16 May 2014 10:29
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA-nın nüfuzuna görə ikinci böyük klub turniri olan Avropa Liqasının qalibi artıq məlumdur.

İtaliyanın Turin şəhərində keçirilən final oyununda İspaniyanın "Sevilya" və Portuqaliyanın "Benfika" klubları qarşılaşıblar.

Oyun haqqında qısa olaraq onu demək olar ki, hər iki komanda oyuna ehtiyatlı başlayıb. Tipik final oyunu kimi keçən ilk yarı daha çox kəşfiyyat həmlələri ilə yadda qalsa da, ikinci hissədə artıq maraqlı mübarizəyə şahidlik elədik.

Buna baxmayaraq tərəflərin cəhdləri heç bir nəticə vermədi. Əsas və əlavə vaxtda hesab açılmadığından qalib penalti seriyası ilə müəyyənləşdi. "Lotoreya"da isə daha şanslı və daha dəqiq olan tərəf, "Sevilya" qalib gəldi.

Bu oyunu maraqlı edən əsas məqamlardan biri də futbolsevərlərin dilində dolaşan "Quttman lənəti"nin bu dəfə də qırılmaması oldu. Ümumiyyətlə, futbol adamları arasında əlamətlərə inananlar kifayət qədərdi.
Bu "lənət" söhbətinin kökü bir xeyli uzağa gedib çıxır. 1961-1962-ci illərdə iki dəfə dalbadal "Benfika"ya Avropa kubokunu qazandıran yəhudi əsilli macar baş məşqçi Bela Quttman bundan sonra müqaviləsini uzatmaq üçün rəhbərliklə danışıqlara gedir.

Tərəflərin qiymət məsələsində anlaşa bilməməsi nəticəsində Quttman komandadan ayrılmağı qərara alır və son dəfə olaraq belə bir açıqlama verir: ""Benfika" bundan sonra 100 il boyunca Avropada kubok qazana bilməyəcək."

Aradan isə düz 52 il keçib. Maraqlısı budur ki, portuqaliyalılar o tarixdən bu vaxta qədər son final da daxil olmaqla, 8 dəfə Avrokuboklarda final oynayıblar və hamısında məğlub olublar.

Əlbəttə, müasir dövrdə əlamətlərə inanmaq, onları ciddi qəbul eləmək təəccüblə qarşılanası haldır. Ancaq nəzərə almaq lazımdır ki, bu cür söyləntilər komanda və oyunçular üzərində ciddi psixoloji təsir yaradır. Belə olan halda həm rəqiblə, həm də öz psixoloji gərginlikləri ilə mübarizə aparmaq komanda üçün o qədər də asan olmur.

Dəfələrlə bu cür halların şahidi olmuşuq. Bir komandanın digərinə qarşı uğursuzluğu zaman keçdikcə "dəyişməz durum" yaradır. Bunu yenmək üçünsə ilk növbədə daxili qorxuya qalib gəlmək lazımdır.
Görünür, final oyunu zamanı "Benfika"lı oyunçuların fikirləri hələ də Bale Quttmanın yanında imiş, əks təqdirdə ayağına kimi gəlmiş qisməti əldən qaçırmaq olmazdı.

Psixoloji gərginliyi, təzyiqləri, "Quttman lənəti"ni bir kənara qoyub prosesə başqa prizmadan da baxmaq olar. Fakt budur ki, bu mövsüm Avropa futbolunda İspan klublarının hegemonluğu var.
Avroliqa kuboku İspaniyaya gedəcək. Bu, dəqiqdir. Bundan qabaq da yarımfinalda iki ispan klubu "Valensiya" və "Sevilya" qarşılaşmışdılar.

Dəqiq olan başqa bir şey də var. Çempionlar Liqasının finalının nəticəsindən asılı olmayaraq bu kubok da İspaniyaya, daha dəqiqi Madridə gedəcək.

Deməli, belə qəbul eləmək olar ki, bu il "matadorlar"ın ilidir. Qitənin ən nüfuzlu klub turnirinin yarımfinal oyunlarında "Real" və "Atletiko"nun uyğun olaraq "Bavariya" və "Çelsi"ni sıradan çıxarmaları, üstəlik, əzici üstünlüklə mərhələ adlamaları yuxarıda yazdıqlarımızı bir daha təsdiq eləyən amildir.

Həm Avroliqada, həm də Çempionlar Liqasında Priney yarımadasının təmsilçilərinin at oynatması İspaniya futbolunun növbəti uğuru sayıla bilər.

"Sevilya"nın "Benfika"nı yenməsini isə məhz bununla əlaqələndirmək lazımdır. Çünki əndəlüslülər qonşularından daha yaxşı oynadılar və qazandılar.

"Quttman lənəti" isə sadəcə bir əlamətdir. Ciddiyə almamaq lazım.


Müəllif: Zaur Xudiyev