17 Fevral 2015 14:19
1 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Azərbaycan detektiv ədəbiyyatının yaradıcısı Cəmşid Əmirovun 97 yaşı tamam oldu. Yarım əsrdən çoxdur ki, detektiv mütaliə həvəskarları xüsusi maraqla onun əsərlərini oxuyurlar.

1918-ci il fevralın 10-da Naxçıvan şəhərində dünyaya gələn Cəmşid Əmirov orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdu. Yazmağa olan meyli hələ tələbəlik illərindən respublika qəzetlərilə sıx əməkdaşlığa həvəsləndirmişdi. Yazıçılıq sevgisi onu son kursda institutu tərk etməyə vadar etmiş, sonra da öz ixtisası ilə işləmək istəməyib. Həmin dövrün nəşrlərindən olan “Azərbaycan idmançısı” qəzetində məsul katib, “Gənc işçi” qəzetində şöbə müdiri işləyib.

Lakin müharibənin başlanması arzularının reallaşdırmasını xeyli ləngitmişdir. İkinci dünya müharibəsində gənc yazar ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexiya, Slovakiya, Avstriya və Çin ölkələrində olmuşdur. Ordudakı xidmətlərinə görə I dərəcəli “Vətən müharibəsi”, “Qırmızı Ulduz” ordenləri, “Döyüşdə fərqlənməyə görə”, “Köniqsberqin alınmasına görə”, “Berlinə görə”, “Almaniya üzərində qələbəyə görə”, “Yaponiya üzərində qələbəyə görə” medallarına layiq görülmüşdür.

Ədəbi yaradıcılığa qırxıncı illərdən oçerk, felyeton və hekayələrlə başlamışdır. Onun “Dəqiqələr, saniyələr...” adlı ilk oçerki 1946-cı ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilmişdir. İlk kitabı isə 1958-ci ildə çap olunmuşdur.

Müharibə sona çatandan sonra “Azərbaycan gəncləri” qəzetində şöbə müdiri, Moskvada çıxan “Sovet ticarəti” qəzetinin xüsusi müxbiri, Azneftnəşrdə baş redaktor, “Bakı” qəzetində şöbə müdiri işləmişdir. Əmək fəaliyyətinin son üç ilində Bakı Maliyyə-kredit texnikumunun direktoru olmuş, 54 yaşında fərdi təqaüdə çıxmışdır.

O, sadə yazıçı həyatı yaşamışdır. Əli Əmirov kimi tanınmış şəxsiyyətin qardaşı olmasına baxmayaraq, iddiasız bir həyat sürmüş, 1982-ci ildə - ömrünün altmış beşinci ilində vəfat etmişdir.

Cəmşid Əmirov elə də çox yazmamışdır. Sağlığında “Sahil əməliyyatı”, “Brilyant məsələsi”, “Qara Volqa”, “Şəhər yatarkən” adlı cəmi dörd kitabı çap olunmuşdur. Lakin bu əsərləri ilə, o, milli ədəbiyyatımızda dedektiv üslubun yaradıcısı haqqını qazanmışdır. Bu kitabların içərisində ən çox axtarılanı, oxumağa köhnəlməyəni “Qara Volqa”dır. Sovet dövründə iki dəfə yüz min tirajla çap edilən bu kitab çox keçmədi qadağan olundu, kitabxanalardan, evlərdən yığışdırıldı. Əldən-ələ gizlin ötürülüb, gizlin oxunuldu. Nəhayət, müstəqillik dövründən sonra “Qara Volqa” yenidən kütləvi şəkildə oxucuların ixtiyarına verildi.

Yazıçı 1966-cı ildə “Azərbaycanfilm”də çəkilmiş “İstintaq davam edir” adlı bədii filmin ssenarisini də yazmışdır. 1994-cü ildə onun əsəri əsasında daha bir film - “Qara Volqa” çəkilmişdir.

Cəmşid Əmirovun əsərləri 1993-cü ildən başlayaraq bir-neçə dəfə, xüsusilə “Qara Volqa” dəfələrlə müxtəlif özəl nəşriyyatlar tərəfindən təkrar nəşr edilmişdir. Xoşagəlməz hal odur ki, son iyirmi il ərzində onun çap olunan kitabları ilə bağlı dolğun, ətraflı mənbə tapmaq çox çətindir. Hətta Azərbaycan Milli Kitabxanasının saytındakı elektron kataloqda da yazıçının kitabları haqqında hər hansı dəyərli məlumat əldə etmək mümkün deyil.

Təəssüf ki, xatırlanmağa layiq bir çox yazıçılar kimi Cəmşid Əmirov da nədənsə unudulanlar sırasındadır. Əslində isə, o, ədəbiyyat dərsliklərinə (ən azından ədəbi xülasələrə) düşəsi şəxsiyyətdir. İnanıram ki, üç ildən sonra yüz yaşı tamam olacaq ilk dedektiv nasirimizin xatirəsi dövlətimiz və xalqımız tərəfindən layiqincə qiymətləndiriləcəkdir.


Müəllif: Rövşən Novruzoğlu