26 May 2015 15:09
1 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, bu yazını bir neçə həftə öncə yazmalıydım.

Zira, Bakıda keçiriləcək Birinci Avropa Oyunları və daha sonra “Azadlıq” prospektində yerləşən 16 mərtəbəli binanın yanması ilə formalaşan gündəmin sıxlığında macalım olmadı.

Demək ki, qismət bu günə imiş və mən may ayının əvvəllərində İstanbula etdiyim bir səfərin təssürat və detallarını ayın başa çatmasına günlər qala bölüşməli imişəm.

Yox, “İstanbul” deyincə ağlımıza gələn Aya Sofyadan, Süleymaniyyədən, Fatih bölgəsinin turistik məkanlarından, Aksaray və Laləlinin topdan və parakəndə satış mərkəzlərindən, Qalata körpüsü altındakı boğaz keyfindən, Eminönü civarındakı balıq-əkmək ləzzətindən danışmayacam.
İstanbul eni-uzunu bilinməyən, əhalisinin sayı bəzilərinə görə 20 milyonu haqlamış, bəzilərinə görə adlamış nəhəng bir meqopolisdir.

Bütün meqopolislər kimi artıq İstanbulun da vahid bir mərkəzi yoxdur.
Ənənəvi təsəvvürlərə görə, İstanbulun göbəyi sayılan Taksim meydanı çoxdan bu böyük şəhərin yeganə mərkəzi deyil. Günü gündən böyüyən və Anadolu insanını sinəsinə çəkən İstanbul artıq bir çox mərkəzi var və o mərkəzlərdə məskunlaşan, ən müxtəlif fəaliyyətlərlə məşğul olanlar adamların çoxu Taksimin, Sultan Əhmədin üzünü, daha dəqiq desək, Sultan Mehmetin fəth etdiyi qədim Konstantinopol qalasının içərisini heç ildə bir dəfə də görmür.

İstanbulun yeni mərkəzlərindən biri də Qartal bölgəsidir.

Olduqca möhtəşəm coğrafi özəlliklərə sahibdir Qartal bölgəsi. İstanbulun Anadolu yaxasında, Mərmərə dənizinin sahilində, Qocaeli yarımadasının cənub-qərbində yerləşir. Necə deyərlər, mavi ilə yaşılı qovuşduran, İstanbulun ən yüksək nöqtəsi olan Aydos dağını bağrına basan, həmçinin öz mənzərəsəni Büyük Ada, Heybəli Ada kimi füsunkar guşələrlə daha doyumsuz edən tarixi bir səmtdir Qartal.
Sadəcə, tarixi bir bölgə deyil amma...

Eyni zamanda yenidən inşa edilən, müasirləşən, yaşıllaşan və qucağını iş dünyasına açan bir yatırım bölgəsidir.

Bölgənin yenidən layihələndirilməsi nəticəsində bir sıra sənaye obyektlərinin fərqli ünvanlara daşınması Qartal bələdiyyəsinə İstanbulun başqa heç bir yerli özünü idarə etmə orqanlarına nəsib olmayacaq qədər geniş torpaqlar verib.

Qartalın CXP-li bələdiyyə başqanı Altınok Öz bu fürsəti optimal dəyərləndirərək bölgənin İstanbulun Taklsimə alternativ mərkəzlərindən birinə çevrilməsi üçün çalışmağa başlayıb.

Bələdiyyə və iş adamlarının birgə müzakirələrinin nəticəsində haqqında söz açdığımız “Qartal bölgə Platformu” qurulub.

Platformanın qurucusu Türkiyənin ən zəngin və təcrübəli beş inşaat şirkətidir.

İstanbulda qonaq olduğumuz günlərdə bu şirkətlərin rəhbərləri ilə həm mətbuat konfransında, həm də qeyri-rəsmi ortamlarda görüşmək, söhbətləşmək, suallarımıza cavab almaq imkanımız oldu.

DAP Yapı Yön\tim Qurulu Başqanı Ziya Yılmaz, DKY İnşaat Yönətim Kurulu Başqanı Ali Dumankaya, EgeYapı Group Yönətim Qurulu Başqanı H.İnanç Kabadayı, Metsan Yönetim Kurulu Başkanı Cemalettin Satoğlu ve İş GYO Genəl Müdürü Turgay Tanes hər fürsətdə Azərbaycanın iş adamlarını və real müştərilərini həyata keçirdikləri layihələrdən faydalanmağa çağırdı.

Sualımıza cavab olaraq bildirildi ki, Azərbaycanın iş adamlarına və real alıcılara səslənməkdə məqsədləri öz yatırımlarına dəstək aramaq, yəni, gəlin “bizim sərmayəmizə sərmayə qatın” demək deyil.
Adı çəkilən şirkətlərin hər biri böyük büdcəyə sahibdirlər və başlanan layihəni sonlandırmaq üçün heç bir sıxıntıları yoxdur.

Üstəlik, İstanbulun, Türkiyənin daxilindən və Ərəb ölkələrindən bölgəyə böyük maraq da var.
Sadəcə, Qartal Platformasının qurucu şirkətləri və həmin şirkətlərin sahibləri İstanbulu daha yaxından və dərindən tanıyan şəxslər olaraq əminliklə söyləyirlər ki, Azərbaycandan real alıcılar bu bölgədə evdən tutmuş otelə, mağazadan başlamış nəhəng iş mərkəzlərinə qədər hər nə alsalar, bu, həm ilkin qiymətdə sərf edəcək, həm də aldıqları əmlakın dəyəri sürətlə bahalaşdığından doğru işə pul saymış olacaqlar.

İstər şəxsi ev, istərsə də biznes üçün daşınmaz əmlak alanların əsas sualı olan yol və nəqliyyatla bağlı da Qartal Platforması uğurlu seçim kimi görsənir. Çünki bölgəyə təyyarə də daxil olmaqla bütün növ nəqliyyat vasitələri ilə rahat gedib-gəlmək mümkündür. İctimai nəqliyyat dəqiq və sürətli çalışmaqla birgə, İstanbulun dəhşətli tıxacları bu bölgədə sadəcə olaraq yoxdur. Misal üçün Qartaldan Kadıköyə- “Fənərbaxça”nın məskəninə metro ilə cəmi 20-25 dəqiqəyə çatmaq mümkündür.

Fəqət, Qartalın gələcəyini parlaq edən ən mühüm amıl “Qızıl çəmbər”dir.

Bu layihə olduqca böyük hədəfləri özündə əks etdirir, Mərmərənin cənubunu, Egey dənizinin şimalını birləşdirir. Tikiləcək 3-cü hava limanını, 3-cü körpünü, Çanaqqala və İzmit Körfəz keçid körpülərini, Ankara Yüksək Sürətli Qatar xəttini bir-birinə bağlayan bu altun çəmbərin tam mərkəzində yer alan Qartal İstanbulun parlayan ulduzu sayılır.

Sizləri bu layihə ilə bağlı hazırlanmış təqdimat videosunu izlməyə dəvət edirəm:


Müəllif: Taleh Şahsuvarlı