18 Avqust 2014 13:06
1 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illərdən bəri davam edən, bitməyən və bitməsinə hələ də bir işıq ucu görünməyən Qarabağ müharibəsinin bu yaydan keçən səhifəsi də qansız ötüşmədi. Erməni təxribatı nəticəsində yenə gənc oğullarımız şəhid oldu, yaralandı, can itirdi. Onlarla evin çırağı söndü.

Həyat belə gətirib ki, özümüzü tanımağa başladığımız gündən qulağımız güllə səsinə, şəhid xəbərinə öyrəncəli olub. Bilmirəm, bəlkə də bu bizim nəsilin payına düşən tale yazısıdı? Bəlkə də həyatın acı ironiyasıdır.

O güllə səslərini bu yay mən yenə kəndimizdə eşitdim. Azərbaycan insanı artıq öz beynini düşmən qarşısında ölmək yox, düşməni məhv etmək, "Ölsək də burda öləcəyik" psixologiyasına yükləyib. Bəlkə də birinci müharibənin acı nəticələri, qaçqın və məcburi köçkün düşən insanlarımızın güllə, top səsi eşitməyən "şəhərlilər" tərəfindən yerli-yersiz sıxışdırılması, onsuz da qırıq olan qəlblərinə toxulmasıdır ki, bu "örnək" başqalarına dərs olub.

Hər halda mən öz kəndimizdə əvvəldən eyni əhval-ruhiyyəni görmüşəm. Bəlkə də indi haqq dünyasında olan babam, o zaman tutduğu vəzifəyə, Bakıdan gələn təpkilərə, xəbərdarlıqlara baxmayaraq, ölüm hədələrinə baxmayaraq, hər şeyi gözə alaraq insanları başına toplayıb "son qəpiyinizə qədər gülləyə verib atacayıq" deməsəydi, bir gecə səhərə qədər iki erməni kəndini qrad və raket atəşinə tutdurub, səhəri orda olan qalanı darmadağın etdirməsəydi, indi bizim kəndimiz də yox idi. Bu bir həyat gerçəyidirdir ki, insanlar bir olanda, bir məqsədə, bir amala söykənəndə hər şeyi - düşmən hücumunu da, pislikləri də yenmək olur.

Əslində bu hadisələri xatırlatmaqda məqsədim iyirmi il geriyə qayıdıb orda qoyduqlarımızı yenidən təftiş etmək deyildi. Azərbaycan oğullarının şəhid olduğu bu günlərdə müşahidə etdiyim başqa bir məqam oldu. Hamı vətənpərvərlikdən ağız dolusu danışdı. Mənim də sıralarına daxil olduğum jurnalistlər ön cəbhəyə getməyə həvəs göstərib ilk xəbər mənbəyinə çevrilmək, bununla bəlkə də öləziməkdə olan jurnalist imicini yüksəltməyə çalışdılar. Doğrudur, bir çox hallarda mətbuatın verdiyi xəbərlər informasiyadan çox, dezinformasiya çıxdı, bəzən hərbi qaydalar gözlənilmədi, əslində bu davranışlar özü də müsbət sayıla bilərdi.

Bu hadisələrdən sonra uzun müddət saytları, televiziyaları diqqətlə izləyirdim. Sanki bizim medianın işi "oldu və bitdi" xəbərləri ilə qurtardı. Bir iki saytlar istisna olmaqla, nə o gənclərimiz haqqında geniş televiziya materialları efirə verildi, nə də geniş reportajlar yazıldı. Hər şey sanki dünəndə yox, çox uzaqda baş vermişdi. Belə çıxdı ki, bütün bunlar pafosdan başqa bir şey deyilmiş. Görünür hələ də köhnədən qalma dil pəhləvançılığımızı tərgitməmişik.

Bu nədir dostlar? Əziz jurnalist həmkarlar! Yarımçıq vətənpərvərlik kimə lazımdır? vətənpərvərliyin təbliğatı beləmi olur?

Torpaq uğrunda canlarını qurban verən hər bir oğulumuz bir evin yanar çırağı, işığı idi. Onlar haqqında daim yazmaq və yazmaq lazımdır ki, gələcək nəsillərimiz arasında sırğa taxan, səhnəyə çıxıb arsızcasına atılıb düşən, bər-bəzəkli qadın geyimləri geyinənlər az olsun. Efirlərimizdə, saytlarımızda Azərbaycan kişisi adına utanc olan sırğalıların təbliği bəzən elə xəbər axtaran jurnalistlərin özündən də asılı olur. Hər şey təqdimatdan asılıdır.

Bu yaxınlarda təmsil olunduğum qeyri-hökümət təşkilatı "Azərbaycan gəncləri arasında döyüşçü qadınlarımızın təbliği" mövzusunda Qaratel Hacımahmudovaya həsr olunmuş tədbir keçirirdi. Bu tədbirə biz bir gündə yeddi-səkkiz mətbuat orqanına vətənvərvərliklə bağlı geninə- boluna müsahibə verən millət vəkillərini də, jurnalistləri də, efirlərdə qonaq sifəti ilə xalqa vətənpərvərlik "mühazirəsi" oxuyan, "vətənpərvərləri" dəvət etmişdik. Ancaq yenə də ortada görünən müharibədə döyüşən döyüşçülər, gerçək müharibənin nə olduöunu bilən dostlarımız, bir də redaktorla bəlkə də sonradan yazdığı yazıya görə üz-göz olan bəzi jurnalist dostlar oldu. İstəyirdik hamı bir araya gəlsin və görək ki, dilğır ermənilərin birləşməkdə, bizdən öndə olmaqda nə kimi üstünlükləri var ki, bizlər bunu bacarmırıq. Əfsus ki, dil pəhləvanları olan "vətənpərvərlərimiz" bu haqda danışmaq üçün maksimum on -on beş dəqiqə dəqiqı xərcləməyə "üzrlü səbəb" tapdılar.

Bütün bunları yenidən bir də xatırlamaqda və dəyərli oxucularımızın beş-on dəqiqə vaxtını almaqda yalnız bir suala cavab tapmağa çalıışdım. Vətənpərvərlik budurmu?

P.S. Vətən uğrunda şəhid olan bütün şəhidlərimizin yeri cənnətdədi. Allah hər birimizə o yüksəkliyə çatmağı nəsib etsin!


Müəllif: Vüsalə Rafiqqızı