15 Yanvar 2015 18:18
2 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda elektron media yüksək sürətlə inkişaf edir. Bunun adını inkişaf deyil də, sürətlə çoxalma qoysaq, bəlkə daha doğru ifadə olar. Çünki bu gün ölkəmizdə yeni media keyfiyyət deyil, məhz kəmiyyət baxımından yüksəlişdədir. Yazılı mediaya tələbatın xeyli azalması, eləcə də qəzet nəşrinin bəlli çətinlikləri, mətbuatla yaxından-uzaqdan əlaqəsi olan bir çox şəxsi elektron media sahəsinə yönəldib.

Ona görə yaxından-uzaqdan əlaqəsi olan deyirik ki, bu gün yeni media sahəsində fəaliyyət göstərən, “at oynadan” şəxslərin bir çoxu peşəkarlıqdan xeyli uzaqdır. Əgər bu şəxslər qəzet yaratmaq istəsəydilər, təbii ki, istəklərini reallaşdırmaları o qədər də asan olmazdı. Amma belələri qəzetdən fərqli olaraq qeydiyyat tələb etməyən və xüsusi ofis, böyük maddi-texniki baza, çoxsaylı işçi olmadan da fəaliyyət göstərə biləcək sayt yarada bilirlər. Bunun üçün bir o qədər əziyyət çəkmək də lazım gəlmir. Həyasızlıq və başqa informasiya mənbələrindən informasiya “kopiyalamaqla” məşğul olacaq bir-iki işçi yeni media orqanı yaratmağa kifayət edir. Əzabı isə sadə oxucu və bizlər çəkir…

Təbii ki, deyilənləri elektron medianın hamısına şamil etmək düzgün olmazdı. Başqa sözlə, bu “kateqoriya”ya aid olanlar söhbətin kimdən və nədən getdiyini artıq başa düşüblər… Bu saytlar bir neçə işçi ilə digər elektron medianın materiallarını oğurlamaqla özlərini reklam bazarına da sala bilirlər. Belə məlumatların istinadla verilib-verilməməsindən asılı olmayaraq, bu, başqasının zəhmətinin oğurlanmasından başqa bir şey deyil. Yəni bu şəxslər başqasının çəkdiyi cəfanın səfasını görürlər. Xarici ölkələrdə, uzağa getməyək, qardaş Türkiyədə bunun başqa örnəklərinin olduğunu görərik…

Eyni zamanda bu, iri saytlar tərəfindən sözügedən sahəyə yatırılan maliyyəyə şərik çıxmaq deməkdir. Çünki oğurlanan, müasir ifadə ilə desək, “kopiyalanan” yazılar dolayısı ilə yatırılan pulun məhsulu kimi ərsəyə gəlir.

***

Digər bir məqam isə əksər saytların bazara girməsi və ya İP (oxucu auditoriyası) yığması üçün qeyri-etik yazılara həddindən artıq yer verməsidir. Onlar erotik yazılara xüsusi diqqət ayıraraq, bunu məxsusi “bər-bəzəklə” təqdim edirlər. Təbii ki, müəyyən qisim oxucunu belə qeyri-ciddi məsələlər daha çox maraqlandırır və onlar məhz bu cür informasiyalara bolluca vaxt ayırmaqdan çəkinmir, əksinə, bundan zövq alırlar. Bu tip informasiyaları gen-bol işıqlandıran saytlar isə əksər vaxt müəyyən etik prinsipləri, eləcə də yaş senzini nəzərə almağı nədənsə unudurlar. Bu saytlara diqqət yetirən zaman elə təəssürat yaranır ki, sanki xəbər saytlarını deyil, erotik saytları izləyirsən. Belə yanaşma oxucuda saytların sanki “seks savaşı” içərisində olması təəssüratı yaradır. Düzdür, pul qazanmaq, təmsil olunduğun sahədə ilk yerlərdə olmaq və ya bunu hədəf seçmək başadüşüləndir, lakin baxır hansı yazılarla və necə...

***

Kriminal xəbərlərin həddindən artıq çoxluğu və bu yazıların xüsusi canfəşanlıqla təqdimatı da cəmiyyətin gələcəyi naminə narahatedici məqamlardandır. Hər halda hər bir şəxs ən azı bunun əks tərəfini düşünməyi özünə borc bilməli və bu xəbərləri təqdim edən zaman özünə müəyyən sərhədlər qoymalıdır. İŞİD-in necə baş kəsməsi, birinin başqasını necə öldürməsi, hansı üsulla cinayət törətməsi və digər “maarifəndirici”, təşviqedici kriminal xəbərlər kimə və nəyə lazımdır? Nəticə isə göz qabağındadır: başkəsmələr, adi sözlər, əhəmiyyətsiz hərəkətlər üstündə qanlı olaylar, yatsan yuxuna girməyəcək ağlasığmaz hadisələr və s.

Hətta elə saytlar var ki, orada çalışan bir çox şəxs nəinki jurnalistikadan, Azərbaycan dilinin qrammatikasından, adicə durğu işarələrindən belə xəbərsizdirlər. Bu saytlar həm yazıları, həm seçdikləri başlıqlar ilə bir mətləbə - Azərbaycan dilinin, oxucuların zövqünün korlanmasına, milli dəyərlərin pozulmasına xidmət edirlər. Onlar üçün bir əsas prinsip var – təki pul olsun!

***

Deməli, bir nəfər çalışdığım media qurumlarından birinə işə düzəlmişdi. Dost xahişi ilə işə gələn həmin şəxsin ilk iş yeri də məhz bu mətbu orqanı idi. Onun ali təhsili belə yox idi. Deyəcəksiniz ki, nə olsun, yazı qabiliyyəti, fitri istedad ali təhsillə bağlı olmaya da bilər və işlədikcə “yazmağı” da öyrənəcək də… Məsələ burasındadı ki, həmin şəxs heç sadə sözlərin yazılışını, durğu işarələrinin işlənmə yerini belə bilmir, jurnalistikadan isə ümumiyyətlə xəbərsiz idi (Daşqından sonra torpaqda qalan balıq misalı). Həmin şəxs bir neçə ayı bu şəkildə yola verdikdən sonra, yəni irəliyə doğru bir addım belə atmadan işdən çıxdı. Onun qət etdiyi məsafə sadəcə həyasızlıq və müəyyən insanlarla əlaqələr qurmaq oldu. Sonra məlum oldu ki, bu şəxs sayt yaradaraq, baş redaktorluq edir. Həm də öz saytının köşə yazarıdır. Hətta media “bazarında” özünə yer belə edib...

Təəssüflə qeyd edək ki, bir çox elektron medianın bugünkü gerçək üzü məhz budur!


Müəllif: Aqil Lətifov