16 Aprel 2014 10:26
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Xatırladım ki, final matçına kimi keçirilən hər mərhələnin oyunları ev-səfər prinsipi ilə keçirilir.

Əvvəlcə saat 16:00-da Qəbələdə yerli komanda "Xəzər Lənkəran"ı qəbul edəcək. Ölkə çempionatında mükafatçılar sırasına düşməkdən əli üzülən hər iki klubun əsas hədəfi kubokda xoşbəxt sonluğa çatmaqdır.

Doğrudur, "Qəbələ"nin nəzəri olaraq şansları hələ də davam eləsə də, hər halda kubokdakı oyunla özünü sığortalamaq daha vacibdir.

Çünki mövsümün əvvəlində qarşısına böyük hədəflər qoyan, xüsusilə də avrokuboklara vəsiqəni prioritet məsələ hesab eləyən hər iki kollektivin hədəflərinə çatmaları üçün yeganə yol məhz ölkə kubokunu qazanmaqdır.

Bu və ya digər səbəblərdən Premyer Liqada oyunları alınmayan rəqiblər kubokda inamla yollarına davam edirlər. Kimin finala vəsiqə qazanacağı isə bu oyundan sonra bəlli olacaq.

"Qəbələ" bu oyundan əvvəl hazırda çempionluğu demək olar ki, dəqiqləşdirmiş "Qarabağ"la qarşılaşmışdı. Bölgə təmsilçisi güclü rəqibini iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırmağı bacarmışdı.

Bu oyuna isə komanda bəzi əksiklərlə çıxmalı olacaq. Dodo, Ebesilio və Elnur Allahverdiyev cəzalı olduqları üçün qarşılaşmanı kənardan izləməli olacaqlar. İbrahima Niassenin isə zədəli olması Yuri Syominin onun xidmətindən istifadə etməsinə əngəl olacaq.
"Xəzər Lənkəran" cəbhəsində isə "Bakı" ilə liqa oyunundan sonra bir az yorğunçuluq olsa da ciddi itkilər nəzərə çarpmır.

Ancaq istənilən halda, ev sahibi kimi daha çox üstünlüyə malik olan qəbələlilər bu oyunun favoriti kimi göstərilirlər. Oyunun iki tərəfli olmasını və komandanın kuboku nə qədər çox istəməsini nəzərə alsaq ev sahiblərinin oyuna hansı motivasiya ilə çıxacağını anlamış olarıq.

Yarımfinalın digər oyunu isə saat 19:00-da Bakıda, "Baksell Arena"da "Neftçi" ilə "Rəvan" arasında oynanacaq. Çempionluqdan əli üzülən, son turda "İnter"ə məğlubiyyətdən sonra isə hətta ikinciliyi də şübhə altına düşən "ağ-qaralar" bu oyuna mütləq qələbə parolu ilə çıxacaqlar.

Belə ki, işini riskə atmaq istəməyən və özünü hər iki cəbhədə sığortalamaq istəyən "Neft"çi "Rəvan" qarşısında qələbə axtaran tərəf olacaq. Təbii ki, bu işdə onlara doğma meydan amili də çox böyük yardımçı olacaq.

"İnter"ə prinsipial məğlubiyyətdən sonra bütün hirsini "Rəvan"dan alacağı gözlənilən "ağ-qaralar"ın heyətlə bağlı ciddi bir problemləri yoxdur.

"Rəvan"da isə işlər heç də yaxşı getmir. AFFA rəhbərliyinin məlum qərar dəyişdirməsindən sonra olduqca pis vəziyyətdə qalan komanda son turda "Qarabağ" qarşısında darmadağın olmaqla vəziyyətini bir az da pisləşdirdi.

Digər autsayder "Sumqayıt"la eyni xala malik olan, sadəcə şəxsi əmsallarda "gənclər"i qabaqlamağı bacaran "Rəvan"ın son sıraya yuvarlanması an məsələsidir.
Belə bir çətin vəziyyətdə əsas hədəfi liqada qalmaq olan "uçan aslanlar"ın kubokda "Neftçi"yə ciddi müqavimət göstərəcəyi inandırıcı deyil.

Bununla belə oyundan öncə komanda şəklində toplanan və komandadaxili ab-havanı yaxşılaşdırmaq və motivasiyanı artırmaq üçün birlikdə yemək yeyən, şəhər gəzintisi eləyən kollektiv güclü rəqibinə qarşı oyuna yaxşı əhval-ruhiyyə ilə çıxmaq istəyindədir.

Hər iki oyunun necə nəticələnəcəyini isə bu gün biləcəyik. Ümid edək ki, layiqli və güclü olan qələbə qazanacaq.


Müəllif: Zaur Xudiyev