7 Fevral 2015 11:42
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqil Lətifov

Hazırda gündəmi məşğul edən və cavabı aranan suallardan biri budur: Müsavatda nə baş verir? Bunun bir cavabı var: həmişəki proses. Yəni əslində, partiyada qeyri-adi heç nə yaşanmır. Lakin bir həqiqət var ki, getdikcə bu proses daha da qızışır. Hazırda partiyadaxili münaqişələrin kulminasiya nöqtəsində olduğunu söyləsək, bir o qədər də yanlışlığa yol vermərik.

Çox uzağa getməyək, 2003-cü ildə olan prosesləri yada salaq. Məhz həmin ilin oktyabr hadisələrindən sonra Müsavat daxilində başlanan parçalanmalar, istefalar, küskünlüklər üzərindən 12 ilə yaxın vaxt keçməsinə baxmayaraq, səngimək bilmir ki, bilmir. Əslində, bu, çox maraqlı və Müsavat funksionerlərinin papaqlarını qarşılarına qoyub düşünməsi gərəkən bir məsələdir. Bu illər ərzində partiya daxilində toqquşmaların qütblərində dayanan şəxslər dəyişilsə də, qarşılıqlı ittihamlar, demək olar ki, mahiyyətcə dəyişməyib. 12 il öncə də partiyanı tərk edənlərə və ya Müsavat rəhbərliyinin yürütdüyü siyasətə müxalif olanlara hakimiyyətə işləmək damğası vurulurdu, indi də.

Son olaraq Elçibəy hakimiyyəti dövründə ədliyyə nazirinin müavini olmuş Məmməd Zeynalovun istefası, partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli və başqanlığa keçmiş namizəd Qubad İbadoğluna xəbərdarlıq isə düyünü bir qədər də bərkidib.

Partiya rəhbərliyi Qubadçıları hakimiyyətə işləməkdə suçlayır ki, bu məsələnin dərinliyinə varanda başqa məqamlar gün işığına çıxır. Sual olunur ki, əgər Müsavatı tərk edən şəxslər hakimiyyətin adamları idisə, indiyədək onlarla niyə bir cəbhədə vuruşur, eyni siyasi əqidəni paylaşır, ortaq məqsədlər üçün mücadilə edirdiniz?..

Ümumiyyətlə, bizim müxalifətin dünyada analoqu olmayan özəl bir xüsusiyyəti var. Kimsə onlara sitayiş etmirsə, yəni müxalifətə müxalif mövqedə dayanıbsa, qafa yormadan o dəqiqə illərlə çiyin-çiyinə mübarizə apardıqları şəxsin siyasi mənsubiyyətini iqtidardan yana dəyişirlər. Kimsə müəyyən mərhələdən sonra ya aparılan siyasət, ya digər səbəbləri nəzərə alaraq özünü Müsavatda və ya müxalifətdə görmürsə, yaxud bu siyasəti tənqid edirsə, axı həmin şəxs nə üçün ləkələnməlidir? Bu, onun seçimidir və buna hörmətlə yanaşmaq lazımdır.

Müsavatdakı üsuli-idarəyə gəldikdə isə, bu, "kor-kor, gör-gördür". Və bu da bir faktdır ki, ölkədə demokratiyadan dəm vuran Müsavat rəhbərliyi adicə öz partiyasını belə, demokratik prinsiplərlə idarə edə bilmir, yaxud etmir. Bunu partiyanın nüfuzlu simaları da söyləyir. Məsələn, Vurğun Əyyub Müsavat rəhbərliyi tərəfindən yürüdülən siyasəti Stalin repressiyası dövrünə bənzədir. Bütün bunların qarşılığında Müsavat rəhbərliyinin "biz ölkədə demokratiya uğrunda mübarizə aparırıq" şüarı, sadəcə, gülüş və təəssüf doğurur.

Müsavat Partiyasının üzvü, professor Adil Qeybullanınsa Müsavatda baş verənlərlə bağlı bu fikirləri diqqətçəkicidir: "...Bir qrup şəxs partiya rəhbərliyini müəyyən yollarla zəbt edib, özləri kimi düşünməyənlərə, yad fikirdə və tənqidi mövqedə olanlara qarşı geniş şəkildə hücuma keçiblər, repressiya tədbirləri həyata keçirirlər... Guya biz hakimiyyətə işləyirik və s. Əslində, əlimizdə daha çox faktlar var və çox şeylər deyə bilərik. Amma buna ehtiyac görmürük..."

Deməli, digər şəxsləri hakimiyyətə işləməkdə suçlayanlar heç də mələk deyillər. Sadəcə onlar öz gözlərindəki tiri görmür, başqalarının gözündə çöp axtarırlar...

Başqa bir məqam isə əksər müxalifət partiyasının sosial bazasının yetərsizliyində, elektoratının zəifliyində hakimiyyəti qınamasıdır. Bu isə öz günahını başqasının üzərinə yıxmaqdan başqa bir şey deyil. Əslində, Müsavatın timsalında digər müxalifət partiyalarının nüfuzunun getdikcə aşağı düşməsi və heç bir cəhətdən hakim partiya ilə rəqabətə girə bilməyəcək səviyyəyə gəlməsində bu düşərgənin rəhbər şəxslərinin böyük əməyi var. Çünki onlar siyasi təşkilatlara ailə partiyaları kimi yanaşırlar. Yəni evin kişisi nə dedisə, bütün ailə üzvləri sorğusuz, sualsız ona itaət etməli və onlar üçün çəkilən cızıqdan kənara çıxmamalıdırlar. Əks halda qəzəbli "kral" ya onların boynunu vurar, ya da elə çirkin kampaniya aparar ki, Müsavatda olmağına, ümumiyyətlə, müsavatçılıq ideyalarını seçməyinə peşman olarsan...

Bu siyasətin nəticəsidir ki, nəinki partiyanın rayon təşkilatları, ümumiyyətlə, elektorat yox dərəcəsindədir. Maraqlıdır, əgər sosial baza yoxdursa, stol davası edən liderlər (əgər lider demək mümkünsə) kimə lazımdır? Əslində, bütün bunlar Müsavatın cismən olmasa da, ruhən bitməsinin göstəricisidir.

Görün, vəziyyət nə həddə çatıb ki, "hakimiyyət mübarizəsi" aparan partiya indi "like" davası edir. Üzvlərini "facebook"dakı "like"larına görə tənbehləyir, hətta xəbərdarlıq belə edirlər...

Bütün bu yaşananlar "Müsibəti-Müsavat"dan başqa bir şey deyil. Bir-bir partiyadan istefa verməklə, yaxud da tək-tək ləkələnib, Müsavatdan qovulmaqla bu xəmir hələ çox su aparacaq. Təklif edirəm ki, Müsavatın bütün üzvləri bir anda istefa versin və partiya rəhbərliyi yeni üzvlərin dilindən etiraz etməmək iltizamı aldıqdan sonra onları partiyaya qəbul etsin. Belə olan halda heç kim partiya rəhbərlərinə "gözünün üstə qaşın var" deməyəcək.


Müəllif: Aqil Lətifov