizə yasaq qoyursunuz?

Qarşıdurma böyüdü. Qələbəlik artdı. Bir müddət sonra qadınlar canlı şəridi yarıb gurultu ilə Bakı Bulvarına girdilər. Bu, Azərbaycan qadınının Bulvara getməyə nail olduğu ilk gündür. Tarixi gündür; 28 may, 1919-cu il. Cümhuriyyətin ildönümü günü.

Bu tarix Bakı Bulvarına lövhələrdə yazılıb vurulmalıdır.

Azərbaycan qadını bilməlidir, bu gün maneəsiz dolaşdığı Xəzərin mavi sahili qadın uğurudur, qadının tarixi nailiyyətidir.

Bu nailiyyət Cümhuriyyət qadınlarının nəsillərə töhfəsidir.

Həmin günün səhərisi Bakıda böyük mübahisələr başlayır. Mühafizəkar dini dairələr od püskürür, müsəlman qadınının Bulvarda görünməyini qiyamətin əlaməti kimi qiymətləndirirlər.

Bakı qoçuları əlisilahlı Bulvarın yolunu kəsdirir.

Mətbuatda qarşıdurmalar, tərəflərin bir-birinə yağdırdığı ağır ittihamlar baş alıb gedir. Məscidlər qızğın və qızışdırıcı müzakirə meydanına dönür. Ertəsi gün Cümhuriyyət hökuməti qadınları müdafiə edən bəyanat yayır. Bakıda fikir qarşıdurmaları kəskinləşsə belə həmin gündən sonra o yasağı bir daha geri gətirmək olmur. Qadınlar istədiklərinə nail olurlar.

Əziz qadınlar, Lütfən, sahildə şad-xürrəm dolaşırkən o mübariz sələflərimizi, mücahid analarımızı anın. Onlar, indi kiçik bildiyimiz bir çox mühüm azadlıqlarımızın müəllifləridir.


Müəllif: Mehriban Vəzir