29 Aprel 2014 13:40

"Pyesi əvvəlcə oxuyuram. Bir dəfə başdan ayağa. Sonra qoyuram masamın üzərinə. Bəzən lap aylarla qalır. Arada bir yenə göz gəzdirirəm. Yenə qalır. O pyesi duyuramsa, aramızda intim bir münasibət başlayır. Bu, bir sevgi oyunudu, amma macəra deyil. Aşiqlik məqamıdı. Ayrı-ayrı obrazlara tumar çəkirəm, kiminləsə dostlaşıram, kiminləsə yox.Gah söhbətləşirik, gah mübahisə edirik. Proses belə gedir.

Əslində bu yaradıcı mərhələnin özü də bir sevgi aktıdır. Apogey nöqtəsində istəyimə çatıram. Bu elə bir vüsal məqamıdır ki, artıq hər mizanı, ən xırda detalları belə duya, görə, hiss edə bilirəm. Tamam. Əvvəldən axıra hər şey aydın olur. Qalır bir-bir mizanları işləyib sıralamaq. Bu isə bizim gündəlik işimizdir. Doğulan uşağı saxlamağa nə var?" Xeyli əvvəl privat söhbətlərin birində bunları söyləmişdi Azər Paşa Nemət. Səhnəyə baxdıqca bu sevgi romanını vərəq-vərəq oxuyuram. Nəticə göz qabağında.

***

O, bizim gah sevdiyimiz, gah da sevmədiyimiz şahdır - şah Qacar. Amma nə Səməd Vurğunun Qacarıdır, nə Əbdürrəhim bəyin. Əli Əmirlinin Qacarı tamam başqa. Həm qardaş qatili, həm ədalətli şah, həm böyük sərkərdə, həm dünyanın ən bədbəxt insanı. Təzadlar, ziddiyyətlərlə dolu bir şəxsiyyət. Amma dolu şəxsiyyət. Təkrar edirəm - Əli Əmirlinin Qacarı, bizim tanıdığımız, yaxud ideologiya rakursundan bizə "sırınan" tarixi sima deyil. Bu şah bir şairlə söz savaşında məğlub olmaz. Çünki güclüdür. Səltənətin qədrini bilib təəssübünü çəkəndir. Bilir ki, başa tac qoymaqdan da çətin iş o tacı başda saxlamaqdır. Anlayır ki, başda tac olanda meymun balası da şah balasına oxşayır. Bilir və o tacı başda saxlamaq uğrunda savaşır.

***

Milli Dram Teatrında səhnələşdirdiyi tamaşaların demək olar ki, hamısına baxmışam - "Ah Paris Paris", "Mənim ərim dəlidir", "Mənim sevimli dəlim", "Boy çiçəyi", nəhayət, "Hamlet". Gecələr yuxumu qatan, uzun müddət təsirindən çıxa bilmədiyim "Hamlet" olub, Şekspirin zavallı qəhrəmanı. "Şah Qacar" onu ötüb keçdi. Ya rejissor bu məqamda qabiliyyət və istedadının ən pik zirvəsindədir, ya da mən daha həssas olmuşam. İlk dəfə teatrda gözlərim doldu. Lap çoxdan - "Yuğ"un elə Azdramanın yuxarı mərtəbəsindəki kiçik zalında "Medeya"ya baxanda bənzər hiss keçirmişdim, bir də Karaçentsevin oynadığı "Yunona və Avos"da. Filmlərdə, ya kitab oxuyanda qəhərləndiyim çox olur. Teatrda - çətin. Hissin və duyğunun bu məqamına görə təşəkkürlər sizə, Azər Paşa Nemətov! Var olun, Əli Əmirli! Alqışın, təşəkkürün ən böyük hissəsi isə sizin payınıza düşür, Fuad Poladov!

***

Fuad Poladov böyük sənətkardır, çox böyük! Və biz bədbəxt millətik, çox bədbəxt ki, bu səviyyəli nəhəng aktyorumuz vur-tut bircə nəfərdir. Müqtədir sənətkarlarımız olub, bəlkə nə zamansa yenə olacaq, amma bugün səhnəmizdə parlayan tək odur! Qacar da sanki onun qəribə oğlandan üzü bəri bir-bir təqdim etdiyi maraqlı obrazların zirvəsi, tacıdır. Səhnəyə gələn kimi yerişiylə, duruşuyla, baxışıyla hər kəsə meydan oxuyur - eheyyy, baxın, mən mənəm, - deyir və xarizmasının sehrinə salır tamaşaçını. Tək tamaşaçını yox, elə tərəf müqabillərini də.. Və bu təntənə axıra qədər davam edir - zəfərin təntənəsi, intiqamın təntənəsi.. Bu şəxsiyyətin kini, kədəri də adi deyil, bu dərd barədə danışmaq yox, canavar kimi ulamaq lazım...

***

Bu tamaşadan bir neçə gün əvvəl Fuad Poladovun xarizmasının sehrinə düşən tərəf müqabillərini - yəni həmin aktyorların bəzisini elə həmin səhnədə başqa bir sərkərdənin ətrafında görmüşdüm - Napoleonun. Napoleon nə qədər cılız, zəif və süni görünürdüsə, ətrafındakılar da eynən cılız, zəif və süni təsir bağışlayırdılar. Səhnədə "ç" və "c" əvəzinə "ts" də "dz"deyən aktyordan nə Napoleon? Onsuz da yarıboş olan zalı yarımçıq tərk etməkdən başqa çarəm qalmadı. Bonapart keçsin günahımdan..

***

"Şah Qacar"a isə bir də baxmaq istəyirəm. Mütləq baxacam. Görməmisinizsə, siz də gedin. "Mükəmməl tamaşa hansıdır?" sualına dəqiq cavab vermək üçün.


Müəllif: Afaq Vasifqızı