16 Mart 2015 12:50
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi kiminsə kimlərinsə gözünə kül üfürəcəyi zaman deyil.

Ölkədə gedən istənilən prosesi dəyərləndirmək rahatdır həm də ona görə ki, iştirakçılar bəllidir.
Sadəcə bir az siyasi fəhmə və iradəyə sahib olmaq lazım ki, hay-küyə aldanmayasan.

Azərbaycan müxalifəti çox uzun müddətdir ki, “yağmasaq da guruldayaq” prinsipi ilə çıxış edir.
Müxalifəti, AXCP-ni, Milli Şuradakıları tanıyan, izləyən və siyasi böhran keçirdiklərinə əmin olan bir icmalçı kimi hələ şənbə günü yazmışdım ki, bazar gününə təyin olunan aksiya iflasa uğrayacaq.


Səbəblərini də izah etmişdim:

1. Rüstəm İbrahimbəyovun məlum və məşhur avantürasından sonra Milli Şura bir qurum olaraq bütün cazibəsini, inandırıcılığına itirib.

2. Heç bir cəmiyyət problemlərdən xali deyil, ancaq Azərbaycan cəmiyyəti hər hansı problemin həlli üçün kor-koranə etirazı deyil, müzakirə və uzlaşma əsasında onların həllinə konkret yardım edə biləcək “çözüm aktyorları”na meyl edir. AXCP sədri Əli Kərimli isə uzun illərdir apardığı siyasət nəticəsində bir “çözüm aktyoru” yox, “böhran fürsətçisi” kimi çıxış edir.

3. Bu gün Azərbaycanda bir sərmayə mühiti və həmin mühitdə yüksək savada və təcrübəyə malik şəxslər mövcuddur. Fuad Qəhrəmanlı, Əbülfəz Qurbanlı, Nemət Əliyev kimi uğursuz,odioz və dərin biliklərə malik olmayan tipləri vitrinə çıxarmaq həmin insanlar tərəfindən ikrahla qarşılanır.

4. Mitinqin təşkil səbəbləri, çağırışları və verəcəyi mesajlar heç bir sağlam məntiqə sığmır. Tutalım, devolvasiyadan söhbət gedirsə, bu məsələnin müzakirəsində Marşal-Lerner qanununa istinad edən hər hansı bir şəxs Milli Şuranın mövqeyini asanlıqla darmadağın edə bilər.

5. İstənilən aksiya vətəndaşlarla üzbəüz təmaslar, yüksək təşkilatçılıq və bunun üçün yerli şöbələr tələb edir ki, Milli Şuranın köynəyində gizlənmiş AXCP-nin belə bir təsisatları yoxdur.

6. İstənilən devolvasiya ilkin günlərdə panika yaradır, amma zaman keçdikcə bu təşviş aradan qalxır. AXCP-nin aksiyası artıq təşvişin xeyli dərəcədə arxada qaldığı günə təsadüf edir. İnsanlar başa düşür ki, müxtəlifçağırışlar qarşısında spontan davranışlar onların mənafelərini nəinki qorumur, əksinə zəbə altına qoyur.

7. Ölkədə gedən bütün proseslər Prezident İlham Əliyevin nəzarəti altındadır və Prezidentin bütün situasiyalarda dövlətin və xalqın maraqlarından çıxış etdiyi çox bariz görünür. Odur ki, əks-həmlələr Azərbaycanın maraqlarına yox, kənar güclərin mənafelərinə xidmət kimi görünür və cəmiyyət bu məsələdə həmin qüvvələrə antipatiya sərgiləyir.

Dediyimiz birər-birər özünü təsdiqlədi.

Bazar günü Milli Şura, AXCP, Əli Kərimli, Cəmil Həsənli “Məhsul” stadionuna min adam belə yığa bilmədilər.

