7 May 2014 10:31
2 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir daha ərş və s. haqqında

Ötən söhbətimdə insanların Tanrıya necə baxmasının, Onu necə düşünməsinin, duymasının iki modelini söyləmişdim. Biri Onun taxtda (ərşdə) oturması, bəndəninsə özünü Onun dərgahına (evinə, qapısının kəndarına) gəlmiş kimi duymasıdır. Bəndə (qul) bu modeldən doğan anlayışdır. İnsan özünü Allahın qulu sayırsa, Allahı ərşdə, dərgahda bilməlidir. Yəni model belə olmalıdır: Allah məndən ucada, taxtda oturub. Mən Onunla çiyin-çiyinə, üzbəüz durammaram, çünki Onun quluyam. Mən Tanrının qapısına gəlib sağlamlıq, var-dövlət, uğur almaq üçün Ona yalvaranda cavabında Ondan mənə mükafat razılığı gələ bilər, ancaq gəlməyə də bilər.

Göründüyü kimi, bu modeldə biz bu tərəfdə, Tanrı o biri tərəfdə bulunur. Deməli, aramızda məsafə durur. “Allaha doğru yola düşmək” diskursu bu məsafənin başqa adıdır.

Bu məsafədən, uzaqlıq modelindən isə sədəqə simvolu gəlir. Biz Allaha yalvarırıq ki, nəsə bizə yollasın. Allahdan diləmək çağdaş terminlə desək, Ondan poçt almaq kimi bir nəsnədir.

Tanrının yaxınlığı ideyası

Başqa model “Allah şah damarından yaxındır” diskursunda açılır. Bu modeldə daha Tanrı bizdən uzaqda ərşdə oturmuş deyil. Biz heç bəndə, Onun qulu da deyilik. “Ən əl-həqq” diskursu “şah damarından yaxındır” ayəsindən doğan deyimdir. Qurandan göründüyü kimi, Allah bizim dərinliyimizə qədər hər nöqtəmizdədir. Bax, bu modeldə Ona yalvarıb “poçt kimi ərməğan almaq” modeli pozulur.

Soru çıxır: Tanrı bu qədər bizim içimizdədirsə, Ondan hədiyyəni almaq içimizdən almaqdır? Poçtsuz almaqdır, ya nədir? Ümumiyyətlə, Allaha yalvarıb Ondan var-dövlət diləməyin, ölüm ayağında olan yaxınlarına xilas arzulamağın, bir sözlə, ərməğan, hədiyyə, Yaxşılar istəməyin nə anlamı var? Biz ərşdə oturmuş, yəni bizdən məsafədə olan Tanrıdan ərmağan gözləyiriksə, “şah damarından yaxınlığı” deyir ki, Tanrını bu uzaqlıqda təsəvvür etmək düz deyil. Əgər Tanrı ərşi bizim içimizdədirsə, içimizdə oturmuş Allahdan hədiyyə “poçtu” almaq düşüncəsi nə dərəcədə düzdür?! O biri yandan, əgər biz möminliyimizdə ağıllı olub bilməliyiksə ki, Tanrımız öz bildiyini edəcək, Ona yalvarmaq nədən boşuna yalvarmaq deyil?! Yenə söyləyim: bizim möminliyimizin çox böyük çatışmazlığı var. Əgər düşünsək ki, Allaha yalvarıb istəməyin mənası yoxdur, çox tezliklə dünyamızdan Allah ideyası çəkilib gedəcək. Çünki çoxumuzun psixolojisi “elə qurulub” ki, işimiz düşəndə kömək aldığımız kəs, eləcə də Allah aktuallıq qazanır.

