2 May 2014 11:08
773

"Atletiko Madrid"in "Çelsi" üzərində qələbə qazanaraq finala adlaması əməlli-başlı ajiotaj yaratdı.

İspanlardan sonra bəlkə də, ən çox sevinən azarkeşlər türk və azərbaycanlı futbolsevərlər idi.

Hətta mən deyərdim ki, bizimkilərin sevinci ispanlardan daha coşqun və daha ürəkdən idi. Əminəm ki, oyun bitdikdən sonra hansısa bir madridli azarkeş Azərbaycan mətbuatını və azərbaycandilli sosial medianı izləsəydi, öz azarkeşliyindən utanardı.

Bizim azarkeşlər o qədər sevinirdilər ki, sanki finala adlayan "Qarabağ" idi.

Türklərin sevincini anlamaq olar. Son illərin ən istedadlı türk futbolçularından biri olan, "Qalatasaray"ın yetirməsi Arda Turanın məhz bu komandanın şərəfini qoruması, üstəlik, finala qədər olan yolda komandasının uğurlarında müstəsna rol oynaması və finalda vurduğu həlledici qol türklərə sevinmək üçün kifayət qədər əsas verir.

Bizim əsas təsəllimiz isə "Atletiko"nun formasında "Land of fire Azerbaijan", yəni "Odlar yurdu Azərbaycan" yazısıdır.

Əlbəttə, reklam xarakterli olsa belə Azərbaycanın adının belə mötəbər turnirdə hallanması, finalda komandalardan birinin formasında Azərbaycan adının yazılması xoş haldır, ancaq bunu bu qədər şişirtmək də düzgün deyil.

Oyun başa çatdıqdan sonra bir çox mətbu orqanlarının verdiyi başlıqlar diqqətimi çəkdi. Elə təqdim olunurdu ki, sanki finalda ispan klubu deyil, bir Azərbaycan komandası oynayacaq.

Hətta gecənin o saatında "facebook" sosial şəbəkəsində də bir xeyli adam fəxrlə "Land of fire Azerbaijan" finalda", "Finalda Azərbaycan izi", "Azərbaycan futbolunun böyük zəfəri" (hətta!) və bu kimi müxtəlif, cürbəcür statuslar paylaşırdılar.

Sözün açığı, bunun niyə bu qədər şişirdilməsini anlamıram. Qardaşlar, bacılar, vətəndaşlar, gəlin unutmayaq ki, "Land of fire Azerbaijan" sadəcə bir brenddir və hansısa komandanın sponsorudur. Vəssalam.

Yoxsa ki, bu halı bu qədər şişirdib az qala ümummilli sevinc halına gətirmək nəyə lazımdır ki. Axı "Atletiko"nun əldə elədiyi uğurun bizim futbolumuza, komandalarımıza zərrə qədər də bir xeyri yoxdur.
Yenə qeyd eləyirəm, brendimizin belə bir mötəbər müstəvidə sərgilənməsi olduqca yaxşı və gözəl haldır. Ancaq bu bizim uğurumuz deyil, bu bizim sponsorluq elədiyimiz komandanın uğurudur.

Sadə bir müqayisə aparaq. Bir dönəm elə indi "Atletiko"ya yenilən "Çelsi"nin forma sponsoru dünyaca məşhur, Koreyanın "Samsung" brendi idi. Onda belə çıxır ki, londonlular ÇL-nin qalibi olanda bütün Koreya xalqı uşaqdan-böyüyə bayram eləməliydi?

Hətta dünən çox maraqlı bir fikrə də rast gəldim. Təxminən belə idi: "Hafiz Məmmədov Abramoviçə qalib gəldi". Absurdu özünüz də görürsünüzmü? Kökündən yanlış müqayisədir.

Rusiyalı milyarder Roman Abramoviç "Çelsi" klubunun rəsmi sahibidir. Klubun qələbəsi də, məğlubiyyəti də birbaşa ona aiddir.

Azərbaycanlı iş adamı Hafiz Məmmədov isə "Atletiko"nun forma sponsoru olan "Land of fire Azerbaijan" brendinin sahibidir. Bunları müqayisə eləmək, eyniləşdirmə aparmaq özünü gülünc vəziyyət salmaqdan başqa bir şey deyil.

Hər nə qədər öz uğurlarımız yoxdur, başqalarının qələbələri ilə təsəlli tapmağa məhkumuq.


Müəllif: Zaur Xudiyev