2 Fevral 2015 16:28

Nigar İsmayılqızı

Yeni ilə təzə ayaq açan körpə kimi qədəm qoymuşduq. Saat üç olardı. Həmişə gecələr səssiz olan şəhərimiz bu gecə səs-küy içində yox olub var olurdu. On üçüncü mərtəbədən baxanda balaca, işıqlı şəhərimiz qaranlıq gecədə par-par parıldayırdı. Pəncərəni açıb mənzərəni seyr edirdim, arada dabanlarımı yerdən ayırıb aşağıda tez-tez şütüyən maşınlara baxdım. Hava soyuq olsa da, təmiz havanı içimə çəkib ağ çərçivəli pəncərəni sağ əlimlə bağladım. Rəngli, nazik, köhnə evimizdən yeni evə gəlib çıxan tül pərdə arxa tərəfdən məni qucaqlamışdı. Alnımı pəncərənin şüşəsinə söykəyib, soyuqdan üşümüş barmaqlarımı qızdıra-qızdıra al-əlvan yeni ilin qarşılanmasına baxırdım. Qəribəsi o idi ki, öz üzüm də şüşədən mənə zillənmişdi. Bilmirəm niyə baxırdı! Amma baxırdı. Bu gün evdə bütün otaqların işığı yanırdı. Dünya işıqlı bir aləm kimi mənim diqqətimi çəkirdi. Saat dörd olardı. Evimizdə sakitçilik hiss edirdim. Labirintli dəhlizlə qonaq otağına tərəf gəldim. Elə istəyirdim hamını öz otağında görüm. Elə də oldu. Mən də öz otağıma çəkildim. Keçən il bu ayda, bu gündə hansı şəhərdə olduğumu, yeni ili hansı məkanda keçirdiyimi ağlımdan keçirdim. Bu tarixdə çəkdirdiyim şəkillərə baxdım. İstəyirdim məni bərk yuxu tutsun. 2015-ci ilin gəlişi mənə yaxşıca yuxu gətirdi.

Saat beş olardı ki, birdən ayıldım. Üzümdə isti bir şey hiss etdim. Sol əlimi üzümə vuranda quzu qurddan diksinən kimi, mən də diksindim. Əllimə isti bir maye dəydi. Demə, mən yatanda burnumdan qan açılıb. Ayıldım. Amma işığı yandırmadım, bacımın qızı yanımda yatmışdı, onu narahat etmək istəmirdim. Nəm salfetka ilə qanı sildim, yavaşca yerimə uzandım. Qan görüb uşaqlıq illərimin rəngli adasına səyahət etdim.

... Mən balaca olanda uzun saçlarım var idi, gözlərimdə böyük idi, hara qonaq gedirdimsə, saçlarımı tumarlayırdılar. Sözün düzü, burnumdan da tez-tez qan açılırdı. Burnumdan qan gələndə, saçlarımı rezinlə bağladıqları hələ də yadımdadır. Hava günəşli olanda evdən icazə ilə çıxırdım. Adətən, hava isti olanda mənə uşaqlarla oynamağa icazə verməzdilər. Bu qan elə bil mənə ötən illəri dadırtmaq üçün gəlmişdi. Yeni ilin ilk günü bu qırmızı qan məndən nə istəyirdi? Bəlkə də bu ildən gözlənilən uğurlara bir işarə idi?! Bilmirəm! Səssizliyə qapılıb, evimizdəki sükutu pozmaq istəmədim. Səhər də gec ayılmışdım. Bütün günü harasa və kimisə görməyə tələsirdim. Amma kim üçün tələsdiyimi heç özüm də bilmirdim! Keçmişə səyahət etmək istəyirdim.

... 2 yanvar. Səhər gözümü açar-açmaz evdən tez çıxmaq istəyirdim. Məşhur bir rəssam öz şəkillərindən ibarət dördkünc, qırmızı, ağır kataloq hədiyyə etmişdi mənə. O kataluqu səhifələdim, vərəqlər əlimin altından sürüşürdü, şəkillərin sehri məni nağıllar aləminə aparırdı, gözəl, ağıllı, işıqlı, aydın siması, ruhu havalı olan qadın mənzərələrinə həmişə baxmaqdan zövq almışam. Mənə elə gəlir ki, rəssamlıq sənətində olan cazibə heç bir sənətdə yoxdu. Hələ rəssam dostlarımın emalatxanasına gedəndə, boyalara yaxınlaşıb onları əlimə alıb, qoxusunu içimə çəkməyimi demirəm! Boyalarla talelərini birləşdirib rahatca dil tapan fırçalara baxmaq məni dəli edirdi. Boyadakı qoxu insanın illiyinə işləyirdi! Rəngarəng, sevimli, gözləri sürməli, dodaqları boyalı, əli üzüklə, qulağı sırqa ilə bəzədilən uzundonlu qadınlara baxdıqca rahatlıq tapırdım. Birdən telefonuma zəng gəldi. Açdım.

