24 May 2014 18:00
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu da futbol mövsümünün sonu. Çempionatın bitimindən sonra nəhayət, ölkə kuboku öz sahibinə çatdı.

Kimin kim olduğuna aydınlıq gətirəcək matçı həm də paytaxt futbolu ilə əyalət futbolunun şərti mübarizəsi kimi xarakterizə eləmək olardı. Hər iki tərəfdən təmsilçilər ən güclülər idi.

"Neftçi" ilə "Qəbələ"nin qarşılaşması Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu.
Finalın böyük ajiotajla müşayiət olunacağı qabaqcadan gözlənilirdi. Proqnozlar böyük ölçüdə özünü doğrultdu. Həmin gün sanki hər şey futbol üçün ayarlanmışdı. Gözəl sərin hava, ideala yaxın səviyyədə stadion, əsl futbol atmosferi və azarkeş dəstəyi.

Hər iki komandanın rəhbərliyi, eləcə də, oyunun keçirilməsinə məsul Peşəkar Futbol Liqasının rəhbərliyi qarşılaşmanın finala yaraşan bir ab-havada keçməsi üçün əllərindən gələni əsirgəməmişdilər.

Komandaların oyunqabağı hazırlıqlarından danışarkən "Qəbələ" klubunun gördüyü işləri xüsusi qeyd eləməliyik. Hələ oyundan bir xeyli müddət əvvəldən məhz final oyunu üçün kampaniya başladan, istər yerli, istərsə də ətraf bölgələrdəki futbolsevərlərin diqqətini cəlb eləməyə çalışan bölgə klubunun təmsilçiləri öz məqsədlərinə əsasən nail ola bilmişdilər.

Matçdan öncəki ""Qəbələ" PFL-dən 15 min bilet istəyib" söhbətinə çoxları inanmasa da, oyun zamanı stadionun demək olar ki, tən yarısını dolduran "qırmızı-qaralı" azarkeşlər bu söz-söhbətin nə qədər real olduğunun bariz sübutu idi. Oyun zamanı dayanmadan öz komandalarını dəstəkləyən azarkeşlər 120 dəqiqə boyunca susmadılar. Komandalarına tam dəstək vermək istəyən futbolsevərlər xoşniyyətli olsalar da, təşkilati baxımdan zəif nəzərə çarpırdılar.

Ancaq istənilən halda "Qəbələ" bununla həm də onu göstərmiş oldu ki, Lənkərandan sonra başqa bir bölgənin də daxili birincilikdə on minlərlə azarkeşlə təmsil olunmaq potensialı var. Yetər ki, komanda uğur qazana bilsin.

"Neftçi" isə azarkeş təbliğatı baxımından rəqibinə açıq-aşkar uduzurdu. Şərti olaraq iki yerə ayrılmış tribunaların qəbələlilərə aid hissə dolu və qırmızı-qara rəngdə idisə, "Neftçi"nin öhdəsinə düşən yerlərdə ara-sıra bir neçə yüz nəfərlik qruplar gözə dəyirdi ki, onlar da rəqib azarkeşlərinin sayının heç 30 faizi qədər deyildilər.

Təşkilatçılıq baxımından gecənin qəhrəmanı isə şübhəsiz ki, PFL idi. Matçdan öncə vizual şoularla və flaşmoblarla futbolsevərlərə maraqlı anlar yaşadan təşkilatçı qurumun rəhbərliyi oyundan sonra da xüsusi atəşfəşanlıq şəraitində əla mükafatlandırma mərasimi ilə gecəyə öz möhürlərini vuranlardan idilər.
Həm azarkeşlər, həm də media əhli üçün lotereya təşkil eləyən və bahalı hədiyyələrlə onları sevindirməyə çalışan qurumun bu hərəkəti də alqışa layiq addım idi.

Oyun haqqında isə qısaca olaraq onu demək olar ki, hər iki komanda matça ehtiyatlı başladı. İlk hissədə hesab açılmadı. İkinci hissədə bəzi oyunçularının fərdi cəhdləri hesabına nəsə eləməyə çalışan hər iki klub vaxt keçdikcə hücumların kəsərini də artırmağa başladılar.

"Neftçi"dən Samir Məsimovun fərdi keçidi hesabına vurduğu qol maraqlı və gözəl alındı.

"Qəbələ"dən isə Viktor Mendinin fəallığı öz nəticəsini verdi. Məhz onun ötürməsindən sonra rusiyalı Marat İzmayılov hesabı bərabərləşdirdi.

Qalan dəqiqələrdə hesab dəyişməyincə penalti seriyasına ehtiyac yarandı ki, bu fürsətdən daha yaxşı yararlanan "Neftçi" kuboku başı üzərinə qaldırdı.


Müəllif: Zaur Xudiyev