14 May 2014 10:19
536

Adam bilmir hardan başlasın, nədən danışsın, kimdən xəbər versin. Vallah-billah, elə mövzular müzakirə olunur ki, adamın əli gəlmir yazsın, dili gəlmir danışsın.

Götürək elə "Sumqayıt"-"Qarabağ" oyununu. Onsuz da hələ matçdan əvvəl bu oyun haqqında bir xeyli söyləntilər var idi.

"Sumqayıt" "Qarabağ"a qalib gəldi. Yox-yox, çaşdım, siz Allah bağışlayın, "Qarabağ" "Sumqayıt"a uduzdu. İndi deyəcəksiniz ki, nə fərqi var axı? Həsən Keçəl, ya da Keçəl Həsən.

Mən də deyəcəm ki, yox, əziz oxucu, bu dəfə fərqi var. Bu xına o xınadan deyil. İndi kimsə fikirləşəcək ki, nə xına, hansı xına? Belə də ki, heç "hənanın yeri də deyildi". Hər nəysə sözümün canına keçirəm. Deməli, "Qarabağ" "Sumqayıt"a uduzmaqla babat sensasiya yaratdı YENƏ. "Yenə"ni xüsusi fərqləndirirəm, çünki bilənlər bilir.

Yaxşı, bəs sizcə, "Sumqayıt"ın bu dəfəki "qəhrəmanlığı"nın səbəbi nə (və yaxud kim) idi? Heç düşündünüzmü ki, "İnter" kimi komandanı çox rahatlıqla darmadağın edən kollektiv nətər olur ki, autsayderə uduzur?

Kimsə mənə deməsin ki, ağdamlılar bu oyuna əsas oyunçularından məhrum çıxmışdılar. Bu bəhanə qətiyyətlə rədd olunur. Niyə?

Birincisi ona görə ki, Rəşad Sadıqov, Maksim Medvedev, Vüqar Nadirov, Muarem Muarem, Bədavi Hüseynov adətən, əsas heyət oyunçuları hesab olunurlar. Guya, Azərbaycan futbolunun qaymaqlarından sayılan bu futbolçular son sıraya düşməmək üçün çarpışan "Sumqayıt"ı uda bilmirlərsə onda belə hesab eləyək ki, çempion olan "Qarabağ" yox, Reynaldo, Almeyda, Çumbinyo və Leroy Corc kvarteti imiş.
Lap tutaq ki, siz deyənləri qəbul elədik, dedik ki, komandanın əsas özəyi dağılıb, heyətə yenicə cəlb olunmuş oyunçular ümumi ansamblı pozublar, bunun nəticəsində də komanda yenilib.

Xub! İndi kim məni inandıra bilər ki, Qurban Qurbanov bu oyunçuları mövsüm bitməmiş məhz bu oyunu düşündüyü üçün, sonradan yaranacaq söz-söhbətlərdən sığortalanmaq məqsədilə tələm-tələsik yollamayıb vətənlərinə?

And içməyin, inanmayacam. Axı nəyə görə inanmalıyam ki?

Bu oyunçular deyildilərmi ki, kubok oyununda güclü "Qəbələ" ilə başabaş döyüşürdülər. Noldu, nətər oldu ki, birdən-birə "Sumqayıt"a uduzası oldular?

Qarışıq məsələlərdir bir az. Ancaq istənilən halda çempion olmuş bir komandanın belə bir oyuna getməsi heç də yaraşmadı onlara.

***

"Bakı" da AZAL-a qalib gəldi. Qalib gəldi gəlməsinə, amma Allah kəssin belə qələbəni. Çoxdandı qalibiyyətə həsrət qalan "zolaqlılar" elə bir vəziyyətdən qol vurdular ki, bu qol onlara üç xaldan, qələbədən daha çox utanc gətirəsi oldu.

Rəqib qapıçının zədələndiyi və yerdə qıvrıldığı bir zamanda boş qalmış qapıya qol vuran, üstəlik, böyük qəhrəmanlıq kimi bunu qeyd eləyən Şoliçin deyəsən, ən adi "Fair Play" qaydalarından da xəbəri yoxdur.
Xatırlayarsınız, "Bakı" klubu bir dəfə də bütün centlmenliyi bir kənara atıb belə bir qol vurmuşdu. O vaxt "Xəzər Lənkəran"ın və Kamran Ağayevin qapısına vurulan qol stajlı azarkeşlərin xatirində qalmamış olmaz.

Aradan illər keçməsinə baxmayaraq, görünür, "şəhərlilər" hələ də futbol mədəniyyətini, meydança əxlaqını öyrənə bilməyiblər.

Onsuz da indən belə həm bu qol, həm də bu qələbə nə "Bakı"ya, nə də Şoliçə nəsə qazandırası deyil. Əksinə həm kluba, həm də həmin oyunçunun şəxsinə olan hörmətin itirilməsinə şərait yaratdı.

Neyləyək, demək ki, belə də olurmuş.


Müəllif: Zaur Xudiyev