Allah ideyasından uzaqlaşdıran düşüncələr

İndi isə Allahdan istəmək ideyasının başqa dekonstruksiyası. Problem ondadır ki, əgər biz düşünsək ki, Allah bizim yalvarışımızla planlarını dəyişə bilər, görün, necə xaos yaranar. Milyonlarla adam hər an nəyisə Ondan diləyir və O bu diləklərdən hansılarınısa nəzərə alır, ancaq alan kimi yenə milyonlarla adamın yalvardıqlarından nələrisə qəbul edir və bu qəbul etdikləri öncə nəzərə aldıqları ilə ziddiyyətə girir, cızıqlar sınır, trayektoriyalar xaotik rəqsə düşür. Hər an belə sınmalar, dəyişmələr gedirsə, Allah necə olanların, baş verənlərin Yiyəsi ola-ola həm də adamların yalvarışları dalğasında qalxıb-enən çöpə dönmür? Dünyanın olaylar sistemi varsa və onlar İlahi şüurun, bilincin planına tabedirsə, nə qədərsə qayda-qanun olmalıdır ki, plan yerinə yetirilsin. Hər nöqtədə və hər anda eyni faktla bağlı milyonlarla düzəliş olsa, planı başa vurmaq olar? Deməli, Allah onun-bunun yalvarışından yumşalıb planını dəyişən Üstün varlıq olmamalıdır. Ona görə də dua edib Onun planlarını dəyişməsinə ümid etmək aldanışdır. O biri yandan isə bizə yumşalıb kömək əlini uzatmayan Tanrını sevməyə, Onun aktuallığını qəbul etməyə adi möminlərin gücü çatmır.

Duaları, Allahdan diləməyin hansı anlamları var?

Deməli, Allahdan nəyisə diləmək məsələsinə başqa cür yanaşmalıyıq. Məncə, yanaşma belə olmalıdır: Allah heç kimin, hətta istəkli bəndəsinin yalvarışı ilə də planını dəyişmir. Bəs dəyişmirsə, biz nəyə ümid edib yalvarırıq və umuruq ki, bizi eşidəcək?!

Ya O bizdən aldığı yalvarışları (ismarışın maskalanmış formasını) Özündə elə transformasiya edir ki, gəldiyi qərar tam öz iradəsi olur və bu qərarda bizim diləyimizdən heç nə qalmır. Ya da, sadəcə, yalvarışla Allahı öz tərəfimizə çəkə biləcəyimiz bizim aldanışımızdır.

Sözsüz dua, Allaha yalvarışla bağlı bu dediklərim, məsələn, Qurani-kərimin 3-cü surəsinin 195-ci ayəsinə düz gəlmir. Orada Allah yəhudilərin duasını qəbul etdiyini söyləyir. Ancaq bu uyğunsuzluq söylədiklərimi puça çıxarmır. Ən azı ona görə ki, “duanı qəbul etmək” Allaha Quranda baxımlı səhnə yaratmaq üçün gərəkə bilərdi.

Dua ilə bağlı təsirli, emosional səhnələr müsəlman mədəniyyətində o qədər yer alıb kiEBirinə baxaq. Əbdüləziz xana Tenqri-berti danışmışdı: Bəlxin hökmdarı İbrahim Ədhəm hakimiyyətdən əl çəkib həccə gedir. Əttarın məskənindən keçəndə qonağı olur. Əttar yeməyə bir şeyi olmadığı üçün deyir: ya Allah, İbrahim Ədhəm qonağımdır, o dünyadan bizim üçün yemək dolu süfrə göndər. Süfrə gəlir, onlar yeyirlər. O biri gün həmin sözləri İbrahim deyir, o qədər çox və dürlü yemək gəlir ki, Əttarın ürəyinə qibtə düşür. Düşünür ki, mən və İbrahim Ədhəm Allahı axtarmaq üçün eyni yolla gedirik. Bəs niyə mənim duamın cavabında o biri dünyadan İbrahimin duasına baxanda az yemək gəlir?

Allah ona cavab verir: Fəridəddin, sən məni axtarmaq üçün gələndə bir ətriyyat dükanını buraxıb gəlmişdin, İbrahim isə mənə görə Bəlxin taxt-tacını buraxıb gəlib.

Duanı mifoloji, xalq dini biçimində qavramasan, necə belə gözəl rəvayəti düzüb-qoşmaq olar?!
Ancaq əsl möminlik üçün duanın, Allaha yalvarışın önəmi başqadır. Sən Ona yalvarıb Ondan mükafat gözləyəndə ayrı bir energetik, ruhi duruma düşürsən.

SƏN ONA YALVARIRSAN, ANCAQ BILIRSƏN KI, BU YALVARIŞIN İLAHI PLANI DƏYIŞMƏYƏCƏK. VƏ BUNU BILLƏ-BILƏ ONA GÖRƏ YALVARIŞDA DAVAM EDIRSƏN KI, MƏHZ BU YALVARIŞ PSIXOLOJISINDƏ RUHUN YÜKSƏK MƏRTƏBƏYƏ QALXIR.

Əsas məqsəd elə budur. Möhtaclıq və yaxşılığa ümid dünyada yaramazlığa müqavimət mühiti yaradır.


Müəllif: Niyazi Mehdi