Hərçənd AXCP sədri Əli Kərimlinin mitinq çağırışını sosial şəbəkədə 3.196 adam bəyənmişdi. Amma mitinqdə 319 adam ola ya olmayaydı. Onun da yarısı MŞ-da və ondan kənardakı digər partiyaların nümayəndələri idi.

Natiq Ədilovun, Əbülfəz Qurbanlının saxta profilləri ilə aksiya təşkil etməyə qalxanda nəticə belə olur.
Zira, mənim diqqətimi çəkən bir nüans oldu o aksiyada.

Mitinqdə iki tək, bir cüt marginal adamın qarşısında çıxış edənlərdən- Əbülfəz Qurbanlı, Fuad Qəhrəmanlı, Əli Kərimli, Rövşən Əhmədli, Gözəl Bayramlı, Cəmil Həsənli- heç biri iqtisadçı və maliyyə-kredit sahəsi üzrə uzman deyil.

Həmin mitinqi kütləvi informasiya vasitələrindən izləyən normal vətəndaş, xarici müşahidəçi sual etməyə bilməz: Fuad Qəhrəmanlımı olacaq Əli Kərimlinin iqtisadi, maliyyə siyasətinin nazir postunda icraçısı, yoxsa Gözəl Bayramlıya, Əbülfəz Qurbanlıyamı tapşırılacaq Mərkəzi Bank?

Axı bir hakimiyyətə iddia edən bir siyasi qüvvənin işi sadəcə kor-koranə “mən etiraz edirəm” deyə qışqırmaq yox, cəmiyyətə vədlər vermək və həmin vədlərə cəmiyyəti konkret proqram və kadrlarla inandırmaqdır.

AXCP-nin mitinqdə bir iqtisadçıya tribuna verə bilməməsi onu isbatlayır ki, Əli Kərimlinin partiyasından artıq rasional mövqe, alternativ proqram gözləmək əbəsdir.

Ümumiyyətlə, aksiyanın vitrini onu təsdiq edir ki, Əli Kərimlinin yanında və arxasında ancaq marginallar qalıb.

AXCP-də Nemət Əliyev adından bir "iqtisadçı" var. Zatən ciddi mütəxəssis deyil, amma yenə də adının qabağına “iqtisadçı” yazılır.

Mitinqin tribunasında heç o da gözə dəymədi.
Görəsən ona niyə mikrafon verilmədi?
Bir neçə səbəb ola bilər:

1) Nemət Əliyev özü istəmədi. Bu halda onun dünən camaatı mitinqə çağırması əxlaqlı deyil.

2) Əli Kərimli ona söz verilməsini istəmədi. Başa düşdü ki, Nemət Əliyev danışsa, çoxlu "quş" buraxacaq və iqtisadçıları özünə güldürəcək.

3) Fuad Qəhrəmanlı, Gözəl Bayramlı və Əbülfəz Qurbanlı onun tribunaya çıxmasını qısqandılar və çıxış etməsinə imkan vermədilər. Bu halda demək Əli Kərimli partiyasına nəzarət edə bilmir və oradakı məhdud sayda adamlar bir-birini "yeyir".

4) Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi AXCP-dən kənar MŞ üzvləri bunu istəmədilər. Çünki onlar qarşıdan gələn seçkilərdə iqtidara yenidən öz xidmətlərini təklif etmək istəyirlər.
Bütün bunlardan sonra Cəmil Həsənlinin, Əli Kərimlinin çıxıb da aksiyanın “möhtəşəm”liyindən dəm vurması “ayrana turş deməmək” şakəridir.

Ancaq ataların sözügedən ağartı məhsulu ilə bağlı başqa deyimi də var: “Süd ağzımı yandırıb, ayranı üfürüb içirəm”.

Milli Şura ötən prezident seçkilərində Rüstəm İbrahimbəyov, Cəmil Həsənli və Əli Kərimlinin yalanları ilə müxalif ağızları elə yandırıb ki, artıq ayranı üfürməyə də lüzum qalmayıb…


Müəllif: Taleh Şahsuvarlı