24 Yanvar 2015 15:16
3 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda "dərviş toyu" adlanan bir toy mərasiminə dəvətli idim. Çoxdan bəri "dərviş toyları" haqqında eşitdiklərimi gözlərimlə görməyim bu mərasim barədə təəssüratlarımı bir daha təzələdi.

Sözügedən toyda diqqətimi çəkən məqamlar mövzu ilə bağlı yazı qələmə almağıma səbəb oldu.
Düzdür, əsrlər boyu ölkəmizdə dərviş toyları mövcud olub. İmanlı şəxslər tarix boyu özlərinin və yaxınlarının toylarını məhz bu üsulla təşkil ediblər. "Dərviş toyları"nın hələ dinimizdən öncə mövcud oduğu istisna edilmir. Lakin sonradan bu adət İslamın özününküləşdirmə modelinə çevrilib. Bunun da başlıca səbəbi "dərviş toyları"nda Allah-Təalanın haram buyurduğu naz-nemətlərin verilməməsidir.
Azərbaycanda indi keçirilən "dərviş toyları" ilə ötən əsrin əvvələrindəki "dərviş toyları"nı müqayisə edəndə çox böyük fərqlər ortaya çıxır. Hətta bu toyların arasında qırılmış tellər mövcuddur.

Hazırda keçirilən "dərviş toyları"nda nəzəri cəlb edən və bir-biri ilə ziddiyyət təşkil edən bir çox məqam var. Belə bir İslami mərasim təşkil etdiyi üçün əksər toy sahibinin öyünməsi, dinimizin heç cür qəbul etmədiyi israfçılıq məhz bu sıradandır. Bütün bunları nəzərə aldıqda buna necə İslami mərasim deyək?
Əgər belə bir toy təşkil ediriksə, onun keçmişdən bəri mövcud olan sütunlarına zərbə vurmamalı və ənənələrimizə, İslami dəyərlərə uyğun mərasim keçirməliyik. Milli adət-ənənələrimizdən biri olan və ara-sıra keçirilən "dərviş toyları" İslami əxlaqi-etik dəyərlərə qayıdış nöqteyi-nəzərindən bir çoxları tərəfindən müsbət dəyərləndirilir. Lakin bir çox ənənələrimiz kimi, dərviş toylarına da kifayət qədər əlavələr edilib. Başqa sözlə, digər adət-ənənələrimiz kimi, bu vərdişimizin də avropalaşdırılması hiss olunmağa başlayıb. Sözügedən toyları dərindən analiz edəndə insanı düşündürən məqamların heç də az olmadığı ortaya çıxır.

Bu mərasimlərin digər toylardan üstün cəhətləri də kifayət qədərdir. İnsanı narahat edən səs-küyə, şit musiqiyə, bayağı sözləri olan mahnılara, eləcə də, yabançı rəqslərə "dərviş toyları"nda bir o qədər də rast gəlinmir. "Dərviş toyları"nın digər toylardan yeganə böyük fərqi burada qadınların iştirak etməməsi və ritmik oyun havalarının çalınmamasıdır. Yəni sözügedən mərasimlərin bir çox məqamları İslam etikasına, şəriətin qanunlarına uyğundur.

Bu toyların adının islami toy qoyulmasına baxmayaraq, burada şəriət qanunlarına, İslama zidd bir çox hallar mövcuddur. Məhz bu toyların bəzi cəhətləri insanı düşünməyə vadar edir. Bəzən insana elə gəlir ki, bu mərasimlər digər toylardan o qədər də fərqlənmir. Çalğı alətləri, ifa edilən musiqi eyni. Başqa toylarda çalınan həmin musiqi sədaları altında, həmin avazla Peyğəmbəri (s.ə.v.), imamları, digər müqəddəsləri mədh edən şeirlər oxunur. Maraqlı məqam isə bu mətnlərin bir çoxunun başqa toylarda da xanəndələr tərəfindən oxunmasıdır. Musiqi qrupunun üzvləri uzun-uzadı mədhiyyə oxuyur və hər bir mahnının sonunda yeməklə məşğul olan insanlardan "salavat" deməyi, həm də bunu uca səslə söyləməyi tələb edirlər.

