6 May 2014 16:38
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəribə işdi - adam var, yüz ildi, yəni ötən yüzildən tanıyırsan və uzun, lap uzun bir müddətdə elə dost münasibətlərində olursan ki, elə bilirsən, qohumundu, doğmandı, yad deyil.

Adam da var lap yaxın qohumdu, 2-3 cümləylə hal-əhval tutandan sonra danışmağa söz tapmırsan. Həmid birincilərdəndi. Bu adam pirləri-ocaqları gəzib hansısa fövqəlqüvvələrdən heyranlıqla danışsa da (və sən bütün bunları yalnız mövhumat hesab etsən belə), Hitleri vəsf etsə də (və sən Hitleri işğalçı despot kimi qəbul etsən belə), hər situasiyada onu dinləmək zorunda qalırsan. Neyçün ki, adam beyninə bir şey qoydumu, min bir arqumentlə haqlı olduğunu sübut etməyə çalışacaq və bəzən hətta düz demədiyini bilə-bilə situasiyadan mütləq qalib, həm də qalibiyyətini əsaslandırmış qəhrəman kimi çıxacaq. Həmidi sevənlər, onu özünə dost bilənlərçün bu, bəlli məsələdi. Həmidi sevənlər onun danışdıqlarını yox, məhz istedadını, orijinallığını, qəlibə sığmadığını, fərqliliyini sevirlər. O isə elə həmişə belə olub - "un-usual" - fərqli, amma sevimli fərqli.

***

Füzulidəki nadanlığı laqeyd izləmək sadəcə mümkün deyil. 4-5 ağılsız, məzmunsuz, qansız, vicdansız cavan bir vəhşilik aktını seyr edirlər, onlardan biri hadisəni kamerayla çəkir, digərləri şaqqanaq çəkib pis-pis gülürlər. Biri də hamının gözü qabağında əclaflıq edir - bir iti vəhşi kimi döyə-döyə öldürür. Bədbəxt heyvanın səsi hələ də qulağımdadı. O cavanların da şit hırıltısı. Bunlar da bizdəndi. Vəhşilik aktını çəkib göstərməyin də bircə məqsədi var - fərqli olduqlarını göstərmək - lənətə gəlmiş "unusual" istəyi. Amma bu cürmü? Beləmi? Bəndədən qorxmadıqları bəlli, Allahdan niyə qorxmurlar?

***

Son tədbirdə yenə belə etdi çoxumuzla "qohumlaşmış" köhnə dostumuz. Həmid Herisçi "Solaxay" romanının təqdimatında "mütləq sol əllə yazın,- dedi,- qeyb aləminə gedən yol sol istiqamətdən başlayır". Danışdı ki, öz sağ tərəfindən küsüb və istəyir sağ tərəfini iflic edərək bütün hərəkətləri sol əllə yönləndirsin. Tövsiyə elədi ki, elə hamı sol əllə yazsın, çünki sol əl daha həssasdı. Dedi sol əllə yazmağa başlayandan daim ekstaz vəziyyətindədi. Təqdim olunan kitablara da elə sol əllə avtoqraf yazmağa başladı Həmid. "Siz də yazın"- dedi hər kəsə xitabən, - sol əllə tamam başqa şeylər yazacaqsınız".

***

"Solaxay"ı oxumağa başladım. Həmidin öz yaşadıqları, başına gələn hadisələr, hafizəsində yığılıb qalmış xatirələr, düşündükləri və bizə söyləmək istədikləridir - "Solaxay". Və yəqin Həmidin bütün mətlərində olduğu kimi, burada da bir alt qat, alt məna və alt, bəlkə, lap üst ismarıclar da olacaq. Romanı oxuyub başa çatmamış bunlar haqda danışmaq təbii ki, tezdir. Bu barədə ədəbi tənqid öz sözünü deyəcək. Hələ "Solaxay" masamızın üzərində, kreslomuzun içindədir. Hələ o bizə, biz ona alışırıq. Qeyb aləminə aparacaq bizi ya yox?..

***

Yeni romanla hansı tərəfə gedib çıxacam - hələ bilmirəm. Amma bilirəm ki, oxuduqlarım maraqlı bir yazıçının, həm də bizim ədəbi cameədə var olan, məxsusi enerjisi, özünəxas yeri, çəkisi olan bir qələm sahibinin - unusual bir insanın yazdıqlarıdı.

***

Ekstaz - hissin, həyəcanın, ehtirasın, vəcdin, zövqün mümkün olan ən yüksək həddidir. Ekstaz bir affekt halıdır ki, ardıcıl şəkildə davam etsə ziyanı faydasından çox ola bilər. Yəni dediyim odu, Həmidin sözünə baxıb birdən-birə tamamilə sol əllə yazmağa keçsəz və dostumuzun dediyi kimi, siz də elə həmin vəziyyətə düşsəz, diqqətli olun. Həmidə nə var? Yazıçı adamdı, vəcdə gəlsə, yeni bir roman yazacaq - ya sağ əllə, ya sol əllə, ya klaviaturada - axır ki, yazacaq, əsər yazacaq. Ya siz? Ehtiyatı əldən verməyin...


Müəllif: Afaq Vasifqızı