4 İyul 2015 15:17
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu millət hər şeydən pul qazanmağı bacarır, ən qabiliyyətli insanımıza da tərif əvəzi - “filankəs daşdan da pul çıxardır” ifadəsini əbəs yerə söyləmirik ki. Məqsəd pul çıxarmaqdı - daşdan da, bozbaşdan da, elə lap boş başdan da.

Deyir, indi də belə havayı pul çıxarmağın təzə yolunu icad eləyiblər. İcad başqa icaddı və həm də əcəb icaddı, vallah. İmanımı yandra bilmərəm - özüm görməmişəm, amma iman sahibi sayılan dostlardan biri söylədi, matım-qutum qurudu. Adam yeyib-içən bir şəhər adamıdı, əhli-elm bir ziyalı, amma ilin bir ayı həm də ibadət eləyir. Xub, Allah hər kəsin orucunu qəbul eləsin. Bu cəhətlərini niyə xatırladıram? Yəni inandığım biridi, yalan-palanla arası yox. Deyir, bu günlərdə Bakının tanınan restoranlarının birində masa sifariş ediblər ki, 7-8 nəfərlə iftar eləsinlər. Vaxt yetişəndə yığışıblar həmin yerə. Görüblər masa nə masa. Kulinariyada “soyuq qəlyənaltılar” qisminə aid olan nə təam varsa, masaya düzülüb. Nə xurma, nə su, sən tərəvəzlərdən, pendirlərdən, növbənöv salatlardan danış - eynən bir toy masası. Sifariş edən ofisiantı yanlayıb ki, bəs o qəlyənaltıları istəmirik, oruc tutan adamlarıq, bizə azca tərəvəz, şorba, dalınca da isti xorək gətir, kifayət edər. Deyir, cavan oğlan and-aman eləyib ki, bəs heç bir şeyi geri qaytara bilmərəm, müdiriyyətin göstərişi var, bizim xüsusi iftar menyumuza bu yeməklərin hər biri daxildi. Yeyirsiniz yeyin, nuşi-can, yemirsiniz, büküb verim qoltuğunuza, hara istəyirsiniz aparın. Amma qaytardı yoxdu. Yedi var, apardı var, qaytardı yoxdu. Bəli də. Bu da iftar süfrəsi. Daşdan pul çıxaranın Allahdan nə qorxusu? Adam olsa, bilər ki, ruzini verən də, alan da Allahdı, daşdan qaş-daş yaradan da, daşı baş daşına çevirən də. Bilmirlər axı. Elə bilirsiz bilirlər?

***

Eyni vəziyyətlə çayxanada özüm rastlaşdım. Qış parkındakı kafelərdən birindəyik. Və mən - bu məkanın daimi müştərilərindən biri kimi - bilirəm vəziyyət nə yerdədi. Qonşu masadakı müştərilər, görünür, bu məhəllənin adamı deyillər. Yaşlı xanımlar istinin cırhacırında adi çay sifariş etmək istəyirlər. Ofisiant israrla - “biz adi çay vermirik”,- deyir. “A bala, şəkərim var, - deyir qadınlardan biri, - mənə mürəbbə-filan olmaz. Qadağan eləyib həkimlər. İcazə versəydilər, alıb ləzzətlə içərdim. Deyirsən, yeyim ölüm?”. Xalaya kimdi məhəl qoyan? Ofisiant deyir yox ki, yox. Olmaz, vəssalam. Xalalar deyinə-deyinə, müdiriyyəti də, zəmanəni də, pensiyanı da söyə-söyə çayxanadan uzaqlaşırlar.

***

Antireklam özü də bir reklamdı deyə ramazanda kələk gəlib cibə girən obyektlərin adını yazmaq istəmirəm. Hər halda o hadisədən sonra həmin obyektdə masa rezerv edənlərin sayı konkret 7-8 nəfər azalıb. Əminəm ki, bir daha o həndəvərdə dolaşmazlar. Amma bir xəbərim də bu ki, sağolmuş Avropa oyunlarına görə bu yay dənizkənarı milli bulvardakı çayxanaların mürəbbə davası bitib qurtarıb. Orada artıq müştəri söz sahibidi. Nə istəyir, necə istəyir - alıb o cür də istemal eləyir.

***

“Müdiriyyət deyib, bizdə qayda belədir”. Hər bir müdir məntiqə və ağla sığmayan qərarlarını yalnız öz evində, öz ailəsində tətbiq etmək iqtidarındadı. Hələ o da qərara baxır. Lap mənasız qərarları heç sahibi olduğu evdə də qəbul edən olmayacaq. Bəlkə də bir müddət - uşaqlar balaca olunca - qəbul etdilər, inandılar, “atanın sözündən çıxmaq olmaz” prinsipinə sadiq qaldılar. Körpələrin ağlı kəsincə nə olar axtaracaqlar, nə olmaz. Hər bir hadisənin məntiqi izahını, ağıllı şərhini tələb edəcək doğma övladı. Onda ola müştəri. O müştəri ki, əslində siz - xidmət sektorunun işçiləri - hər biriniz məhz onun istəyindən və pul kisəsindən asılısınız. Bu halda xidmətinizin halal haqqını alın, adamların cibinə girməyin. Torba tikməyi haradan öyrənmisiniz? Ödənilən haqqın, verilən qiymətin preyskurantı olar, maya dəyəri, mənfəəti və gəliri olar, daha qiymətin torbası olmaz ki. Etməyin, Allahı sevərsiniz. Bədəli ağır gələcək.


Müəllif: Afaq Vasifqızı