4 Fevral 2015 13:47
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəb idi - balaca-balaca qızlar ya öz müəllimlərinə vurulardılar, ya yuxarı sinifdəki ən xuliqan oğlanlara, ya da praktikantlara. Bizdə elə deyildi. Bizim blokun qızları hamımız onu sevirdik, biz – balaca-balaca qızlar və o – tanınmış bəstəkar və müğənni, uzaq və əlçatmaz ulduz. O vaxt fan-klublar filanlar olmurdu, fanat anlayışı barədə ümumiyyətlə məlumatımız yox idi deyə onu guya sadəcə sevdiyimizi düşünürdük. Təxminən ilk məhəbbətə bənzər bir şey kimi…

***

On beş ilin sözüdü. Bir qəzetin mədəniyyət şöbəsinin müdiri mənəm, bir ölkənin mədəniyyət naziri o. İmzamı da yaxşı tanıyır, ailəmizi də. Onun hökumət evindəki dəbdəbəli kabinetindəyik. Müsahibə götürmürəm, nazirin bir işgüzar təklifidi müzakirə etdiyimiz, söz sözü çəkir, mövzu mövzunu. Mövzulardan real personalara keçirik. Bir az zarafat, bir az lətifə, bir az yumor. İki saat necə keçir heç xəbərimiz olmur. Sürücünü çağırmaq üçün köməkçisinə zəng edəndə biz jurnalistlərin dostu Seva xanım ona nəsə deyir. “Çıxıram,- deyir Polad müəllim,- ya sabah gəlsin rahat danışaq, ya da indi ayaqüstü desin sözünü”. İri kabinetin qapısına çatanda - “Bir dəqiqə ayaq saxlayaq,- deyir, - İslam Səfərlinin bacısı gəlib, nəsə deyir, bəlkə sizinçün də maraqlı olar, mətbuatda işıqlandırarsınız”. 70-i haqlayan bəstəboy xanım içəri girir, məni tanımır təbii, bütün fikri-zikri nazirdədi. Və həmin “məşhur nömrə” işə düşür. Nazirin qolundan tutub ağlamağa başlayır, gicəllənə-gicəllənə “Bir həftədi çörək ala bilmirəm,- deyir,- pulum yoxdu”, sonra bir “legenda” uydurur, İslam Səfərlinin hüquqları tapdanırmış sən demə. Polad Bülbüloğlu diqqətlə qulaq asır, amma problem Mədəniyyət Nazirliyinə aid olmadığından Anara zəng edib Yazıçılar İttifaqını bu işə cəlb edəcəyinə söz verir, əlini cibinə atmaq istəyəndə “Polad müəllim, görmürsüz xanım ayaq üstə əsir, - deyirəm, - heç mağazaya getməyə heyi də yoxdur, Seva xanım onu yedirtsin, səhər tapşırarsız, uşaqlar bazarlıq edib evinə apararlar. Sabah gəlin bura, xanım, mən də yazı hazırlayaram sizdən, probleminizi həll edərlər”,- deyib nazirə gizli işarə edirəm ki, arvada heç nə verməsin. Qadını ötürən kimi Polad müəllimə işin əslini danışıram. O da təəccübünü gizlətmir: “Bayaqdan deyirəm axı.. İslam Səfərli naxçıvanlı, bu qadınsa təmiz rusdilli bakılı kimi danışır, fikirləşdim – bəlkə ögəy bacısıdı..”

***

Yaşı 70-i haqlayan Fatma peşəkar fırıldaqçı idi, insanların etibarını qazanıb pullarını alırdı, dəfələrlə də yatıb çıxmışdı. Bir-iki il əvvəl bizim redaksiyaya dadanmışdı, toruna təbii ki, mən düşmüşdüm, hər kəsə inanan, heç nədən şübhələnməyən – məndən başqa kim ola bilərdi ki? O zaman özünü 37-də güllələnən bir musavatçının qızı kimi tanıtmışdı. Təşkil eləmişdim – hər gün gəlib redaksiyanın hesabına yemək yeyirdi, qonorar gününü də bizdən yaxşı bilirdi. Ta fırıldağın üstü açılana qədər.

***

Fatmayla ertəsi gün yenə nazirlikdə görüşdük. Mətbuat xidmətinin gənc bir işçisi vardı - İntiqam (hə, elə bugün də həmin idarədə çalışan İntiqam Hümbətov), onunla danışıb bir plan qurduq. Fatma gələndə İntiqam bizi tək qoyub otaqdan çıxdı. Mənə yenə köhnə nağılını – quru çörəkdən fiqurlar düzəldib satdığını danışdı qadın, amma özünü Aybəniz, İslam Səfərlinin bacısı Aybəniz kimi təqdim elədi. Danışdı, ağladı, şikayətləndi. “Fatma xala, qədimdən qalan əntiq qabların vardı, neylədin? Sata bildin?” soruşdum. Özünü itirdi. “Batmısan, -dedim,- indi güc nazirliyindən gəlib aparacaqlar səni. Amma bir yolun da var. Mən səni gizli qapıdan çıxardım, bir şərtlə ki, hər şeyi mənə danışasan”. Razılaşdıq, çox işlərini danışdı mənə Fatma.. Yazı çıxandan sonra təbii ki, tutuldu qadın. Mənsə ondan bir şey də soruşmuşdum – adamları necə seçir? Hər kəsə “qarmaq” atır ya necə? “Yox,- demişdi,- adamları gözündən tanıyıram. Gözlərindən bilirəm kim yaxşıdı, kim pis”.

***

Bugün onun şəninə çox sözlər deyiləcək. Kimi bəstələrindən, kimi ifasından, kimi diplomatlığından, məmurluğundan, vətəndaşlığından danışacaq. Mənsə eləcə gözlərindən yaxşı adam kimi tanınan Polad Bülbüloğludan danışdım. Onu çoxumuz elə belə tanıdıq - yaxşı adam kimi.
Yubileyiniz mübarək, yaxşı adam!

Afaq Vasifqızı

P.S. İslam Səfərlinin ruhu da keçsin günahımızdan. Zatən İslam Səfərli daim sevgiylə xatırladığımız isimlərdən biri.


Müəllif: Afaq Vasifqızı