20 May 2014 09:34
1 116

Söhbət bizim palazlardan getmir.. Ki bürünüb də ellə sürünə bilək. Necə ki bunu yüzillər boyu eləmişik. Eləməsək, atalar bu ifadəni nəsihət kimi söyləməzdilər ki. Bu “palace” başqa palasdır. Hərçənd tələffüz etibarilə elə bizim xalça-palaza bənzəyir, amma onlara bürünüb də sürünmək yox, lap yüksəklərdən uçmaq olar. Amma və lakin bu da hər kəsin bacardığı iş deyil. Gərək başın dolu olmasa belə, cibin dolu ola - dopdolu.

***

İnsanın bir ömür ən çox eşitdiyi söz hansıdır bilirsiniz? Elmi araşdırmalara görə, hər kəs ən çox öz adını eşidir. Ən müxtılif əzizləmə variantları olsa belə, hər birimizin ən çox eşitdiyimiz söz öz adımızdır. Bizə məhz bu cür - adımızla müraciət edirlər.

***

Kim deyir ki, roman yalnız sevgi macərasıdır? Deyil. Hər roman həm də təsvir olunan dövrün rəsmi, tarixin bəlli parçasının salnaməsidi. Romanı oxuyan kəs həm də o mühiti öyrənir, məkanın tarixi və coğrafiyası, mədəniyyəti ilə tanış olur. Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanında bir epizod var. İstanbuldan baş götürüb gedən Fəridə Anadoluya üz tutur. Uzaq kəndlərdən birində müəllim işləyir. Sinfə girdiyi anda tanış olur balaca qızlarla. Və dəhşətə gəlir. Sinifdəki qızların yarısının adı Ayşə, yarısının adı Zeynəb. Bunu niyə xatırladım? Ədliyyə Nazirliyi son 5 ildə Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adlarla bağlı rəsmi açıqlama yayıb. Məlumata görə oğlan uşaqlarına ən çox verilən ad Yusifdir. Bu ad 14173 nəfərə qoyulub. Yusifdən sonra Əli, Hüseyn, Məhəmməd və Murad adları gəlir. Ötən 5 ildə doğulan qızlardansa düz 14394 nəfərə Zəhra adı qoyulub. Fatimə və Zeynəblər bu sırada 2-ci və 3-cü yerdə gəlir. Baxın haa... Rəşad Nuri Güntəkinin romanında təsvir olunan uzaq Anadolu kəndindən bizi təxminən 100-120 illik bir zaman kəsiyi ayırır. Zehniyyətsə elə əvvəlkidir. Bir ara Gulyalar, Sevalar çoxluq təşkil etdiyi kimi indi də məhz dini adlar dəbdədir. Nəyə görə?

***

Ad seçimində bir maraqlı tendensiya da gözə dəyir. Şəhərdə açılan yeni və dəbdəbəli obyektlərın adlarını deyirəm - Zəfəran, Şabalıd, Buta, Heyva, Sumax, Zeytun, Xurma kimi adlar verilir özəl obyektlərə. Bu ideya kimindir bilmirəm, amma maraqlı, bəyəniləsi ideyadır. Aura, Amor, Eliza, Golden Ring, Hollivud, Legato, Siyaqut, Flaminqo kimi zatı bəlli olmayan adlardan min qat yaxşıdı. Flaminqo haa? Heç dəxli var? Yox bir, qaşqaldaq.

***

Lap bu yaxınlarda Şirvanın gözəl məkanı Şamaxıda tayı-bərabəri olmayan yeni hotel açılıb. Açılışdan reportajlara baxdım - gerçəkdən gözəl məkandı. Adı nə olsa yaxşıdı? Şamaxı palace. Şamaxını başa düşdük. “Palace” nə mənədi? Bu, ingilisin sözüdü ki, dilimizə tərcümədə “saray” anlamını verir. Bax bu yerdə gözəlim Gəncənin ad dərdini xatırlamamaq olmur. Min illərlə yaşı olan bu məkan tarixin ayrı-ayrı dönəmlərində Abbasabad, Yelizavetpol, Kirovabad adlanıb da yenidən öz adını qaytarmadımı? Demək, yad təsirlərə meyllilik elə bizim xislətimizdədi. Günahı başqasında axtarmağa nə hacət? İndi bu “palace”lar da məmləkətin bütün bölgələrində inşa edilincə görün nə qiyamət olacaq? Bir də axı hansı məntiqlə? Obyektlərə öz adını - saray, lap elə imarət, malikanə desək olmazmı? Türkün ana dilini niyə dəyişirik ki? Şamaxı şoru yenə əvvəlki şordu, Gədəbəy kartofu da həmindi ki həmin. “Palace” məsələsinin nə mənası var?


***

Ya övladlarımıza verdiyimiz adlar? O dini adları ki qoyuruz, ey mehriban əhli-məmləkət, bu işdə niyyətiniz bəlli. Amma adla deyil e, qardaşım, heç nə adla deyil. Əsas əməldi, əməl. Övladınıza doğru-düzgün tərbiyə verin, imkan daxilində yaxşı təhsil verin, səhhətinə diqqət yetirin, vəssalam. Qoçaq oğlunuzun adı ya Əli oldu ya Ömər, ya Hüseyn oldu, ya Osman, gözəl qızınıza ya Fatimə dediz ya Ayşə - vallahi-billahi fərq etməz.

***

“Palace”lar haqda isə düşünək bir az. Kasıb itinin adını Gümüş qoyan kimi biz də məkanımıza ingilisin adını verməklə avropalı ola bilməyəcəyik. Özümüzü, şüurumuzu düzəltməyimiz lazım..


Müəllif: Afaq Vasifqızı