6 İyul 2015 15:47

Tez-tez deyəndə ki, bu ölkədə hamı bir-birini çox yaxşı tanıyır, bəziləri inanmır. Azərbaycan cəmiyyətinin fəal hissəsi balaca kənd kimi şeydir. Bu başda it hürəndə səsi o biri başa gedib çıxır. Nəinki səs eşidilir, hətta itin nə üçün hürdüyü də kənd camaatına məlum olur. Deməyim odur ki, halal yaşamaq lazımdır, hamı bizi görür. Aydın məsələdir, təmiz yaşamaq çətindir, amma qoy alınmasın, heç olmasa, cəhd eləmək lazımdır.

Məsələn, bir neçə ay bundan qabaq mən təmiz yaşamağa cəhd elədim, ağır bir sınaqdan alnıaçıq, üzüağ çıxdım. Mənim yaxın bir dostum var. Yüksək dövlət vəzifədə işləyir. Çox yaxşı kişidir. Azərbaycanda sözü keçməyən adam yoxdur. Tez-tez mənə zəng eləyir, rahat bir yerdə oturub uzun-uzun danışırıq. Nə deyirəm, sakit-sakit dinləyir. Məmurdur, amma məmurluğunun heç kəsə ziyanı olmayan sadə bir insandır. Əllidən çox yaşı var, amma mən danışanda elə zövqlə qulaq asır ki, adama ləzzət eləyir. Hətta öz-özümə fikirləşirəm ki, dünyanı gəzib-görmüş, yerin altını da, üstünü də bilən bir kişi cavan bir oğlanın yazısından, sözündən nə zövq alır, bilmirəm.

Sözü nəyə gətirirəm, deyim. Deməli, başqa bir tanışım bir neçə ay bundan qabaq mənə zəng eləyib görüşmək istədiyini deyəndə bildim ki, xeyirli bir şey yoxdur. Belə də oldu. Bakı çayxanalarının birində oturub çay içəndən sonra sakit və oğrun səslə mənə dedi ki, bir məsələ var, o işi aşıra bilsən, sənə beş min manat pul verə bilərəm. Hətta pulu çıxarıb stolun üstünə qoyanda gözüm kəlləmə çıxdı.

İşin nədən ibarət olduğunu da dedi. Universitetlərin birində həmin tanışımın uzaq bir adamı bir neçə imtahandan kəsilib. Mən bu işi həmin yüksək vəzifəli dostumun əli ilə yoluna qoya bilsəm, vəssalam, beş min manat halalımdır.

Bir anlıq bütün problemlərim, ehtiyaclarım, borclarım gözümün qabağından gəlib keçdi. Beş min manatla mənim bütün yaralarım sağalırdı. Hələ problemlərimin həllinə görə yaxın dost-tanışıma ürəyim istəyən kimi qonaqlıq da verə bilərdim. Əslində, məsələni həll eləmək imkanım da vardı. Vəzifəli dostuma zəng eləyib xahiş eləyirəm, o da universitetin rektoruna zəng eləyir, deyir, mənim bir qohumum sizdə kəsilib, onun həll eləyin. Rektor dostumun sözünü göydə eşidəcəkdi. Vəssalam, bircə zəngə beş min manatı qatlaya bilərdim. Amma, eləmədim, çünki eləyə bilmədim. Çünki təmiz yaşamağa cəhd elədim və gördüm ki, alındı. Əla hissdir.

Fikirləşdim ki, bütün günü yazılar yazıram, ürəyim istəyən adamı tənqid eləməyə cəsarətim çatmasa da, gənc bir yazar kimi, ucundan-qulağından adamları haqq-ədalətə səsləyirəm. Deyirəm, rüşvət almayın, kiminsə tapşırığı ilə adamlara şər atmayın, belə əclaf-əclaf işlərlə məşğul olmayın. Bunları yazıb, o biri tərəfdən kimdənsə beş min manat pul alıb savadsız bir tələbənin qapısının cəmiyyətə açılması üçün kömək eləyim? Vallah, ayıbdır. O işə qol qoysaydım, indi güzgüdə özümə bu qədər rahatlıqla baxa bilməzdim.

Başa düşürəm, vəziyyət ağırdır, Səməd Vurğun demişkən, ehtiyac qəhrəmanı qul eləyir. Amma dözmək lazımdır. Təsəvvür eləyin, əyri yollarla qazandığın pulla evə çörək alırsan, uşağında o çörəyi yeyə-yeyə evin içində gəzir, oynayır və sən də övladına baxıb qürur hissi keçirirsən? Dünyada bundan əclaf hiss yoxdur. İçində bir qram vicdanın varsa heç vaxt belə işlərə əl qoymursan. Çünki əl qoysan, rahat ola bilməzsən. Amma Azərbaycanda alçaq yollarla qazandığı pulla uşağına ev tikən kim, maşın alan kim, qızına cehiz alan kim, bağ evi tikən kim... O qədər belə adamlar tanıyıram, amma üzlərinə baxıram, elə rahatdırlar, elə rahatdırlar, dünya veclərinə də deyil.

Bu dünyada təmiz yaşamağın o qədər asan yolları var ki... Məsələn, şəxsiyyət vəsiqəni girov qoyub nisyə ət, yağ, qənd-çay almaq. Məsələn, qonşu dükandan borca pul götürmək, sonra da o dükanın qabağından əyilə-əyilə keçmək. Məsələn, bir dostundan borc pul alıb o biri dostuna borcunu vermək, sonra başqa dostundan pul alıb bu biri dostuna qaytarmaq.

Bütün bunları cəmi beş dəqiqənin içində düşünəndən sonra tanışıma dedim:

– Beş min manatını da götür, dur burdan o söz...


Müəllif: Kəramət Böyükçöl
Загрузка...