Bu... uşaqlıq rəfiqəm Ülkər idi. Saçları qara, dağınıq forması olan, qara qaşları, gözləri çox uzaqdan baxan, hündürboylu, qara rəngi sevən o qız idi. Rahat səsi var idi. Elə bil heç böyüməmişdi, uşaq vaxtlarımızda da onun səsi mənim qulağımı narahat etməzdi. Görüşmək istədiyini dedi. Danışdıq ki, saat dörd üçün şəhərdəki kafelərin birində görüşək. Mən qara paltomu geyinib, boynuma qırmızılı-qaralı gülləri olan, yaşı qırx ildən çox olan, mənə yaşlı bir qadın tərəfindən hədiyyə olunan yaylığı keyflə boynuma bağlayıb evdən çıxdım. Liftdəki güzgüdə boynumu bərk-bərk qucaqlayan yaylığa bir də baxdım: üstündəki incə, rəngli, xırda gülləri çox istəyirdim. Həm də lap çox...

Liftdə xəyal gücümün sevincli olduğunu hiss etdim. Ötən illərdən hər an xəbər verən yaylığımı düzəldib sevinə-sevinə liftdən həyətə çıxdım. “Sahil” metrosu tərəfə getməli idim. Metrodan çıxıb hədiyyə dükanına girdim, baxdım, almadım, amma seçdim. “Aktyorlar evi”nin qarşısından keçdim. Çoxlu uşaqlar var idi. Deyəsən, içəridə yeni il şənliyi ilə bağlı tədbir olacaqdı. Gözlərinin içindən gülən, həyatı hiss edib içində yaşayan bir göz axtarırdım. Yolda gedə-gedə belə bir göz üçün boylandım. Bayram olsa da, hələ həqiqətinə qovuşub, keflə yaşayan sevincli göz görə bilmirdim. Gül mağazasına girib bir dostum üçün qırmızı gül seçdim, amma yenə almadım, mağazadan çıxdım. Bu gün nəsə olmuşdu mənə, nəsə görüb susmaq, içimə qovuşmaq istəyirdim. Deyəsən, bu bayram havası ruhuma toxunmuşdu. Rus Dram Teatrını keçər-keçməz əynində qara plaşı olan, mavi cins şalvarlı, qürurlu bir ana gördüm. Yanında yeddi-səkkiz yaşında bir oğlan uşağı var idi. Ana-bala ikisi də çox əziyyət çəkirdi. Həm də çox. Uşaq anasına nəsə demək istəyirdi. Ana uşağı heç cür anlaya bilmirdi. Doqquz ay bətnində bəsləyən, çətinliklə dünyaya övlad gətirən bir uzunsaçlı, qürurlu gözləri olan ana çox əziyyət çəkirdi. Ağacın altından baxanda olanları rahat görmək olurdu. Ana övladının qarşısında əyilib nə istədiyini, əziz gündə ürəyindən nəyi keçirdiyini soruşurdu. Körpə cavab verə bilmirdi. Ana ufuldayırdı. Qürurlu gözlər anbaan məsumlaşırdı! Demə, balaca oğlanın dili qüsurlu imiş. Kəkələyirdi, fikrini çatdırmaq üçün çox çətinlik çəkirdi. Ana doğma balasıni anlaya bilmədiyi üçün, dünyadan xəbərsiz balaca oğlan sehirli, şirin, ağ saqqalı olan Şaxta babanın gəldiyi bir zamanda istəklərini ifadə edə bilmədiyi üçün aciz idi! Bu mənzərə niyə Rus Dram Teatrının bir addımlığında baş verirdi? Oğlanın istəklərini, əziyyət çəkən ruhunu demirəm, elə bir ananın balasının dilini analya bilmədiyi üçün şəhərin mərkəz küçələrinin birində çəkdiyi əzablı monoloq Rus Dram Teatrının səhnəsi üçün əsl dram idi. Bir rejissorun səssiz-səssiz, göz yaşlarını həzin-həzin içinə axıdıb, tez-tez siqaret dumanında itib batan, acı bir çay içib, eynəyini çıxarıb ağrını içinə çəkəcək qədər, səhnə tərtibatını qurub tamaşaçıların ürəyinə yox, məhz canına, qanına, ruhunun incə, gizlin qatlarına toxunacaq qədər ağrılı bir tamaşa olacaqdı!

