19 Avqust 2014 10:13

Azərbaycan futbolu yəqin heç vaxt belə vurhavur, qoyma-qaçdı futbol mövsümünə başlamamışdı. Aləm dəyib bir-birinə. Bu tərəfdən milli çempionatın oyunları başlayıb, artıq iki tur geridə qalıb.

O tərəfdən superkubok oyunu keçirilməliydi, qarışıqlıqdı deyib onu təxirə salıblar.
Digər tərəfdən Avrokuboklarda çıxışını davam etdirən iki təmsilçimiz, “Qarabağ” və “Neftçi” bu həftə biri öz meydanında, digəri isə səfərdə UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına çıxacaqlar.

Və bütün bu qarışıqlıqda, məşhur filmdə deyildiyi kimi, “işlərin ”razqar" vaxtında" milli komandanın da Özbəkistanla yoldaşlıq oyunu var. İndi gəl çıx işin içindən, görüm necə çıxırsan.

Sizcə, absurd deyilmi? Təsəvvür eləyin ki, Avropada çıxış eləyən iki əsas klubun bir neçə futbolçusu oyunlardan bir gün əvvəl milli komandanın tərkibində beynəlxalq yoldaşlıq oyununa çıxır. İndi bu məsələdə, bu qarışıqlıqda günah kimdədir, onu təyin eləmək çətindir.

AFFA rəhbərliyini günahlandırsaq olmayacaq. Deyəcəklər ki, milli komandanın oyunlarının təqvimi çox-çox qabaqcadan təyin olunur. Əgər indiki məqamda toqquşma yaranıbsa günah bizdə deyil.
Gəlin, əyri oturaq, düz danışaq, AFFA-dakılar haqlıdırlar axı. Günah klublardadı. Hər mövsüm olduğu kimi, bu dəfə də elə birinci-ikinci mərhələdə uduzub mübarizəni dayandırsaydılar, heç bu qədər problem-zad yaşanmazdı. İndi AFFA-dakılar nə eləsinlər ki, bunlar gəlib ilin-günün bu vaxtında hələ Avrokubok oyunu keçirdirlər.

Peşəkar Futbol Liqası da yəqin ki, superkubokun tarixini təyin edərkən bu məntiqə əsaslanıbmış. Daha doğrusu, AFFA ilə PFL ciddi məsləhətləşmələr sonucunda belə yekdil qərar veriblər. Ancaq çox təəssüf ki, onların bu uzaqgörənliyinə klublar - konkret “Neftçi” və “Qarabağ” kölgə salıblar.

Qınayırıq! PFL-in təqviminə xələl gətirdiyi, Avroliqada yoluna davam etdiyi üçün hər iki təmsilçimiz tərəfimdən şiddətli şəkildə qınanılır!

Hələ dayanın, qınaqlar bununla bitmir. Özbəkistan kimi dünyanın öndə gələn futbol ölkəsinə qarşı keçiriləcək oyunda müxtəlif bəhanələrlə məsuliyyətdən yayınan, milli komandaya oyunçu verməyən klubları ikinci dəfə qınayıram! Əcəb bəhanə tapmısınız, biz Avropada yolumuza davam edirik. Nolsun? Əziyyət çəkin, milliyə oyunçu göndərin.

Sizin bu elədiyiniz, milli komandaya, konkret Berti Foqtsa qarşı hörmətsizlik, məsuliyyətsizlik, saymazlıq və hətta irəli gedərək deyəcəm, təxribatdır.

Hətta bir para idman yazarlarımız da Foqts müəllimi qınaq atəşinə tutublar ki, niyə heç kimin tanımadığı, biri bir həftədir Azərbaycanda oynayan, digəri isə ümumiyyətlə Azərbaycanı qlobusda, yox, qlobus daha moddan düşüb, Google Earthda görməmiş oyunçuları milliyə çağırıb. Belə lap əcəb eləyib.

Birincisi, o kişi neyləməlidi axı? Əsas oyunçular gedib Avrokubok oyunlarında “gün keçirdəcəklər”, bu da beləcəmi qalsın? Elxan Məmmədov qoyarmı belə qalsın? O dəqiqə birləşib tapacaqlar “əsli-kökü ilə Azərbaycana bağlı” bir neçə nəfər, bir dəfə geyindirəcəklər milli formanı əyinlərinə, ondan sonra da yerli statuslu futbolçu adı ilə hansısa klublardan biri alacaq da. Özüm ölüm, legioner limitinin bu dar macalında əla biznesdi.

İkincisi, o oyunçulardan birinin, deyilənə görə, nənəsi azərbaycanlıdır. Alın sizə qan bağı. Hər oyunçunun ən təbii haqqıdır ki, nənəsinin vətəninin şərəfi üçün milli formanı kürəyinə keçirsin. Mane olmaq istəyənləri də qınayıram!


Müəllif: Zaur Xudiyev
Загрузка...