15 Aprel 2014 11:49
946

Bütün dillərdən narazılıq

Azərbaycan türkcəsindən narazı qalanların nəzərinə: bütün ağıllı, özgün (orijinal) yazmaq istəyən ingilislər də, türklər də, almanlar da dillərindən narazıdırlar ki, ürəklərində (əslində, bilinclərində) tutuduqları düşüncələri tam söyləyə bilmirlər. Rus şairi Tütçev deməmişdi? Ağızdan çıxan düşüncə yanlışdır (yəni sözə keçəndə dərinliyini, zənginliyini itirir).

İngilis, alman intellektuallarının dillərindən narazılıqlarını gürcü kökənli ünlü rus filosofu Mamardaşvili yaxşı açmışdı: sənin yazdığın, danışdığın dilin bir əzabı var, o səninki deyil, başqalarının yapdığı dildir. Yəni, tutalım, alman intellektualı üçün dili almanca fəlsəfə yazmış Kantın, Heqelin formalaşdırdığı dildir, ona görə də yazanda öz səsindən çox Kantın, Heqelin səsini eşidəcək.

Dil və ağıllı tekstlər

Ancaq bizim dilimizdən narazılığımızın ingilislərin, almanların narazılıqlarından bir neçə yönümdən fərqi var. Dildə ağıllı yazılar çox olanda ondan axmaq səslər az, ağıllı səslər çox gəlir. Deməli, özgün, orijinal yazmaq istəyən ingilisin, almanın səsinə daha çox ağıllı səslər əngəl olur və onlar bu səslərlə yarışa çıxmalı olurlar.
Azərbaycan türkcəsində yazılmış ağıllı yazılar, güman, ermənicə, gürcücə yazılmışlardan az deyil, ancaq, tutalım, rusca yazılmışlardan qat-qat azdır - problem budur! Bizdə daha çox axmaq səslər ağıllı yazmaq istəyən şairin, filosofun, publisistin səsinə qarışıb əngəl olur.

İndi isə bir problemi deyim. "O olmasın - bu olsun" filmindən sonra bütün Azərilərə Məşədi İbadın "heç hənanın yerdir?!" deyimi elə ləzzət vermişdi ki, mədəniyyətimizdə qanmayıb söhbətə arzuolunmaz yön verməyin diskursuna çevrilmişdi. Üzeyir bəyin yaratdığı səhnə, - Məşədinin Gülnazla, onun dayəsi ilə söhbət səhnəsi olmasaydı, "heç hənanın yeridir?!" cümləsi dadsız bir deyim olub canfəşanlığında yöndəmsizlik edən adamların gülünclüyünü açan diskursa çevrilməzdi. Bundan çıxan sonuc:

DİLİN İŞLƏNMƏ ÇEVRƏSİ NƏ QƏDƏR GENİŞ OLSA, O QƏDƏR ÇOX "HEÇ HƏNANIN YERİDİR" TİPİNDƏ DEYİMLƏR YARANAR. O ZAMAN YAZARLARIN YAZILARINDA OYNAMAĞA VƏ OYNATMAĞA DAHA ÇOX DİSKURSLAR OLAR.

Türkiyədə yolsuzluq qalmaqalında toplumun məkanına atılmış "siyasətdə kaset savaşı", "montaj savaşı" kimi deyimlər gur siyasi proseslərin dildə doğurduğu yeniliklərə yaxşı örnəklərdir.

Dilin işlənmə praktikasının genişliyi nədən önəmlidir?

Sosial şəbəkədə ilk Azərbaycan erotik filmi haqqında soraqlar yayılıb. Birinə baxdım, qısa yorğan-döşək epizodu idi. Eşq olsun ki, aktrisa razı olmuşdu. Hərçənd o epizodda dodaqlardan, saçlardan, saqqal tüklərindən və bir də isti pıçıltılardan başqa heç nə yox idi. Mənə ilginc gələn oğlanla qızın ehtiraslı pıçıltıları idi. Bu, Azərbaycan kültüründə yeni dil praktikası idi. Hələ deyim ixtiraları yoxdur, ancaq praktika genişlənsə o da olacaq.

Gənclərimizin rusca danışmasının ziyanı odur ki, dilin işlənmə çevrəsini daraldırlar. TV-lər də AĞILLI SÖHBƏT ÇEVRƏSİNİ DARALDIR, ŞAİRLƏR də (NƏ QƏDƏR SEVGİDƏN VƏ ÖLÜMDƏN YAZMAQ OLAR?!). HAMI DARALDA-DARALDA GEDİR, GENIŞLƏNDİRƏNLƏRSƏ AZDIR.

Biz çalışmalıyıq ki, dilimizin çox nəsnələri böyük müxtləfilikdə deməyə gücü çatsın. "Çox nəsnələr" nə deməkdir? Çoxlu konular, çoxlu olaylar, böyük coğrafiyalar. Bu yöndə Azərbaycan mətbuatının və İnternet saytlarının uğurları çoxdur. Qəzetlərdə, bloqlarda, Saytlarda demək olar ki, yasaq yoxdur. Ancaq bu uğurları iki nəsnə korlayır. Birincisi, yazanların dil tapıntılarının, diskurs ixtiralarının azlığı. Rəhmətlik Rafiq Tağı diskurs ixtiralarında ustad idi. Onun bu deyimləri nəyə desən dəyərdi: "bəşəriyyət bekarçılıqdan doğub-törənir", "boş söyləmələr yalnız millətin saqqız kimi çeynəməsi üçündür". Və ya Vaqif İbrahimoğludan hamımıza keçmiş "amma və lakin" "ixtirası". Dilin işlənmə çevrəsini belə ixtiralar genişləndirir. Ancaq yazıqlar olsun ki, onlar çox deyillər.

İkinci tələb olunan odur ki, bu dil tapıntıları estafet prinsipində yazıdan-yazıya, danışıqdan-danışığa keçməlidir. Ona görə də bütün yazanlara, danışanlara sözüm var: MƏTBUATDA DIL TAPINTILARINA HƏSSAS, DUYĞUN OLUN, ONLARI IŞLƏDIN, ONLARI FIRLADIN, DÖVRIYYƏDƏ SAXLAYIN! ÖZÜ DƏ YAXŞI OLAR KI, ORTAYA ÇIXARANLARI ANMAĞI UNUTMADAN.


Müəllif: Niyazi Mehdi