12 May 2014 11:38
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxşı kişilərə dəvə nə lazım, illah da ərəbi ölmüş dəvə? Yaxşı kişilər buradadırlar bəyəm? Yaxşı atlara minib getmədilər bəs yaxşı kişilər? Atalar sözündə belə deyilmirdi ki?...


***

Görünür günündən, güzəranından, ruhi durumundan, bəlkə lap sosial vəziyyətindən narazı olduğuna görə, həm də daim narazı olduğuna görə Azərbaycan kişisinin mental düşüncəsində belə bir fakt sual da yox, məhz təsdiq formasında təqdim olunur – yaxşı kişilər yaxşı atlara minib getdilər. İndi deməyiblər ki. Bugünü nəzərdə tutub da deməyiblər. Bütün zamanlar və bütün məkanlar üçün yaxşı kişi anlamının real tərifini söyləyiblər atalar. Səbəbini bir Allah bilir.

***

Yaxşı kişilərdən danışmayacam. Bəlli, əksəriyyət gedibsə burada qalanlar tək-təkdi. Yüksək materiyaları da bir kənara qoyaq – fəlsəfəni-filanı, istəməz. Adi həyatda hər birimizin bəlkə hər gün rastlaşdığımız problemdən söz açacam. Nəzərimcə bi, gerçək problemdi.

***

Görünür Allahın lütfüdü ki, gözümü dünyaya açandan yaxın çevrəmdə belə kişi görməmişəm. Yaxın çevrəmdə. Geniş çevrədə isə, təəssüf, əksəriyyət elə bu gündədəir.

***

Kxx, kxıııııxx, xxuuuxx, kxoox, tfuuu. Bu xanım hər səhər evdən çıxanda ildırım sürətilə hərəkət edir. Elə tələsir ki, gah unudub açarını evdə qoyur, gah başqa vacib əşyasını, hətta çətirini belə. Bircə ətir daim çantasında olur. Çünki liftə minməmişdən oranı ətirləməsə içəri girə bilmir. Tələsməyi isə pis qoxuyla bağlı deyil. Bu xanım tələsir ki, qonşusu yoğunpeysər kişini qabaqlasın. Ki, onun hər gün blokda lift gözləyən zaman çıxardığı murdar səsləri eşitməsin, ətrafa fəvvarətək ifraz etdiyi iyrənc damcıları gözü görüb də könlü bulanmasın. Zalımın balasının evində ayaqyolusu-filanı yoxdur elə bil.. Guya lift gözləyəndə, elə liftin içində də mütləq gərək bir qurğuşunu əskik olan boğazını arıtlaya və o eybəcər səslərlə insanların səhərini məhv edə. Kxx, xxuuuxx, kxoox, tfuuu. Zəhrimarın yekəsi!!!


***

Bunu həqiqətən bizim kişilərin gerçək problemi hesab etdiyimdən öncə həkimlərdən soruşdum. Bu, fizioloji problemdimi? Qətiyyən! Bizim məkana xas tənəffüs yollarının xəstəliyilə bağlı olmasın? Ona da bağlı deyil. Nə çox astmadan əziyyət çəkən xanımlar. Biri belə iş görərmi? Görməz! Dəvə istisna olmaqla heyvanların da heç biri belə murdarlıq eləmir. Amma erkəklər bir qayda olaraq öz ərazilərini sidiklə işarələyirlər. Görünür elə yerə tüpürmək mərəzi də əks cinsin təkamül zamanı inkişaf etdirə bilmədiyi genetikasının qalığıdır. Bu hərəkətlə kişi alt şüurda “mən də varam” demək istəyir. Psixoloji bəladı. Hər nədirsə çox iyrənc, çox murdar hərəkətdi. Qaynaqlara görə, Osmanlı imperiyasında xüsusi insanlar varmış ki, iri şəhərlərdə əllərində qum kisəsi küçəbəküçə gəzər, yerdə tüpürcək görən kimi üstünə qum tökər, bu işə görə də sultanın xəzinəsindən məvacib alarmışlar. İmperiya mədəniyyətini nə bilmisiniz?

Elə günü bu gün də ölkələr var ki, kişilərin bu pis vərdişi orada qanunla yasaqlanır. Məsələn, Sinqapurda yerə tüpürən adam 500 dollar cərimə edilir. Lap bu günlərdə Sinqapurdan qayıdan bir yerlimiz öz dostuna bilirsiz nə deyib? Gülə-gülə fəxrlə deyib - getdim Sinqapur dövlətinə 3000 dollarlıq ziyan vurdum gəldim. Necə? Demə, adam 6 dəfə yerə tüpürüb və bu zaman polisin nəzarətindən yayına bilib. Fərasətinə şükür! Bu da bu!

***

Məktəbdə oxuduğum vaxtlar idi. (O vaxtdan elə hamıya ilişirdim). Rayonlu oğlanlar ki yerə tüpürə-tüpürə gəzirdilər, yanımdan keçəndə mütləq bərkdən “dəvə” deyib keçirdim. Bəlkə heç başa da düşmürdülər ki, bu uşaq nə deyir və niyə deyir.

***

İndisə açıq deyirəm. Əks cinsin nümayəndələri. Küçədə-bacada belə iş görəndə çox, çox və çox iyrənc görünürsünüz. Bu, eynən küçənin ortasında digər zəruri ifrazatları etmək kimi pis işdir. Ayıb olur. Etməyin. Evdə oğlan uşagı böyüyürsə körpəlikdən başa salın ki, yerə tüpürmək olmaz. Tərbiyə verin doğub törətdiklərinizə. Tək qarınlarının yox, beyinlərinin də qeydinə qalın. Nəyin pis, nəyin düz olduğunu söyləyin. Ki, böyüyüncə tində-bucaqda dayanıb dəvə kimi yerə tüpürməsinlər. İnsandılar axı. Dəvə deyillər.

Afaq Vasifqızı


Müəllif: Afaq Vasifqızı