Ana körpəsinin əlindən tutub gözdən itdi. Mənzərə məni dəli etdi, amma getdi! Bəs mən nə edəcəm? Yenə Allah yadıma düşdü! Tanrı, sən hardasan? Bu sualları düşünməmək üçün şəhəri gəzib insan mənzərələrini seyr etmək istəyirdim. Məsum baxışlı kəkələyən oğlanın mənzərəsindən ayrılandan sonra Türkiyənin məşhur yazarı Yaşar Kemalın dilinin qüsurlu olması, on iki yaşa kimi danışa bilməməsi, bundan nə qədər əziyyət çəkməsi yadıma düşdü! Tanrının belə uğurlu hesabatları da olur...

Bir az gəzdim. Adamlar şam ağacı ilə, Şaxta baba, Qar qızla şəkil çəkdirirdilər. Əslində, nə Şaxta babada, nə də Qar qızda bayram havası var idi! Təəssüf! Ayaq saxladım. Şəkil çəkdirmək üçün növbədə olan insanların gözündə sevinci görmək istədim. Amma o sevincli gözlər mənim müasirləşən sevimli şəhərimin qədim küçələrinin tinində qaldı. Mənzərə mənə süni təsir etdi. Ağlımda hələ də bir-birini anlamaqda əziyyət çəkən ana və bala var idi. Üzüm tənəyə sarılan kimi, ana-bala bir-birinə sarılıb ağlımın bir küncündə dayanmışdılar. Şam ağacları, rəngli zərlərə qovuşduğu kimi, müxtəlif ölçülü oyuncaqlar ağaca bəzək verən kimi, o ana-balanı xəyal gücümlə bəzəməyə çalIşırdım. Nə olursa olsun, bu gün baş verənlərdən zövq almaq həvəsi ilə gül dükanına girib bir qırmızı gül aldım. Hədiyyə dükanında bir ağ mələk görmüşdüm, onu da alıb dostumu görməyə getdim: bayramlaşdıq, söhbətləşdik. Dostum iş otağında oturub biletlərə baxırdı. Birdən qapı açıldı: sarı saçlı, üzü gülər, dodaqları qəhvə rənginə boyanmış, saçları qara rezinlə yiğılmış, orta boylu, dolu bədənli, qara şalvar geyinən, rusdilli bir qadın otağa daxil oldu. “Yeni iliniz mübarək!”, - deyib, gözünü mənə zillədi! İlk dəfə gördüyüm qadının mənə belə diqqətlə baxması məni təəccübləndirdi!

- Aaaa! Bunu hardan tapmısınız?
- Anamın yaylığından!!!
- Niyə bunu taxmısınız, kim verib bunu sizə?

Mən aramsız sualların qarşısında acız qalmışdım, tanımadığm bir insan niyə mənə belə cəsarətlə, dayanmadan suallar verirdi. Qadın danışmağa başladı:

- Bu yaylığın yaşı çoxdur, otuz- qırx il olar. Bilirsiniz?
- Aha bilirəm? Hədiyyə verəndə demişdilər mənə.
- Qızım, sənə baxdım, anamı xatırladım! O bu yaylığı başına bağlayardı! Amma indi nə o, nə də o yaylıq var!!!

Əslində, bu yaylıq o yaylıq deyildi. Sadəcə, bu yaylıqdan sarı saçlı qadının anasında da olub. Qadın otağı tərk edə- edə, boynuma diqqətlə baxırdı, gözlərini balaca güllü yaylıqdan ayırmaq istəmirdi! O mənə baxdıqca, mən bu yaylığı mənə hədiyyə edən adamın bu yaylıqla bağlı söhbətlərini xatırladım! Əslində, mənə rəngli yaylıq hədiyyə edən qadın da mənim həyatımda yox idi!

Bu il hər şeyin yaxşı olacaqını düşünüb, uşaqlıq rəfiqəmin yanına getdim. Artıq hava qaralmışdı. Həmişə havanın qaralmasını tez istəyirəm, onda işığı görmək daha yaxşı olur. Qatarların ruhunun çoxdan öldürüldüyü, dəmiryolu vağzalının yaxınlığında yerləşən “28 MALL”ın dördüncü mərtəbəsində görüşdük. Sözün düzü, mən əsaslı səbəblərdən görüşə bir saat geçikmişdim. Bir balaca vicdanım məni incidirdi! Amma gecikəcəyim haqqında öncədən məlumat vermişdim. Hava soyuq idi. Həmin kafedə yaxşı, xırda bükülmüş, nanəli, sirkəli, ətirli, balaca çörəkləri yanında olan dadlı düşbərə verirdilər. Kafeyə çatan kimi, düşbərə sifariş verməyi ağlımdan keçirdim. Uşaqlıq rəfiqəmi görüb yaman sevindim. Uzun, qara, qalın saçlarını kəsdiridiyi üçün bir balaca təəssüfləndim! Əslində, təəssüflənmək üçün çox gec idi.