Əgər "dərviş toyları" Allah rzası üçün edilirsə, o zaman hansı səbəbdən toyun gedişində Yaradanın digər əməllərinə riayət edilmir?

Məsələn, Allah rzası (bir çoxları bunu gözdən pərdə asmaq məqsədilə təşkil edir) üçün olan toyun gedişi zamanı şam namazı ilə yanaşı, xüftən namazının da vaxtı keçir, amma musiqiçilər çalmağa, iştirakçılar isə yeməyə davam edir. Və bu zaman namazlar bilərəkdən qəzaya verilir. Axı namazın vaxtı çatan kimi hər bir mükəlləf olan adam imkan və şərait varsa, əlində təxirə salınması mümkün olmayan bir iş yoxdursa, dərhal namaza durmalıdır. Əgər "dərviş toyları" deyilən bu mərasimlər dinimizin qaydalarına əməl olunan toylardırsa, o zaman bu mərasimlərin keçirildiyi məkanlarda namaz üçün şərait olmalı və namazın vaxtı yetişən zaman musiqiyə fasilə verilməli, insanlar isə ibadətlə məşğul olmalıdırlar.

Əgər dini, islami toy hesab etdiyimiz bu toylarda Böyük Allahın yerinə yetirilməsi vacib olan açıq, çox açıq əmrini, müqqədəs Peyğəmbərimizin (s.ə.v.) göstərişlərini qulaq ardına vurub toyun gedişində yerinə yetirdiyimiz digər əməllərlə öyünürüksə, bu, riyakarlıqdır. Deməli, günah edirik. Bir-birilə sıx bağlı olan bu əməllər, eyni zamanda, bir-birini tamamlayan bir kompleksdir. Bu məsələlər hamısı bir yerdə bir orqanizmdir. Və bu məsələlər hamısı bir arada olsa, daha məqsədəuyğun olar.

Musiqiyə gəlincə isə, İslami qaydalara görə, öz-özlüyündə hər cür musiqi deyil, ləhvü-ləəb yaradan, insanı ekstaz vəziyyətinə gətirən musiqi haramdır. Məhz dərviş məclislərində çalınan və oxunan musiqilərdə bəzi ekstaz halına gətirən məqamlar var.

Allahı vəsf edən, peyğəmbərləri (s.ə.v.), müqəddəs imamları mədh edən mətnləri hər cür musiqi altında oxumaq özü də bidətdən başqa bir şey deyil. Əgər ilahi sözlər səsləndirilirsə, bunun üçün hər kəs öz zövqünə uyğun musiqi seçə bilməz. Burada hər bir incəliklər nəzərə alınmalıdır. Bir halda ki, "dərviş toyu"nu özünü İslam təəssübkeşi hesab edən şəxslər edirlərsə, bu zaman onların digər dini tövsiyələrə əməl etmələri də vacibdir. Maraqlı məqam ondadır ki, toy sahibi bir yanda "dərviş toyu" etməklə öyünür, yəni özünü Allah-Təalanın xoşuna gələn əməlləri yerinə yetirən şəxs kimi göstərir, digər tərəfdən isə Ulu Yaradanın sevmədiyi başqa əməlləri həyata keçirir.

Ən azından bu şəxslər "dərviş toyları"nda dinimiz tərəfindən qəbul edilməyən israfçılığa da yer verməməlidirlər.

P.S. Bəzən adama elə gəlir ki, dərviş toyları ilə digər toyları bir-birindən ayıran yeganə fərq bu toylarda spirtli içkinin olmamasıdır.


Müəllif: Aqil Lətifov