10 May 2014 18:01
589

“Qarabağ” ayıldı. Bəli, bir neçə tur bundan qabaq çempionluğa lap yaxınlaşan, bundan sonra isə sanki dərin yuxuya gedən Qurban Qurbanovun komandası məhz “İnter”lə oyunda yenidən özünə döndü. Alışdığımız gözəl oyuna və böyük hesablı qələbələrə bir ara fasilə verən “köhlən atlar” axır ki, son sözünü deməyi bacardı.

Və budur. Gözəl oyun, əla hesab, inamlı qələbə.

Nəticə: ÇEMPİONLUQ!

Bu çempionluq bir oyunda qazanılmış uğur deyildi, təbii ki. Bir ilin, uzun bir mövsümün əziyyətinin bəhrəsidir. Sual olunsa ki, bu mövsüm bu komanda çempionluğa layiqdirmi? Bunun cavabı birmənalı şəkildə: “Bəli!” olmalıdır.

“Qarabağ” əslində son bir neçə mövsümdür çempionluğa layiq oyun nümayiş elətdirir. Ancaq bu və ya digər səbəblərdən baş tutmayan bu istək nəhayət, həyata keçdi. Azərbaycan futbolunu az-çox izləyən, bilən hamı bu il “köhlən atlar”ın hansı səviyyədə olduğunu və rəqiblərini bir neçə baş üstələdiyini bilir.
Bəs “Qarabağ”ı çempionluğa daşıyan səbəblər hansılardır?

- Birincisi və ən əsası, bu komandanın Qurban Qurbanov kimi gənc və enerjili baş məşqçisi var. Futbolu, əsasən də “azərbaycansayağı” futbolu yaxşı bilən, çempionatın nəbzini tutmağı bacaran Qurbanov bu komanda ilə işlədiyi bütün mövsümlərdə iddialı kollektiv formalaşdıra bilib.

Heyətdəki oyunçular zaman-zaman dəyişsə də, kollektivin oyun stili, hədəfləri hər zaman sabit olub. Necə deyərlər, ifaçılar dəyişsə də, dirijor eynidir və bu orkestr hər zaman professional musiqini ifa eləməyə qadirdir.

Qurban Qurbanov özünün yetişdirdiyi gənc yerli oyunçularla da həmişə iddialılar sırasında çıxış eləyirdi. Burada əsas məsələ məşqçi bacarığının səviyyəli oyunçu ilə ahəngidir. Bu isə müəyyən əmək tələb eləyən işdir.

- İkincisi, komandanın yaxşı seleksiyaçı məşqçiləri və bunun nəticəsində də səviyyəli legioner oyunçuları var. Reynaldo, Corc Leroy, Riçard Almeyda, Çumbinyo, İbrahim Şehiç, Admir Teli, Aqolli kimi futbolçular komandanın özəyini təşkil edirlər və çempionluğa gedən yolda ən böyük addımlar məhz onların sayəsində atılıb.

Bir ara yerli gənc oyunçuları ilə daha çox diqqət çəkən ağdamlılar sonradan həmin yerlilərin “vəfasızlığı” ucbatından xarici legionerlərə tərəf meyllənməyə başladı. Rauf Əliyevin, Əfran İsmayılovun, Elvin Məmmədovun, Rəşad Sadiqovun komandanı tərk etməsindən sonra yaranan boşluqlar səviyyəli legionerlərlə dolduruldu ki, nəticəsi də göz önündədir.

- Üçüncüsü, bu komandanın legionerlərlə əla ansambl yarada bilən və onların arasında “xaric səs” çıxartmayan səviyyəli yerli oyunçuları var. Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov kimi əsas heyət oyunçuları, Namiq Yusifov, Vüqar Nadirov, İlqar Qurbanov kimi “yardımçı” oyunçular ümumi uğur şəbəkəsinin əsas bəndlərindəndirlər.

- Dördüncüsü, bu komandanın əla rəhbərliyi var. Komanda rəhbərliyi oyunçular və məşqçilər üçün hər cür şəraiti yaradıb və nəticədə uğur tələb edirlər ki, kollektiv də onların bu istəklərini artıqlaması ilə yerinə yetirdilər.

Bütün sadalanan hallara nəzər saldıqda bir şey aydın olur ki, bu komanda vahid orqanizm kimi işləyir. Hamı öz işini bilir, hamı öz işinə məsuliyyətlə yanaşır, öz işlərinin öhdəsindən məharətlə gəlirlər və nəticəsi də göz qabağındadır.

Bizə də bu kollektivin əməyini qiymətləndirmək və ÇEMPİON olan komandaya avrokuboklarda uğur arzu eləmək qalır.

Yolun açıq olsun, “Qarabağ”!


Müəllif: Zaur Xudiyev