... Həmişəki kimi, öz havamda idim, düşbərənin dadını çıxarırdim. Birdən Ülkərin telefonuna zəng gəldi: qardaşı Rəşad idi. Bizdən bir neçə yaş böyük olan qardaşı biz oturduğumuz kafeyə gəlmək istədiyini dedi. Elə onunla da söhbət etmək istəyirdim. Lap elə yaxından gözlərini görmək, onun gözlərinin içində ötən illərə səyahət etmək istəyirdim. Qəfil zəngi lap yerinə düşdü. Uşaq vaxtından yadımda ruhu sakit, ağıllı, səbirli, içdən gülən, yavaş danışan, arıq, hündür, qarayanız, şirin bir oğlan kimi qalmışdı. Rəşad danışdıqca, mən ötən illəri səhifələyirdim. Onların evində toyuq bişirib, süfrə bəzəyib, yediyimiz vaxtı, Novxanıdakı ikimərtəbəli bağlarında oyandığımız loto oyunu, rəqəmlərin səslənməsi, oyunda udduğum pullar, səhər tezdən birlikdə nahar etdiyimiz günlər, dənizə gedib çimməyimiz, qumlu, isti sahillər, səhər Rəşadın bizi bağda qoyub işə gəlməsi məni öz ağuşuna almışdı. Ləzzətlə Ülkərlə, Rəşada baxıb, xoşbəxt, rəngli kəpənəklər kimi qanad çalıb uçmaq istəyirdim...

Artıq vaxtdır. Gedək. Ağ maşına oturub şəhərin mərkəzi küçələri ilə həvəslə gedirdik. Sağ tərəfimdə oturan Ülkər yavaş-yavaş qara klassik stildə olan çantasını açdı. Çantadan iki ətir çıxartdı. Ətirlərdən birinin adını, dördkünc qabını görən kimi dörd, beş il öncə bu ətirin çox məşhur olduğunu xatırladım. Uşaqlıq rəfiqəm ətirdən mənə də vurdu. Sol əlimi burnuma yaxınlaşdırdım. Ətrin qoxusunu yaxşıca içimə çəkdim. Qaranlıq şəhərdə şütüyən maşınlara baxa-baxa, bu gecənin belə gözəl ətirlə bitəcəyinə inana bilmirdim. Amma ötən illərin məşhur qoxularından olan bu ətir bizi məst etmişdi. Xoşbəxtlik körpüsündən qopmaq istəmirdim. Lap güclü küləkdə kloklar göydə uçan kimi ətirli gecədə uçmağım gəlirdi...

Ülkərin yenə də telefonla danışırdı. Mən Rəşadın arxa tərəfində oturmuşdum, maşının balaca, üzunsov güzgüsündən rahatca söhbətləşirdik. Arada maşının pəncərəsindən küçənin solundan, sağından düşən hündür, ağ işıqlara baxırdım. Ülkər dörd yolun ayrıcında düşdü: böyük bacısı Vəfa ilə görüşməli idi. Uşaqlıq dostum olan Rəşadın şirin-şirin, asta-asta bacılarına “bacı” deməsi mənə ikiqat zövq verirdi. Onun həzin səsi uşaqlıq illərimi rahatca xatırlamağıma şərait yaradırdı. Bu gecənin bitməyini istəmirdim. Hər gecə öz ayına qovuşan kimi, bu gecə də öz ayına qovuşub günəşin doğmağını səssizcə gözləyirdi. Rəşad maşını blokumuzun bir addımlığında saxladı. Bu gecə üçün ona təşəkkür elədim! Səni görmək xoş oldu Rəşad! Nostlaji hisslər keçirdim, o da maşının güzgüsündən mənə baxıb gözləri ilə səssizcə təşəkkür etdi! Yaylığımı düzəldib getdiyim qədər sevincli idim. Liftə girər-girməz qarşımda dayanıb mənə tamaşa edən güzgüyə baxırdım. Rəşad, Ülkər, Vəfa və mən! Ruhu sağlam bir oğlan səsi qulağımda peyda oldu: “Bacı...”


Müəllif: Nigar İsmayılqızı