24 May 2018 20:00
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç vaxt gözəl bir qadının xırda-xuruş işlərdə çalışa biləcəyini ağlımın ucundan da keçirməmişdim. Elə bilirdim ki, “həyatın sürünənlər tərəfi”nə onların yolu düşə bilməz. Təbiətin bəxş etdiyi gözəlliyin onları yüksəliş pilləkənində yuxarı qaldırdığını düşünürdüm. Heç belələrinə o yerlərdə rast da gəlməmişdim. Etiraf edirəm ki, bu, məsələyə bir az əxlaqsız yanaşmadır, amma fikir açıqlığı həmişə dəbdə olmayıb.

Metronun üstündə limon satan bir qadınla nəzəri tanışlığa qədər qətiyyətlə bu fikrimə inanırdım. Lakin bir gün kepkanın gündöyməzi altından mənə zillənən bir cüt göz bu tabunu darmadağın etdi. Bundan sonra qəti şəkildə özümü tənbeh etdim ki, yaşamaq məsələsinin simanın çirkin, ya gözəl olmasına qətiyyən aidiyyatı yoxdur. Əlbəttə, məsələni ehtiras çərçivəsinə salmaq həmişə adamı axmaq vəziyyətində qoyub. Şübhəsiz ki, gözləmədiyin bir vaxtda fındıq qurduna oxşayan balaca bir məxluqat səni metro stansiyasının üstündə pis vəziyyətə sala bilər.

Əlbəttə, o bu uzunsov formasına görə fındıq qurdundan daha çox soxulcana oxşayırdı. Amma bu soxulcanı yumrulayıb fındıq qurduna çevirən başqa bir güc idi ki, bu da daxildən gəlirdi.

Şübhəsiz ki, sivri və kvadrat təsiri bağışlayan qadınları daha asanlıqla yumrulayıb ürəyin içinə atmaq olur. Təbiətən yumru olan qadınları isə formaya salmağa cəhd etdikcə, özlərini tamamilə itirirlər. Belələri öz formalarında qalsalar yaxşıdır. Buna görə də soxulcanı yumrulamaq daha ürəyəyatımlıdır ki, onlardan biri hansısa şəhərin metro stansiyasının üstündə limon satmaqla məşğul idi.

Limon alıb-almayacağım barədə gözlənilməz, lakin mənim də potensial müştəri olduğumu nəzərə alanda bir qədər də gözlənilən sualı qarşısında qalanda, fındıq qurdu özünəinamın pik həddində cavab gözləyirdi.

Mənimsə limona ehtiyacım yox idi, heç etika xatirinə də almadım. Bu, axmaqlığa lüzum görmədim. Lakin onun özünəinamı sarsılmamışdı, dim-dik yerində heykəl kimi donmuşdu. Əlbəttə, bu özünəinam mənim daxilən ona uzanan itaətkar hislərimdən gəlmirdi, bu, fındıq qurdunu tədricən öz korkəsməz tiyəsi altında korşaldan həyat mübarizəsinin ağır şərtləri idi. Həmin şərtlər ona müştəri-satıcı səddini aşmağa icazə vermirdi və bu səddi xüsusilə də kişi müştərilərlə öz arasında özü tikmişdi. Başqa cür ola da bilməzdi.

Həmin vaxt mənim saplağından çürümüş kal armud kimi öz dibimə düşməyimin səbəbi də ona məlum idi. Bir qadını bu vaxt aldatmaq mümkün deyil.

Günlər, həftələr, aylar beləcə keçib gedirdi. Onun iki əlində salladığı torbalardakı limonlar isə qurtarmırdı. O, hər səhər metronun üstündə limon ağacı kimi bitirdi. Qəribə idi. Deyəsən, gecələr də yatmırdı. Axtarmadığın vaxt belə fındıq qurdunu burada tapmaq olardı. Bütün işi-gücü burada limonlarına müştəri axtarmaq idi.

Gülümsəyirdi. Bu, adamı dalağından sancan nəhəng ağcaqanad neştəri idi. Yəqin ki, həyatında üz vermiş ən bədbəxt hadisə də, bu gülümsəyişi dodaqlarından qopara bilməzdi. Eləcə orada – ortasından bölünmüş əriyə oxşayan balaca dodaqlarının arasında yapışıb qalmışdı. Limonları bürüşüb sıradan çıxmaqdan elə bu tilsimli, ölənədək başqaları qarşısında əyilməzliyini sığortalayacaq gülümsəyişi xilas edirdi. Bu onun özünü də naməlum qüdrətli gücün sıxıcı kəlbətinsayaq dəmir dodaqları arasından dartıb çıxarırdı - balaca əllərinə yapışmış ağır torbalar onu öz tərəfinə əymək iqtidarında deyildi.

Bəzən işdən qayıdanda, işə gedəndə ayaq saxlayırdım. Hər dəfə limon alıb-almayacağımı soruşurdu. Lakin sövdələşmə heç vaxt baş tutmurdu. “Almırsan, cəhənnəmə al” qınaqları saplağına qədər boynumun arxasına işləyirdi. Lakin bir gün mənim burada niyə bitdiyimi gec-tez başa düşəcəkdi. Başa düşmüşdü də, elə buna görə də bir də məndən heç nə soruşmadı. Heç vaxt...

Lakin mənim qəti qənaətim bu idi ki, balaca əllərinə güc gələn bu torbalardakı limonların hər biri səhərdən axşamadək bir-bir içində qumbara kimi partlayırlar. Stansiyanın üstündə, yeri gəldi-gəlmədi ondan limon almağı özlərinə borc bilən kişilərin əclaf baxışları altında limon satmaq onun arzusu deyildi. Heç vaxt da arzusu olmayacaq. Amma belə yaşayırdı, yaşamaq zərurəti onu öyrəşdirirdi.

O gün metro stansiyasının üstündə təbiət özü-özünü inkar etdi. Çünki o, daş döşənmiş nəhəng prospektin səkisində təbiətin antropogen landşaftla iç-içə olduğunu göstərən yeganə təbii güc idi. Beləliklə, o, yoxa çıxmışdı.

Sanki bütün dünyanın limon ağaclarını kökündən çıxarıb əlçatmaz yerə atmışdılar. O gündən sonra bir daha ora gəlmədi. Onu tanıya biləcək adamlardan da soruşmağa üzüm gəlmədi. Kimim idi axı?

Hərdən mənə elə gəlir ki, o, hansısa günahına görə üzü limon qabıqları kimi bürüşənədək bu sarımtıl şeyləri satmaqla cəzalandırılıb. Elə onun öz Tanrısı tərəfindən... Lakin o, çıxıb getmişdi. Bəlkə bir də heç vaxt limon satmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu