6 May 2014 13:42
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Allahla bağlı insan relyativizmi)

Başlara paylanmış Allah təsəvvürləri

Başlıqda söylədiyim bu düşüncə ağlıma çoxdan gəlmişdi, Kamal Abdullanın "Nar çiçəkləri" şeir kitabındakı aşağıdakı misralarsa belə bir məqaləni yazmağa həvəsləndirdi. Həmin şeir:

Sənin özünün Allahın varmış,
Sənin gözünün içində imiş.
Sənin Allahın daha cavanmış,
Sənin Allahın daha gözəlmiş.

Ərşdə oturmuş Allah metaforası

Gəlin, baxaq, görək insanlar Tanrını hansı modeldə düşünürlər və ya düşünürlər ki, bilirlər. Model təxminən belədir: O, taxtda oturmuş padşah kimidir (daha doğrusu, əsl xaqan odur, yerdəki rəhbərlər isə Onun kölgəsidir). Bizə Ondan əmrlər, buyuruqlar gəlir və biz mömin olsaq, o buyruqları "telefondan" eşitdiymiz kimi eşidə bilərik. Telefon funksiyasını bu modeldə Qurani-kərim və nə qədərsə hədislər görür.

Bu model Tanrını sezməyimiz üçün çox faydalıdır, ona görə Quranda göy qübbəsini və taxtı bildirən ərş söhbəti var.

Şah damarından yaxın olan Allah metaforası

Ancaq, axı, Quranda Tanrının ərşdə oturmasını dağıdan ayələr də var. Məsələn, Allahın hər birimizə şah damarından yaxın olması. Bu, dəhşətli ayədir. Onun dərinliyini, dəhşətini adi adamlar bilmirlər, onlara özlərini Allahın dərgahında qul kimi bilmək daha yaxındır. Ona görə də "şah damarından yaxındır" diskursunu İslam paradoksunu göstərmək üçün elə-belə deyirlər, ancaq daha populyardır Allahın dərgahı, ərşdə oturmuş Allah görüntüsü.

"Şah damarından yaxın" diskursunun söylədiyim dəhşəti nədədir? Bunu düşünək. Şah damarı insan yaşamının şərtlərindən biridir. İnsan yaşamı "mən özüm" duyğusunda mümkündür. Allah hər birimizə şah damarından yaxındırsa, özümüzə özümüzdən də yaxındır. Bizə həyatımızdan da yaxındır. Gəl indi bu diskursun dərininə get, gör haralara çıxacaqsan? Ancaq hər halda Tanrı "şah damarından yaxındırsa", deməli, bizimlə Onun arasında ərşəcən uzanması gərəkən məsafə yoxdur. Yoxdursa, taxtda oturmuş Tanrı metaforası da, dərgah metaforası da dağılır, çünki məsafə olmalıdır ki, O orada otursun, biz isə burda duraq.

Ərş metaforasının gətirdiyi dolaşıq

Bəs, ərş məsələsindən dindarlığımıza ziyan olan nələr törəyir? Hamı özünü başını qaldırıb Allaha baxan sayır və ona görə də başındakı (şüurundakı, bilincindəki) Tanrı təsəvvürünü, görkünü (obrazını) Tanrının "fotosu", şəkli sayır. Bax, bundan da İslamda şırk, yəni Allaha şərik qoşmaq yaranır. Əgər müsəlman olan kəs başındakı Allahın saysız fərqlərlə Rəbbin özündən ayrıldığını bilirsə, o müsəlman müdrikidir. Yəni biz bilməliyik, necə ki ad şərtidir, "Niyazi" adında Niyazinin özündən fiziki heç nə yoxdur və bu ad şərti olaraq həmin adama bağlanıb, eləcə də bizim başımızdakı Allah təsəvvürü Allahın şəkli deyil, Onun şərti adıdır. Burdan çox ciddi sonuclar çıxır. Sən başındakı Allah təsəvvürünü Allahın özünə tay tutsan, şırka yol verirsən. Beləcə, adamların başlarında saysız Allah görüntüləri paylaşaraq balaca bütlərə çevrilir. Bu şırkın qorxusu odur ki, adamlar başlarındakı Allah bütünü Onun özü sayaraq Ondan Suriyada baş kəsmək, İraqda məscid partlatmaq, ABŞ-də qüllələrə uçağı vurmaq əmrini çıxırlar və bu əmri Allahın buyruğu kimi qavrayıb yayırlar. Ona görə də dində tragikomik durumlar yaranır. Adamları birləşdirməli olan Allah adamları ayıran allahlara çevrilir. Onlar Allahu-əkbər deyə-deyə bir-birini qırırlar. Bax, buna mən insanların qafasındakı Allah haqqında təsəvvürlərin hərc-mərcliyi deyirəm. Buna Allahla bağlı relyativizm, yəni nisbilik deyirəm.

Çıxış yolu

İnsanlar bilməlidirlər ki, "mənim adım həqiqətdir" düşünmək yanlış olduğu kimi, - axı, mən Vaqif də, Həsən də Hüseyn də ola bilərdim, - türlü qafalarda türlü Allah təsəvvürlərini də Rəbbin ən həqiqi təsəvvürü saymaq düz deyil.

Ona görə də Allah uğrunda, Allah yolunda öldürmək, qırmaq, dağıtmaq, partlatmaq çağırışını edənlər, duruxmalıdırlar: heç kimə Allahın adından savaş əmrini vermək olmaz. Hamı bilməlidir ki, adamın adı onu çağırmaq, onun haqqında danışmağa kömək etdiyi kimi "Allah" sözü də bizə eyni yardımı edir. Ancaq əsl küfr elə odur ki, başındakı Allah görüntüsünü, təsəvvürünü Allahı həqiqi göstərən sayasan.
Bir sözlə, adam balası ol, vuruşmaq, dalaşmaq, qırmaq istəyirsənsə, öz adından et, day Allahı bu işə qatma.


Müəllif: Niyazi Mehdi